Azərbaycan Universitetinin 31-ci məzun günü - Fotolar

azerbaycan-universitetinin-31-ci-mezun-gunu
Oxunma sayı: 1954

Azərbaycan Universitetinin 2024/2025-ci tədris ilinin məzunlarına həsr olunmuş 31-ci buraxılış məzun günü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar iştirak ediblər.

Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açılış nitqi ilə çıxış edib. Rektor qeyd edib ki, dünya sürətlə dəyişir, müasir çağırışlar və tələblər təhsil sistemini də dəyişir. Təhsil sahəsindəki müasir çağırışlara adekvat cavab verən Azərbaycan Universiteti tələbələrinə təkcə təhsil vermir, yalnız elmi biliklər ötürmür, onlara özgüvən, tənqidi düşüncə, dürüstlük və innovativlik aşılayır, müxtəlifliyə və yeniliyə açıq olmağı, yanlışı və doğrunu ayırd etməyi öyrədir: “Azərbaycan Universitetinin akademik heyətinə dərin minnətdarlığımı bildirirəm. Onlar bu illər ərzində sizə çox böyük müsbət keyfiyyətlər aşılayıblar. Bütün məzunları ürəkdən təbrik edirəm. Əminəm ki, burada qazandığınız biliklər həyatda layiqli yer tutmağınıza kömək edəcək. Hər birinizdən Azərbaycan Universitetinin məzunu olaraq istər ölkə daxilində, istərsə də ölkədən kənarda vətənimizi, qalib Azərbaycanımızı, qürurlu Azərbaycanımızı hər zaman yüksəklərə qaldırmağınızı istəyirəm”. 

S. Əliyeva çıxışında məzunlara daim öz üzərlərində işləməyi, məqsədə çatandan sonra yeni hədəflər müəyyənləşdirməyi tövsiyə edib, onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayıb.

Ardınca digər çıxışçılar təbriklərini və xoş arzularını çatdırıblar. Çıxışlarda əminliklə ifadə olunub ki, tələbəlik dövründə əldə etdikləri bilik və bacarıqlar, mənimsədikləri dəyərlər qədəm qoyduqları yeni, müstəqil və məsuliyyətli həyat yolunda məzunlara mühüm töhfələr verəcək.

Təbrik çıxışlarının ardından fakültələr üzrə birinci, ikinci və üçüncülüklə məzun olanlara, magistratura və MBA proqramının birincilərinə, universitet birincisinə, həmçinin universitet həyatında ictimai fəallığı ilə seçilən məzunlara Azərbaycan Universitetinin rektoru S.Əliyevanın fəxri fərmanları təqdim olunub.

Biznes və iqtisadiyyat fakültəsinin birincisi Marina Nasibova 97.7 ümumi orta müvəffəqiyyət göstəricisi ilə Azərbaycan Universitetindən birinciliklə məzun olub. Adını universitetin tarixinə yazdıran Marina Nasibova 2024/2025-ci tədris ili məzunları adından çıxış edərək ötən illərlə bağlı unudulmaz xatirələrini bölüşüb, universitet rəhbərliyinə, müəllimlərinə, ona hər zaman dəstək olan ailəsinə təşəkkür edib.

Ənənəvi “Papaqatma mərasimi”nin ardından “Alov” rəqs qrupunun solisti Eliana Pənahova “Sarı gəlin” rəqsini ifa edib. Azərbaycan Dövlət Televiziyasının solisti, beynəlxalq müsabiqələr laureatı, müğənni İlkin Fuad konsert proqramı ilə çıxış edib.