"Bugünkü vəziyyəti gördükdən sonra neftin qiymətinin daha da düşməsi bizi təəccübləndirməyəcək".
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu Çərçivəsində “The New Energy Equation” adlı panel müzakirəsində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan öz iqtisadiyyatını neftdən sonrakı dövrə - 20 ildən sonraya hazırlayırdı: "Bu bizim üçün gözlənilməz oldu, iqtisadiyyatımız üçün çətin vəziyyət yaratdı. Çünki biz bu il büdcəmizi 50 dollar səviyyəsində müəyyən etmişdik. Ötən il isə bu rəqəm 60 dollar götürülmüşdü. Ona görə xərclərimizi, investisiyalarımızı azaltmaq məcburiyyətində qaldıq. Sosial proqramları olduğu yerdə saxladıq. Bizim iqtisadiyyatımız stabil və dayanıqlıdır. Böyük rezervlərimiz var. Ona görə də biz vəziyyəti kompensasiya edə bilərik. Lakin belə vəziyyət uzun müddət davam etsə, təbii ki, bu bizim büdcə üçün böyük təzyiq olacaq”.
***
Dövlət başçısı bildirib ki, son 10 ildə bizim milli valyuta dollara qarşı çəki əldə etmişdi:
“1 manat 1,3 dollar idi. Birinci devalvasiya manatla dolları bərabər etdi. İkinci devalvasiya isə həm də qonşu ölkələrin milli valyutalarının düşməsi səbəbi ilə baş verdi. Çünki bu səbəbdən bizim məhsullar rəqabət gücündə olmurdu. Bu isə bizim büdcəyə əlavə yük idi. Mümkün qədər müqavimət göstərməyə çalışırıq. Milli bank ehtiyatımızdan bir qədər itirməli olsaq da, bu tədbirləri görməli idik. Bu səbəbdən də əhali arasında müəyyən narahatlıqlar yarandı. Çünki bu bizim idxal etdiyimiz məhsulların qiymətinə dərhal təsir etdi. Biz hələ də müəyyən məhsullarla bağlı xarici bazardan asılı ölkəyik. İnsanlarımız qiymətlərin qalxmasına hazır deyildilər. Ancaq indi bu mərhələ bitib. Düşünürəm ki, Azərbaycanda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri idi - son 10 ildə 300 faiz gəlir. Bu, böyük rəqəmdir. Ancaq tsikl indi aşağı düşür. Bununla belə, düşünürəm ki, hazırkı ehtiyatlarımız bu vəziyyəti idarə edəcək”.
***
"Fikrimcə, OPEC üzvləri və böyük qeyri-OPEC istehsalçıları arasında neft istehsalının azaldılması ilə bağlı koordinasiya olarsa, bir nəticə əldə edə bilərik. Təəssüf ki, OPEC-in hər toplantısından sonra neftin qiyməti düşür. Ona görə də biz növbəti OPEC görüşündən narahatıq. Əgər bir razılaşma və koordinasiya olmasa, bu vəziyyət davam edəcək".
Dövlət başçısı bildirib ki, hər gün neftin yeni qiymətlərinin qeydə alınması həm psixoloji, həm dövlət büdcəsini balanslaşdırmaq, həm də neft-qaz sahəsinə investisiya cəlb etmək baxımından yorucudur.
“Dövlətlə şirkətlər arasında olan fərq budur. Biz sosial, sənaye infrastrukturuna, neft-qaz sahəsinə investisiya yatırmaq üçün istehsalın səviyyəsini eyni saxlamalıyıq. Bu, çox da uyğun vəziyyət olmasa da, Azərbaycan üçün islahatlara başlamaq baxımından yaxşı vaxtdır. Biz iqtisadi, maliyyə sahələrində, ixrac yönümlü qeyri neft sektorunun inkişafı istiqamətində fundamental islahatlara başlamışıq. Neft faktoru barədə düşünməməyə çalışırıq”, - deyə o bildirib.
Prezident İlham Əliyev Azərbaycanın mövcud vəziyyətin öhdəsindən gələ biləcəyini də diqqətə çatdırıb: "Azərbaycanda iqtisadi vəziyyət stabildir. Xarici borcumuz ÜDM-in 12%-ni təşkil edir. Xarici valyuta ehtiyatlarımız təxminən ÜDM-lə eyni səviyyədədir. Əminəm ki, biz böhranı idarə edə biləcəyik. Ancaq biz əlbəttə ki, növbəti illər büdcəmizi müəyyənləşdirmək üçün proqnozlaşdırıla bilən gələcək istərdik”.