“BBG Energy” və “ELTRA Ukraine” dəmir yolu avadanlıqlarının istehsalı, təmiri və modernizasiyası sahəsində strateji əməkdaşlığın genişləndirilməsini davam etdirir və fəaliyyətini xüsusilə Azərbaycan və Gürcüstan bazarlarına yönəldir.
“Qafqazinfo” xəbər verir ki, tərəfdaşlıq çərçivəsində lokomotivlərin dartı elektrik mühərriklərinin, köməkçi elektrik maşınlarının və əsas qovşaqlarının əsaslı təmiri Ukraynada yerləşən “Smila Elektromexaniki Zavodu”nun istehsal bazasında həyata keçirilir. Zavodun operatoru “ELTRA Ukraine” şirkətidir və müəssisə diaqnostika, defektasiya, bərpa, modernizasiya və stend sınaqları daxil olmaqla tam istehsal dövrünü təmin edir.
“BBG Energy” Cənubi Qafqaz regionunda regional tərəfdaş və layihə koordinatoru kimi çıxış edərək Azərbaycan və Gürcüstandakı sifarişçilərlə texniki və kommersiya əlaqələndirməsini həyata keçirir. Əməkdaşlıq lokomotiv parkının istismar müddətinin uzadılmasına, dartı elektrik sistemlərinin modernizasiyasına, istismar və təmir xərclərinin optimallaşdırılmasına və ehtiyat hissələrinin stabil təminatına yönəlib. Regionda tranzit daşımalarının artması və Orta Dəhlizin inkişafı fonunda bu bazarlar tərəfdaşlar üçün strateji əhəmiyyət kəsb edir.
Mövcud geosiyasi vəziyyət nəzərə alınaraq tərəfdaşlar tərəfindən təchizat zəncirinin davamlılığını təmin edən şaxələndirilmiş logistika modeli formalaşdırılıb. Avadanlıqların və ehtiyat hissələrinin daşınması alternativ beynəlxalq marşrutlar, o cümlədən Avropa və Qara dəniz regionu üzərindən təhlükəsiz tranzit kanalları vasitəsilə həyata keçirilir. Sığorta, gömrük rəsmiləşdirilməsi və tranzit prosedurları müqavilə mərhələsində əvvəlcədən strukturlaşdırılır. Bu yanaşma layihələrin vaxtında və öhdəliklərə uyğun icrasını təmin edir.
“BBG Energy” İdarə Heyətinin sədri Mehrəli Qasımov bildirib ki, şirkət Azərbaycanda dəmir yolu sektorunda uzunmüddətli və institusional əməkdaşlığın qurulmasında maraqlıdır. Onun sözlərinə görə, bu istiqamətdə “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Metropoliteni ilə əməkdaşlıq imkanları üzrə görüşlər keçirilib, istehsalat gücü, texniki imkanlar və ehtiyat hissələrinin nomenklaturası barədə ətraflı təqdimatlar edilib. Hazırda müzakirələr davam edir və əməkdaşlığın praktiki mərhələyə keçidi üzrə işlər aparılır.
Eyni zamanda, “ELTRA Ukraine” şirkətinin direktoru Vyaçeslav Puhaç qeyd edib ki, şirkət Azərbaycan, Gürcüstan və ümumilikdə Qafqaz regionu ilə əməkdaşlığın inkişafında yüksək maraq göstərir. O vurğulayıb ki, Azərbaycan “ELTRA Ukraine” üçün strateji və uzunmüddətli tərəfdaş kimi qiymətləndirilir və gələcək illərdə ölkədə lokomotivlərin və elektrovozların təmiri üzrə ixtisaslaşmış istehsalat və servis bazasının yaradılması perspektivi nəzərdən keçirilir.
Vyaçeslav Puhaç, həmçinin bildirib ki, Azərbaycan və Ukrayna arasında formalaşmış xalqlar dostluğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə müharibə dövründə göstərilən humanitar yardımlar, energetika sahəsində təqdim edilən həllər və iki ölkə arasında siyasi səviyyədə mövcud olan qarşılıqlı etimada əsaslanan münasibətlər sənaye əməkdaşlığının inkişafı üçün möhkəm təməl yaradır. Onun sözlərinə görə, məhz bu qarşılıqlı dəstək və strateji yanaşma Qafqaz regionunda uzunmüddətli və davamlı sənaye tərəfdaşlığının qurulmasına imkan verir.



Son xəbərlər
Son Xəbərlər