Bakıda univermaq niyə çökdü? - Hadisə yerindən fotolar

bakida-univermaq-niye-cokdu
Oxunma sayı: 17341

Bu gün günorta saatlarında Bakıda köhnə univermaq çöküb. “Qafqazinfo”nun əməkdaşları hadisə yerinə baş çəkib. Əmircan qəsəbəsində yerləşən univermaq binası hazırda demək olar ki, istifadəsiz vəziyyətdədir. Binanın birinci mərtəbəsində meyvə-tərəvəz dükanı və ədəd texniki avadanlıqlar satılan mağaza var. Həyətdə isə polis əməkdaşları post qurub. Baş verə biləcək hər hansı xoşagəlməz hadisədən qorunmaq üçün insanlara binanın yanından keçməyə icazə verilmir. Bunun üçün binanın ətrafına məhdudiyyət lenti çəkilib.

Uzun zamandır istifadə olunmayan keçmiş univermağın dam hissəsinin təxminən 10 metr uzunluğunda olan hissəsi çöküb. Şifer və taxta materialları binanın birinci mərtəbəsinə tökülüb. Xoşbəxtlikdən binanın bu hissəsində mağaza olmasa da, orada təmir işləri aparan iki nəfər xəsarət alıb.

Çöküntülər altında qalanlar 1978-ci il təvəllüdlü Elşad Abdullayev və 1982-ci il təvəllüdlü Bəhruz Məmmədov Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onların yüngül xəsarət aldığı bildirilir, heç birinin həyati təhlükəsi yoxdur.

Binanın birinci mərtəbəsində yerləşən elektrik avadanlıqları mağazasının sahibi bildirib ki, onlara bina ilə bağlı heç bir xəbərdarlıq edilməyib: “Bu, köhnə, xaraba binadır. Biz binada təmir aparıldığını da bilmirdik. Məncə, təmir olunmurdu. O adamlar kim idi, orda nə edirdilər, bilmirik. Bizə də binanın sökülməsi və ya təhlükəli olması ilə bağlı heç nə deyilməyib. Bilirik ki, bina özəl tikilidir, dövlətin balansında deyil. Biz icarə haqqını tanıdığımız bir adama veririk, amma o binanın sahibi deyil. Əsl yiyəsi bilmirik kimdir. Bundan sonra da necə olacaq, onu da bilmirik”.

Meyvə tərəvəz dükanı da hələ ki, fəaliyyətini davam etdirir. Ətrafda yaşayan sakinlər də binanın köhnə olduğunu, buna görə də uçmasının normal olduğunu bildiriblər. 

Murad Əhməd
Foto: Nuram Məmmədov