“Cümə, şənbə, bəlkə də, bazar...”

cume-senbe-belke-de-bazar
Oxunma sayı: 1292

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə, hətta bu həftənin cümə günü İrana qarşı yeni hərbi hücumların başlaya biləcəyini istisna etməyib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbərinin çıxışının videogörüntüsü “C-Span” portalında yayımlanıb.

“Təxminən iki-üç gün sonra. Bəlkə cümə, şənbə, bəlkə də bazar günü... Bəlkə də gələn həftənin əvvəlində”, – deyə Tramp mümkün hərbi əməliyyatların vaxtı barədə danışarkən deyib.

Amerika lideri rəsmi Vaşinqtonun Tehrana nüvə silahı əldə etməyə heç bir halda icazə verməyəcəyini növbəti dəfə vurğulayıb.

Qeyd edək ki, bu bəyanatdan dərhal əvvəl “The New York Times” qəzeti ABŞ və İsrailin Yaxın Şərqdə atəşkəs elan olunduqdan bəri ən intensiv hərbi hazırlıq mərhələsinə başladığı barədə məlumat yayıb. Mənbələr hər iki dövlətin artıq bu həftə İrana qarşı hava zərbələrini və hücumları bərpa etməyə hazırlaşdığını bildirirlər.

Xatırladaq ki, cari il fevralın 28-də ABŞ və İsrail İranın nüvə ambisiyalarından əl çəkməməsini əsas gətirərək bu ölkəyə qarşı birgə hərbi əməliyyata başlayıb. Aprel ayında tərəflər arasında döyüşlər müvəqqəti dayandırılıb və diplomatik danışıqlara start verilsə də, onlar hələ də sülhlə bağlı yekun razılaşma əldə edə bilməyiblər.