Azercell-in ən son yenilikləri “BakuTel-2012”də

azercell-in-en-son-yenilikleri-bakutel-2012de-
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, “Baku Expo” mərkəzində keçirilən sərgidə ayrıca stendlə təmsil olunan Azercell Telekom MMC Azərbaycanın telekommunikasiya bazarına gətirdiyi ən son yenilikləri təqdim edib.
Sərgi çərçivəsində təşkil olunan mətbuat konfransında Azercell-in prezidenti Kirill Qaburiç, “TeliaSonera Avrasiya"nın vitse-prezidenti və Qafqaz regionu üzrə rəhbəri Halim Ateş iştirak ediblər. Bildiriblər ki, bir müddət öncə 4G-nin Azərbaycanda kommersiya tətbiqinə başlayan və beləliklə Azərbaycanı MDB məkanında bu texnologiyanın tətbiq olunduğu ilk ölkəyə çevirməklə, həmişə olduğu kimi Azercell dünyada mövcud olan ən son yenilikləri və ən mükəmməl texnologiyanı Azərbaycana gətirməkdə birincidir.

Sərgidə Azercell Mobil TV xidmətini də nümayiş etdirib. Artıq təkmilləşdirilmiş sistem mobil telefonda yüksək keyfiyyətli televiziya proqramlarını izləmək imkanını verəcək.

Sərgidə təqdim olunan yeniliklərdən bir çoxu isə abunəçilərin gündəlik həyatını daha da asanlaşdırmağa yönəlik cihazlar və əlavələrdir. M2M texnologiyası və onun üzərində çalışacaq yükləmələr və cihazlar abunəçilərə özlərinin müəyyən tibbi göstəricilərini ölçüb mobil şəbəkə vasitəsilə avtomatik olaraq həkimə göndərmək, enerjinin sərf olunma miqdarını ölçüb verilənlərin bazasına göndərilməsini təmin etmə imkanı, quraşdırılmış xüsusi kameranın köməyilə hava kimi bir çox göstəriciləri avtomatik ölçüb birbaşa ekrana çıxartmaq imkanı verəcək.

Sərgini ziyarət edən Azercell abonentləri şirkətin pavilyonunda müxtəlif xidmətlərlə yanaşı, həm də bazara yeni çıxan smartfon, planşet modelləri ilə tanış olmaq, onların xüsusiyyətlərini birbaşa sınamaq imkanından yararlanacaqlar. Tədbir iştirakçıları Azercellin stendində təqdim olunan xidmətlərə həsr olunan video çarxı izləməklə də əlavə məlumat ala biləcəklər. Azercell abonentləri həmişə olduğu kimi pavilyonda keçirilən müxtəlif viktorinalar, oyunlarda iştirak etməklə dəyərli hədiyyələr qazanacaqlar.

Nigar Məmmədli