Sentyabrın 5-də Bakı ilk dəfə dünyanın ən nüfuzlu triatlon yarış seriyalarından biri olan IRONMAN 70.3-ə ev sahibliyi edəcək.
“Qafqazinfo” xəbər verir ki, yarışda 62 ölkədən təxminən 1500 idmançının iştirakı gözlənilir.
Azərbaycan Triatlon Federasiyasının Prezidenti Fərid Fərhadzadə bildirib ki, IRONMAN yarışının Azərbaycanda keçirilməsi uzun müddətdir qarşıya qoyulan mühüm hədəflərdən biri idi: “Ölkəmizdə bu səviyyəli beynəlxalq yarışın təşkil olunması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün həmin təşəbbüsün reallığa çevrilməsi bizi xüsusilə sevindirir.
Hazırda ALUFAR IRONMAN 70.3 BAKU yarışına genişmiqyaslı hazırlıq işləri davam edir. Yarışın təşkilinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, eləcə də aidiyyəti dövlət və şəhər qurumları, tibbi, texniki və digər ixtisaslaşmış xidmətlər cəlb olunub.
Bu səviyyəli beynəlxalq yarışın keçirilməsi yüksək koordinasiya və peşəkar təşkilatçılıq tələb edir. Hazırda bütün aidiyyəti qurumlar və komandalar yarışın yüksək beynəlxalq standartlara uyğun keçirilməsi üçün birgə fəaliyyət göstərirlər”.
Fərid Fərhadzadə qeyd edib ki, sentyabrın 5-də idmançılar Xəzər dənizində 1,9 kilometr üzgüçülük, 90,1 kilometr velosiped yürüşü və Bakı bulvarı boyunca 21,1 kilometr qaçış mərhələsində mübarizə aparacaqlar: “Yarış marşrutu iştirakçılara Bakının Xəzər sahilini, müasir memarlığını və şəhərin bir sıra simvolik məkanlarını görmək imkanı yaradacaq.
Məqsədimiz IRONMAN-ın təkcə idman yarışı deyil, bütün Bakı üçün böyük idman bayramına çevrilməsidir. IRONMAN həftəsi çərçivəsində sentyabrın 4-də IRONKIDS və Fun Run yarışları da keçiriləcək. Bu tədbirlər müxtəlif yaş qruplarından olan iştirakçılara böyük idman tədbirinin bir hissəsi olmaq imkanı verəcək.
Xüsusilə əlamətdardır ki, IRONMAN Bakının ilk dəfə rəsmi olaraq 2026-cı ilin Dünya İdman Paytaxtı statusunu daşıdığı ildə keçirilir. Belə mötəbər beynəlxalq yarışın təşkili Bakının iri miqyaslı beynəlxalq idman tədbirlərinə ev sahibliyi edən mühüm şəhərlərdən biri kimi artan rolunun növbəti göstəricisidir”.







Son xəbərlər
Son Xəbərlər