Yaxın Şərqdə davam edən müharibənin qlobal iqtisadiyyat və enerji bazarlarına təsirinin artması fonunda Beynəlxalq Enerji Agentliyi, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupu birgə koordinasiya mexanizmi yaratmaq barədə razılığa gəliblər.
“Qafqazinfo”nun xəbərinə görə, qurumların yaydığı birgə bəyanatda qeyd olunur ki, regiondakı müharibə insanların həyatına və dolanışığına ciddi zərbə vurmaqla yanaşı, qlobal enerji bazarında tarixdə ən böyük təchizat çatışmazlıqlarından birinə səbəb olub.
Bu təsirlərin genişmiqyaslı və qeyri-bərabər olduğu, xüsusilə enerji idxalından asılı və aşağı gəlirli ölkələrə daha ağır təsir etdiyi vurğulanır.
Bildirilib ki, böhranın nəticələri artıq neft, qaz və gübrə qiymətlərinin artımında özünü göstərir və bu, ərzaq qiymətləri ilə bağlı narahatlıqları daha da artırır. Eyni zamanda, Körfəz regionunda nəqliyyat və uçuşların pozulması helium, fosfat və alüminium kimi əsas xammalın tədarükünə, eləcə də, turizm sektoruna mənfi təsir göstərib.
Qeyd olunur ki, yaranmış vəziyyət bazarlarda dəyişkənliyi artırıb, inkişaf etməkdə olan ölkələrin valyutalarını zəiflədib və inflyasiya gözləntilərini gücləndirib. Bu isə daha sərt pul siyasəti və iqtisadi artımın zəifləməsi riskini artırır.
Yeni yaradılan koordinasiya qrupu enerji qiymətləri, ticarət axınları, maliyyə bazarları və təchizat zəncirlərindəki dəyişiklikləri izləyərək, ölkələr üzrə təsirlərin miqyasını qiymətləndirəcək. Eyni zamanda, qrup hökumətlər üçün siyasət tövsiyələri hazırlayacaq, maliyyə ehtiyaclarını müəyyənləşdirəcək və zəruri hallarda dəstək mexanizmlərini əlaqələndirəcək.
Bəyanatda vurğulanır ki, bu təşəbbüs xüsusilə yüksək borc yükü və məhdud iqtisadi imkanları olan ölkələr üçün böyük əhəmiyyət daşıyır. Qurumlar həmçinin digər beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlıq edərək, qlobal iqtisadi və maliyyə sabitliyinin qorunması, enerji təhlükəsizliyinin gücləndirilməsi və zərər görmüş ölkələrin bərpasına dəstək göstərilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Son xəbərlər
Son Xəbərlər