Bərdə OİK-ə yüz minlərlə manatlıq zərər dəyib - Fotolar

berde-oik-e-yuz-minlerle-manatliq-zerer-deyib
Oxunma sayı: 1998

Bərdə şəhərinə növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən endirilən raket zərbəsindən sonra bir çox mülkü obyektlərlə yanaşı Bərdə Olimpiya İdman Kompleksinə də dəyən ziyan nəticəsində, kompleks tamamilə yararsız hala düşüb.

Milli Olimpiya Mərkəzindən “Qafqazinfo”ya daxil olan məlumata görə, 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxıb.

Bərdə OİK-in direktoru Qabil Məmmədovun açıqlamasına əsasən, xoşbəxtlikdən işçilər arasında zərərçəkən yoxdur. Ancaq ilkin hesablamalara görə, kompleksə yüz minlərlə manat dəyərində ziyan dəyib.

Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan, beynəlxalq standartlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib. Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.