Baş Prokurorluq və Səudiyyə Ərəbistanı dövlət qurumu arasında memorandum imzalandı - Fotolar

bas-prokurorluq-ve-seudiyye-erebistani-dovlet-qurumu-arasinda-memorandum-imzalandi
Oxunma sayı: 1245

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun Prezidenti Mazin bin İbrahim Əl-Kahmusun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, səfərin ilk günü qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq nümayəndə heyətinin üzvlərində xoş təəssürat yaradıb, həmçinin Mərkəzdə yerləşən muzey və eksponatlar barədə onlara ətraflı məlumat verilib.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Görüş zamanı dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və İki Müqəddəs Ocağın Xadimi, kral Salman bin Əbdüləziz Al Səud, həmçinin Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun birgə səyləri və siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, dərin tarixə və mədəni köklərə söykənən ikitərəfli münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.

Kamran Əliyev 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə göstərmiş olduqları dəstəyə görə Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyi və xalqına minnətdarlığını bildirib, bu ilin sentyabr ayında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suveren ərazi bütövlüyünün tam şəkildə bərpa edildiyini vurğulayıb.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Mazin bin İbrahim Əl-Kahmus rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.

Daha sonra qurumlarımız arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun Prezidenti Mazin bin İbrahim Əl-Kahmusun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.