“Barselona” ona görə 210 milyondan keçə bilər

barselona-ona-gore-210-milyondan-kece-biler
Oxunma sayı: 551

“Barselona” “Mançester Siti”nin və İspaniya milli komandasının yarımmüdafiəçisi Rodrini transfer etmək fikrindən daşınmır.

“Qafqazinfo” xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun verdiyi məlumata görə, kataloniyalılar İngiltərə klubuna üçüncü rəsmi təklifi təqdim etməyə hazırlaşırlar.

Bundan əvvəl “şəhərlilər” katalonların müvafiq olaraq 50 və 60 milyon avroluq ilk iki təklifini rədd etmişdi. Mənbənin bildirdiyinə görə, “Mançester Siti” ulduz yarımmüdafiəçisi üçün ən azı 80 milyon avro tələb edir və klublar arasında birbaşa danışıqlar davam edəcək.

İspaniyanın “AS” nəşri isə yazır ki, sözügedən transfer “Barselona”ya astronomik 210 milyon avrodan çox başa gələ bilər.

Nəşr yazır ki, kataloniyalılar 30 yaşlı futbolçuya illik xalis 15 milyon avro maaşla 4 illik müqavilə təklif ediblər. Vergilər də daxil olmaqla, Rodrinin məvacibi kluba mövsümdə 34 milyon avroya (4 il üçün 136 milyon avro) başa gələcək. Buna gözlənilən 80 milyon avroluq transfer məbləğini və agentlərə ödəniləcək komissiya haqqını əlavə etdikdə, ümumi xərc yuxarıda qeyd olunan 210 milyon avroya çatır.

Əlavə edək ki, İngiltərə Premyer Liqasının 2025/2026 mövsümündə Rodri 21 oyunda meydana çıxıb və 1 qol vurub. Çempionlar Liqasında isə o, 5 matçda iştirak etsə də, məhsuldar göstəricilərlə yadda qalmayıb.