“Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq”

azerbaycanin-enerji-resurslarina-ehtiyac-hec-vaxt-olmadigi-qeder-boyuk-olacaq
Oxunma sayı: 1015

“Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz enerji təhlükəsizliyi məsələsinə toxunmalıyıq. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik:

“Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir.

Neft ixracına gəldikdə, ixracın bugünkü profili bizi və istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir.

Bizim aramızda tam anlaşma var və biz böyük həvəslə çalışırıq, çünki bu halda hər bir tərəf udur. Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır.

 Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.

Bərpaolunan enerjinin 2030-cu ilə qədər ümumi balansımızda ən azı 30 faiz olması planlarımızı nəzərə alaraq, hesab edirəm ki, həmin planlara dəyişiklik edilə bilər. Fikrimcə, biz hətta enerji balansımızda 30 və ya 40 faiz bərpaolunan enerjini nəzərdə tuta bilərik. Onda, əlbəttə ki, Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Biz bunun üzərində işləyirik. Bu baxımdan, biz düzgün yoldayıq”.