Bakıda “Mustang” niyə “ştrafnoy”a salınıb?

bakida-mustang-niye-strafnoya-salinib
Oxunma sayı: 4632

Bakı sakini, həkim-radioloq Şəbnəm Topbaştekin maşınının qeyri-müəyyən səbəbdən yol polisi tərəfindən cərimə meydançasına aparıldığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən sürücü bildirib ki, hadisə martın 26-da paytaxtın Yasamal rayonunda baş verib.

O, DYP əməkdaşının heç bir səbəb olmadan avtomobilini saxladığını və onu sorğu-sual etdiyini düşünür: “Həmin gün saat 08 radələrində özümə məxsus olan 77-GS-448 dövlət qeydiyyat nişanlı “Ford Mustang” markalı maşınımı Qurban Xəlilov 4A küçəsində park edirdim. Bu zaman 90-YP-280 nömrəli yol polisi avtomobili yaxınlaşdı və məndən sənədlərimi təqdim etməyimi tələb etdi. Sənədlərimin qaydasında olduğunu gördükdən sonra maşının arxasına keçib avtomobilin altını telefonla videoya çəkdi. Sonra “qluşitel”də əlavə nəsə olmasını iddia edərək maşını aparacağını bildirdi və sənədlərimi mənə geri qaytarmadı. Bu zaman iş yerimə daxil oldum və təxminən 1 saat sonra binadan çıxanda avtomobilimin dayanacaqdan aparıldığını gördüm”.

Ş.Topbaştekinin sözlərinə görə, avtomobildə əlavə avadanlıq olmayıb. O, hadisə ilə bağlı DİN-ə müraciət etdiyini əlavə edib: “Həmçinin elektron formada ərizə yazmışam. Xahiş edirəm, məsələ araşdırılsın və günlərdir avtomobilimin niyə aparılması aydınlaşdırılsın. Bu gün, yəni martın 29-da mənə SMS gəlib ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddələrinə əsasən inzibati protokol tərtib edilib və 150 manat cərimə edilmişəm. Sistemdə isə cərimə barədə məlumat çıxmır. Həmçinin bu protokol yazılarkən mənim və ekspertin iştirakı vacibdir. DYP əməkdaşı ekspertsiz belə bir qərar çıxara bilməz”. 

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli saytımıza bildirib ki, sürücü Ş.Topbaştekin manevretmə qaydalarını pozduğu üçün DYP əməkdaşı tərəfindən saxlanılıb: “Bu zaman müvafiq sənədlər yoxlanılıb, eləcə də avtomobilə baxış keçirilərkən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edilməsi aşkar olunub. Bununla bağlı olaraq nəqliyyat vasitəsi qanunvericiliyə uyğun olaraq mühafizə ilə təmin edilmiş duracağa yerləşdirilib”.