Bakı Avrasiya Universitetinin (BAAU) rektoru dosent Səyavuş Qasımovun da qatıldığı Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu Almatı şəhərində öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, forumun rəsmi açılış hissəsindən əvvəl Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan elm və ali təhsil naziri Sayasat Nurbek arasında universitet rəhbərlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib.
Görüşlərdə ali təhsil sahəsində dövlətlərarası əməkdaşlığın inkişafı, o cümlədən akademik mobillik, birgə təhsil proqramları, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı cari məsələləri müzakirə olunub.
Forumun rəsmi açılış mərasimindən sonra akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsi məqsədi daşıyan anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib. BAAU ilə Akademik E.A. Buketov adına Qaraganda Milli Tədqiqat Universiteti, Şokan Ualikhanov adına Kökşetau Universiteti, Almatı Menecment Universiteti və Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti arasında anlaşma memorandumları imzalanıb.
Sənədlər tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini, tədris və elmi fəaliyyətlərin inkişaf etdirilməsini, eləcə də beynəlxalq akademik tərəfdaşlıqların gücləndirilməsini nəzərdə tutur.
Memorandum çərçivəsində tərəflər birgə elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, professor-müəllim heyəti, tələbə və inzibati personalın mübadiləsinin təşviqi, həmçinin tədris və tədqiqat fəaliyyətləri üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda, akademik heyətin müxtəlif tədris və elmi tədbirlərdə iştirakı, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə tələbələrin təhsil və tədqiqat imkanlarından səmərəli istifadə etməsi üçün şərait yaradılacaq.
Sənədlərdə həmçinin birgə elmi konfransların, simpoziumların, qısamüddətli kursların və digər akademik tədbirlərin təşkili, innovativ tədris və idarəetmə təcrübələrinin mübadiləsi, eləcə də davamlı inkişaf və ətraf mühitin idarə olunması sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi kimi əsas istiqamətlər öz əksini tapıb.
İmzalanmış memorandumlar BAAU-nun beynəlxalq əməkdaşlıq strategiyasının ardıcıl həyata keçirilməsini, universitetin qlobal təhsil məkanında mövqeyinin möhkəmləndirilməsini, akademik əlaqələrin genişləndirilməsini və ali təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edən mühüm addımdır.




Son xəbərlər
Son Xəbərlər