Azərbaycanda facebookun fiaskosu - Sui-qəsd

azerbaycanda-facebookun-fiaskosu-sui-qesd
Oxunma sayı: 735




Mən 2005-ci ildə bir neçə şərq ölkəsinə etdiyim səfərdən qayıdarkən səfər yoldaşlarımla birlikdə Astarada əyilib torpağı öpmüşdük. Bu hərəkət bizim darıxdığımızı göstərməklə bərabər, Azərbaycanın həmin ölkələrdən daha yaxşı olduğunu da sübut edirdi. Şərqdəki cansıxıcılıqdan, məhdudiyyətlərdən, köhnəlikdən yazmaq niyyətində deyiləm. Bu ölkələr nə qədər darıxdırıcı olsalar da, bu ölkələrin hər birində bizim vətənimizdən fərqli olaraq ənənələr mövcuddur. İstənilən geridə qalmış şərq ölkəsində cəmiyyətin və dövlətin bir ənənə, dəyər üzərində dayandığını görmək mümkündür. Məsələn, ərəblər min illərdir qoruduqları əbaları, qırğızlar kımısları, gürcülər çaxırları ilə həm də özlərini qoruyub saxlayıblar. Bizim öz içimizdə yaşayan ləzgilərin belə min illərdir qoruduqları dəyərləri vardır. Onlar dünyaya özlərini bellərindəki xəncərlər birlikdə qəbul elətdiriblər.

Özünün ölçü vahidi olan cəmiyyətlər nə qədər zəif pis olsalar da, onların sanbalı, ətrafında toplaşa bildikləri ideyalar, dözə biləcəkləri hədlər vardır. Bu bir qayda olaraq, sadaladığımız kimi əksər ölkələrə, hətta şərq ölkələrinə də xas xüsusiyyətdir. Azərbaycan isə dünyanı bütün ölkələrindən özünəməxsusluğu ilə seçilir. Bizim ölkəmizdə heç bir ənənə mövcud deyildir. Cəmiyyətin özünün doğduğu və buna min illərlə sadiq olduğu demək olar ki, heç bir dəyər, ənənə yoxdur. Biz asanlıqla deqradasiyaya uğramağı bacarırıq, hətta bu bizim xarakterimizə çevrilib.

Son illər dünya tarixinə İKT sahəsində tərəqqi kimi düşən, artıq bütün bəşəriyyətdə hakimi-mütləqə çevrilən sosial şəbəkələr Azərbaycanda da geniş populyarlıq qazanıb. Bayaq misal gətirdiyimiz şərq ölkələrində isə uzun illər mövcud olan diktaturaların bu sosial şəbəkələr tərəfindən dağıdıldığı heç kimdə şübhə doğurmur. Əsasən “Facebbok” və “Tvitter” sosial şəbəkələri vasitəsi ilə başlayan etiraz dalğaları az keçmədən meydanlarda davam elədi. Bu hadisələr bu gün də həmin ölkələrdə davam etməkdədir. Lakin əsas iş görülmüş sayılır. Demək olar ki, on illərdir dəmir iradə ilə idarə olunan Misir, Tunis, Liviya, Yəmən kimi ölkələrdə rejim xalq tərəfindən devrilib. Bu ölkələrdən növbətisi isə Suriyadır. Suriyada da Bəşər Əsədin atdan salınmasına sayılı günlər. Artıq Əsədin atı büdrəyib. O yıxılacaq...

Demək istəyirəm ki, sosial şəbəkələr geridə qalmış ərəb cəmiyyətlərini, Allahın bədəvilərini dəvədən aşağı salıb kompüterin arxasına keçirdərək ictimailəşdirə bilib. Azərbaycanda isə bu iş fiaskoya uğrayıb. Mən heç də o düşüncədə deyiləm ki, Azərbaycanda mütləq facebook vasitəsi ilə hakimiyyət dəyişikliyi baş verməliydi və bu olmadı. Söhbət cəmiyyətin sosial şəbəkələrə münasibətindən gedir. Axı nəyə görə təxminən ərəb ölkələrinə də eyni vaxtda daxil olan facebook onların həyatında ictimai hadisəyə çevirilə bilir, bizdə isə dərhal iflasa uğrayaraq təyinatı üzrə deyil, adi bir çat səviyyəsinə düşür. Ərəblərlə müqayisəni bir kənara da buraxa bilərik. Elə qonşu Türkiyədə artıq sosial şəbəkələr ən böyük informasiya mərkəzləri kimi qəbul edilməkdədir. Artıq bu ölkənin üzdə olan insanları, ictimaiyyət nümayəndələri öz fikir və düşüncələrini, mövqelərini, hətta mətbuat konfranslarını belə sosial şəbəkələr vasitəsi ilə həyata keçirirlər. Türkiyədə hər kəs facebookun başına təzə xəbər əldə etmək üçün toplaşır. Televiziyaların sosial şəbəkələrdəki statusların müzakirəsinə həsr olunan verilişləri var. Təsadüfü deyil ki, Türkiyə hökumətinin rəhbərləri, o cümlədən prezident Abdulla Gül tez-tez sosial şəbəkələrdə statuslar qoyaraq öz düşüncələrini cəmiyyətlə bölüşür. Yəni bu ölkədə də sosial şəbəkələr təyinatı üzrə istifadə olunur.

Bəs Azərbaycanda nə baş verir? Nəyə görə dünyanı tərpədən, hər kəsin doğru yöndən qəbul etdiyi facebook Azərbaycanda belə məişətə uğrayır? Bu gün ölkədə sosial şəbəkələrin istifadəçilərinin sayı rəsmi statistika ilə yüz minlərlə ölçülür. Bəzi adamların dostluğunda on mindən artıq insanlar birləşib. Yaxşı bəs yüz minlərlə insan burada nə iş görür? Əksər insanlar burada əyləncə, tanışlıqlar axtarırlar. Onlar günlərini saatlarla tanış olduqları insanlarla boş-boş danışıqlara sərf etməklə məşğuldurlar. Axşam toyda çəkdirdikləri şəkilləri səhər açılan kimi facebooka yükləyib şirin-şirin müzakirələr açırlar. Hətta biz aparıcı jurnalist, yazıçı, siyasətçi, müğənni, deputat kimi tanıdığımız bir çox insanları burada avaralanan görürük. Bu günə kimi Azərbaycanın hansı siyasətçisinin, müxalifət liderinin, nazirinin, səfirinin, bank müdirinin, müğənnisinin, futbolçusunun ölkədə baş vermiş hər-hansı hadisə ilə bağlı statusunu oxumuşuq?

Əvəzində gəlin sizə istənilən qədər siyasət və sənət adamlarımızın axmaq-axmaq lakkırtılarını göstərim. Bizim yəni bir nəfər belə millət vəkilimiz tapılmadı ki, facebooka girərək heç nə yox, parlamentdə apardıqları müzakirələrlə bağlı bir-iki kəlimə mövqeyini bölüşsün?

Bir dəfə tez-tez ölkəmizə təşrif buyuran dünya şöhrətli yazıçı Oljas Süleymenovdan müsahibə alandan sonra əlaqə vasitəsi üçün bir şey istədim. Ahıl yaşında olan bu yazıçı çıxardıb mənə elektron poçtunum adresini verdi. Sonra mən Oljasla təxminən yaşıd olan bir neçə görkəmli Azərbaycan yazıçısından müsahibə alarkən onlara elektron poçt adreslərinin olub-olmaması ilə bağlı sual verdim. Məsələn, az qala 20 ildir baş nazirin müavini işləyən xalq yazıçısı Elçininin cavabı belə oldu: “Elektron poçtum varımdır, ancaq uşaqlarım baxır, mən istifadə eləmirəm”. Digər yazıçıların isə ümumiyyətlə indinin özündə elektron poçt haqqında anlayışları belə yoxdur. Hətta cəmi 2-3 il əvvəl AzTV-nin sədr müavini olan xalq yazıçısı Mövlud Süleymanlı belə, mənim bu sualıma gözlərini döyərək cavab vermişdi. Onların hamısının adını yaza bilərəm. Ancaq nə fərqi var axı.

Bir neçə gün əvvəl Azərbaycanın Türkiyədə yaşayan aktrisası Məlahət Abbasova qətlə yetirilən görkəmli yazıçı Rafıq Tağı ilə bağlı facebookda status qoymuşdu. O, bu yolla öz fikirlərini və etirazını çatdırmışdı. Dərhal da mətbuatın reaksiyalarına səbəb oldu. Bəs bizdə az qala ölkənin yarısını tutan şou-biznes əhli nə vaxt ictimailəşəcək? Onlar sosial şəbəkələrdə nə vaxta qədər fotosessiyalarını paylaşacaqlar?

Çox təəssüf ki, Azərbaycan istifadəçilərinin facebookda apardığı ictimai-siyasi müzakirələr sayı bəlkə də yüz nəfərdən artıq olmayan, bizim hər birimizin tanıdığımız gənclər tərəfindən həyata keçirilir. Onlar da öz partiya maraqlarını burada təbliğ edərək ya bütün günü hakimiyyəti söyürlər, ya da müxalifəti. Hələlik ictimai-siyasi müzakirələrimiz bundan uzağa getmir.

Azərbaycanın ideyalar qəbiristanlığı olduğunu deyirlər. Biz bu qəbiristanlıqda bir neçə il əvvəl narıncı inqilab ideyalarını necə dəfn etmişiksə, indi də facebooku, tvitteri eləcə basdırırıq. Sonra da öldürdüyümüzün qatilini axtarırıq...

Elbrus Ərud