“Erməni kimdi türkün sındıra qürurunu?!”

ermeni-kimdi-turkun-sindira-qururunu
Oxunma sayı: 1576







YOLÜSTÜ SÖHBƏT

- Görən yenə Şuşanın bal dadırmı havası?
- Tərtərin nəğməsinə görən kim qulaq asır?
- El gedəndən Həkəri necə boğur hirsini?
- Yazılı daşlarımız kimə verir dərsini?
- Bizləri unutdumu görən Göyçə, Zəngəzur?
- Təbriz niyə danışmır, Ərdəbil niyə susur?
- Bu ehkam dağılanda qatmazlar ki aranı?
- Nə qədər vaxt gərəkdi sağaldaq bu yaranı?
…Hər sözün başı sual, hər sualın sonu qəm,
Bu qəmlərin ardından qəmsiz səhər görürəm!
Deyirsən bitəcəkmi bu ağrılar?
- Bitəcək!
Ömrümüz o günlərə yetəcəkmi?
- Yetəcək!
Ovacağıq Şuşada düşmənlərin burnunu,
Erməni kimdi türkün sındıra qürurunu?!
Bu da rusun fitvası? bu da bir sirdi olub,
Yoxsa o bizi yensin?
Hansı əsrdə olub?
Bu köç geri dönəcək, səfərdən dönən kimi,
Dağlar da dikələcək ruhumuz dinən kimi!
Qurulacaq Qarabağ əzəlkindən daha şən!
Bərdədən Göyçəyəcən!..
Sağalacaq yaralar olsa nə qədər dərin,
Belini dikəldəcək qocaman Xudafərin.
Ağdamın ağ damları,
Qızılgül hasarları,
Kəlbəcər yaylaqları,
Ala göllər üstündə
Sazın coşan çağları.
Hər bulağın üstündə uzanan məclisimiz,
İşıqlı dağınacan işıq saçan izimiz,
Türbələr, qurbangahlar,
Didərgin ruhlarımız,
Sərvətimiz, varımız...
Üç çadırlı obadan min evli kəndlərəcən,
Kağız üstə yarımçıq cızılan bəndlərəcən,
İlxıların atından sürünün itinəcən,
Həkəri balığından Murovun südünəcən
Hər şey dönəcək geri, tutacaq öz yerini,
Elimiz unudacaq bu sınıq günlərini.
Dağlara ruh gələcək - Şikəstədən, Muğamdan,
Farsın, rusun əlini üzəcəyəm yaxamdan...
Başını dikəldəcək yurdumda əlli milyon!
Bu birlik türküsünü qitələr eşidəcək.
Gəncədən Naxçıvana, Naxçıvandan Qəzvinə
Əngəlsiz, maniəsiz yollarım çəkiləcək...
Sümüyə dirənibsə əsarət bıçaqları,
Qapımın ağzındadır, demək, xoşbəxt çağlarım!
Tarix qatarlarını saxlamaz öz yolundan
Kiminsə doğuluşu, kiminsə öləcəyi,
Azərbaycan içində sınmazdır diqqətlə bax!
Xalqın ruhu bütövsə –bütövdür gələcəyi!


EY QÜRBƏTİN DAĞLARI

Dünyanın hər yerində üz tutduğum dağlardı,
Çayıyla, bulağıyla ilhamımdı… çağlardı,
Dağ olmasa kim məni bu yadlıqda saxlardı
Yolları, cığırları, izləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük!

Qürbət dedim, küsmədi… Bura da öz elimiz,
«Göy» adında göyləri – imanımız dinimiz.
Bu ad muzeylərində dipdiridir dilimiz
Tarix etibarında sözləri xoş görmüşük,
Ey qürbətin dağları, sizləri xoş görmüşük!

Mənə açdı qəlbini, yabançı gəlsə laldı,
Bu qədər uzaqlıqda bu doğmalıq xəyaldı,
Yollar çəkib aparır, qoy aparsın halaldı
Qayalar pəncəsində düzləri xoş görmüşük,
Ey qürbətin dağları, sizləri xoş görmüşük!

Zirvələrin hər biri - tarixin bir parçası,
Hansına əl uzatsam mənə ürək açası
Salam, Tanrı dağında buz olmaqdan qaçan su
Bulaq-bulaq çağlayan gözləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük!

Oyan, ey türkün oğlu, gör sərhəddin hardadı,
Bir ucalıq dünyan var zirvələri qardadı
Təkcə qardaşların yox, dağların da dardadır,
Milyon sirrin açarı gözləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük!

Nə əbədi dözümdü, nə müqəddəs ucalıq,
Saç bu sayaq ağara, belə gələ qocalıq
Öz dilində danışsan pıçıltın da ucalar
Hər qayadan, hər daşdan səs gələr: «xoş görmüşük!»
Ey qürbətin dağları, sizləri xoş görmüşük!


ZİYA BÜNYADOVUN XATİRƏSİNƏ

Bir saat öncəydi, ya da ki, dünən.
Ya da əbədiyyət keçib üstündən.
Bir azman cüssəli, bir çinar boylu,
Nağıl dünyasından yadigar insan.
Döşündə göylərdən enən bir ulsuz,
Keçirdi Bakının meydanlarından...
Keçirdi Bakının küçələrindən,
Yayda da, qışda da başında fəsi,
Fikrində sonuncu həcvi dolanır,
Ya da savaşların ilk xatirəsi.
Azadlıq meydanı gözləyir onu.
Meydan da tufanlı ümman kimidir.
Onun qəzəbi də, zarafatı da,
Millətin dərdinə dərman kimidir.
Gənclik illərində cəbhələr yaran,
Sonra yüzilləri adladı bir-bir.
Gördü ki tarixi qələmlə yazmaq,
Qan ilə yazmaqdan asan deyildir.
Savaşı bitmədi ancaq düşmənin,
Səngərdən ayrıla bilmədi bir an.
Elmin zirvəsində akademikdi,
Savaş zirvəsində Milli Qəhrəman.
Çiynində dağ boyda şöhrəti halal,
Yenə də vuruşur həqiqət üçün
Savaş meydanından üzüağ cıxan,
Elmin səngərinə tələsir hər gün.
Gedir saymazyana yeni döyüşə,
Gülləyə şığıyan bakılı cayıl,
Onun yeddiqatlı söyüşlərindən,
Tutub qulağını qaçır Əzrayıl.
Üzünə millətin sevgisi çökmüş,
Qanlı şöhrətini geyib əyninə.
Uzaqda qalsa da dava illəri,
Ölümlə göz-gözə yaşayır yenə...


XARİCİ

Özgə sifətlərlə yanır reklamlar,
Doğma küçələrdə yadlıq göz deşır.
Yenə də əcnəbi heyranlığıyla
Bakı göz önündə xariciləşir.

Dünyanın işgalcı iştahı iti,
Günahdan qoruyan günahmış demə.
Bu gen davasında, din davasında
Allahın adı də silahmış demə!..

Yetim bağlarımız başlı-başına,
Uzaq qitələrin alması əziz.
Nə meyvə yetirən, nə kölgə salan,
Çeşmələr qurudan palması əziz...

Gəlir Qaradağın boz çöllərinə,
Mini bitməsə də beş-onu bitir.
Özgə təbiəti yamsılamağa
O kimin puludur sovrulub gedir?..

Yerlisə, susuz da yaşaya bilər,
Ya qırılıb gedir,ya gizlənilırlər.
İtalyan küknarı, Konqo kaktusu
İmam övladıtək əzizlənirlər...

Yapon liliputu-hikkəsi böyük,
Üstündə bir dastan yazıynan gəlib.
Bir mülk qiymətinə alınanların
Hərəsi bir gəlin nazıynan gəlib.

Kübrəsi ayrıca, suyu ayrıca,
Dibinin torpağı ələnəcəkdir.
Bu yerli deyil ki!
Canı cəhənnəm...
Soyuqda körpətək bələnəcəkdir...

Göz üstə qorunur özgə ağaclar-
Ayrı baxıcısı, ayrı “doktoru”.
Yanında balaca çeşməci axır,
Dibində ayrıca projektoru...

Kənarda vələslər verib baş-başa,
Palıdlar qardaşım, söyüdlər bacım,
Dibçəkdə ədayla gələn qonağa
Qibtəylə boylanır qaraağacım...

Nə olar dağlara keşikçi olan
Palıd ağacı da yadına düşsün!
Qapında yellənən salxım söyüdün
pırtlaşıq saçı da yadına düşsün!

O Xan çinarı da işıqlandır ki,
Yurdun vüqarıtək ucalır göyə.
Get öz meşəmizdən min nəğmə eşit,
Hər budaq bir meyvə versin hədiyyə!..

Gəlmə ağacların ərköyünlüyü
Bakı küləyinə tablamaz, sınar.
Özündən qopanlar buralıq deyil,
Qayıtsın öz doğma xarabasına...

Mənə öz əncirim, üzümüm yetər.
Qayada bitməyə dözümüm yetər!..


ƏLİ BƏNÖVŞƏLİ QADIN

Saçları ağarmış, üzü qırışmış
yaşlı bir qadın
kötüyə dönmüş əlində
üçcə saplaq bənövşə
gedir yolla
yanından ötüb keçən
adamları görmədən.

İlgiləndirmir onu
"bu yaşda çiçək nə, sən nə?"
deyə bilərlər...
Eləcə bənövşəylə danışır
ya da bu sehirli mikrafonla
Tanrıya yerdən
reportaj verirmişcəsinə
tutub üzünə çiçəkləri
nəvə əlindən tutmuş kimi
Gedir
üzündə üç saplaq
qar altdan çıxmış
solğun bənövşənin təbəssümü.
Gedir - bəlkə də
bu çiçəklərə
ömrünün ən ağır etirafını edir,
ya dərdini açır
özü də bənövşə olduğu illərin.
Ya da duyaraq
yaxınlaşan sonunu
Tanrı dərgahına beləcə getmək istəyir,
əlində bənövşə
qarşılamaq istəyir onu...
Saçlarına taxsaydı
qar altdan çıxıb deyərdim -
yaz yaxınlaşır...
qızıl gül yaraşmazdı bəlkə,
bənövşə yaraşır.


KƏND GECƏSİNDƏN BİR İŞARTI

Zil qaranlıq bir gecə
Kənd eyvanında
bir vaxtlar atamın vərdişi üzrə
açdılar yatağımı…
Başımın üstündə ulduzlar –
göy çadırının deşikləri.
Çəkib aparacaq məni
işıq toru.
Ulduzlar dövrə vurub
min gözlə mənə baxan kimi.
Xatirə danışır
şırıltısı çayın
keçmişimdən axan kimi.
Unudulub uzaq yollar,
taleyimin şəhəri,
İllərlə ürəyimə damızdırılan
sevgi – zəhəri.
Qovhaqov, qazanc, savaş,
təriflərirn dumanı
ömrümüzü üyüdən
acgöz vaxt dəyirmanı…
Sanki heç olmayıbmış
o şöhrət bəhsəbəhsi,
Sonluq bəlli olsa da
sona varmaq həvəsi.
Bizi burdan aparan
vədələr-solğun çiçək…
O şeytan cah-cəlalı
bu keçmişə dönüşü,
bu Tanrıyla görüşü
necə əvəz edəcək?

BAŞLANĞIC

Üzür son limana ömrün gəmisi
Harda dayanacaq – o hələ bilmir.
Allahın yoludur su da, quru da
Mənzilə yetməsə dincələ bilmir.

Ömrümün dəyişməz rəngidir sanki
Başımın üstündə qəm bayraqları.
Nə qədər çəksəm də azalmır dərdim
Dərdim
bu dünyanın ayrılıqları…

Dalımca uzanır qağayı əllər,
Dalğalar önümdə min bir sualdı.
Nə qədər soru var, bitir mənimlə
Nə qədər cavabım yarımçıq qaldı…

Həyatın güzgüsü dənizdi elə
Köksündə bir iz də saxlayan deyil.
Özü göz yaşından yarandığından
Ulduzlar tökülsün ağlayan deyil!..

Silinib gedəcək mənim də izim,
Hər dalğa tələsir öz limanrına.
Dəniz sildiyini yazar yenidən
Yüz qonaq gətirər söz limanına.

Beş arşın yolumuz ilkdən sonacan
Biri şirindirsə, biri acıdır.
Elə arxayınam sanki son səfər
Başqa bir yolumun başlanqıcıdır.


ŞEIR MƏZARI

Günəşlə, işıqla, səhərlə birgə
Doğulur ömrümə hər gün bir şeir.
Bəlkə də göylərdən əl üzdüyündən,
Mənim ürəyimə sürgün bir şeir.

O daim tələsir, o daim yanır
İnanır nəyinsə bitəcəyinə.
Dilimdən qopantək bir yol başlayıb,
Əsl ünvanına yetəcəyinə.

Özüm də bilmirəm niyə doğuldum,
Bəlkə ilahidən bir səsdir ömrüm.
Bəlkə mən özüm də sürgun yeriyəm
Bülbül nəğmələrə qəfəsdir ömrüm.

Şeirin də taleyi bir sirrə bağlı,
Biri günahkardı, izləyəni var.
Bu boyda dünyada yer tapmır biri,
Birinin yüz evdə gözləyəni var.

Birinin firkimdə yetişdi sonu,
Biri deyilməmiş sonunu bəklər.
Biri də dilimin ucunda yanır,
Qorxur ki söyləsəm, öldürəcəklər.

Bizim başımıza nirx qoyanların,
Başının üstündə ucalır sözüm.
Ya da ki boğulür öz qəfəsində,
Dilimə gəlmədən qocalır sözüm.

Bir gün bağlananda zindan qapısı,
Mənim öz cəzam da yetəndə başa.
Yaza bilmədiyim şeirlərimə,
Bir məzar qazılsın qəbrimlə qoşa.


***

Sirr verdi – alib qaçdım.
Söz verdi – ürək açdım.
Ömrüm bir adlamacdı
Torpaqdan Tanrıyacan.

Bitirib hər əzabı
Əcəl köhləni çapır
Ölüm – sonuncu qapı
Yoluma çıxar haçan?

Göydən gəlir bu yazı,
Yazı yox, haqq duası.
Hər insan sirr boxçası
Biz qıfıl, Tanri-açar.

***

Nəfəsim gəlib gedir
Ağlım da başımdadır.
Bir yol var keçmişimdə,
Bir yol da qarşımdadır.

Bir arzu gəlməyimdə,
Bir çarə ölməyimdə
Bir qisas gülməyimdə
Biri göz yaşımdadır.

Gül yolu, çiçək yolu,
Göz yolu, ürək yolu
Var olmağın tək yolu
Sonsuz savaşımdadır.

***

Bir tikə qismətim var,
Rahatca yemək olmur.
Qanlı əllər tətikdə,
Haqqa haqq demək olmur.

Yalan daşdan da keçir,
Hiylə hopur sözünə.
Əyrilik tikan olub
Girir düzün gözünə.

Qorxu ordunu yenir
Para yurdumu yenir
Qəzəb gəlir üstümə,
Qapılar aça-aça.
Düşmənə əyilməyən,
Əyilir ehtiyaca.
Ağıl meydanlarında,
Gözünü döyənlərin,
Düşmənə əl uzadıb
Özünü döyənlərin.
Qəzəb dişi qıcanmış,
İşləyir canımıza.
Qansızların qanını
Qatırlar qanımıza.

Hərrac... A-dan Z-dək,
Beşıkdən kürsüyədək.
Hətta qəbirstanımız,
Hətta qəbir yerimiz.
Öləndən sonrasının
Dərdin çəkir dirimiz.

Dağlar aşan ayağım
Bu palçıqda yoruldu.
Daha uça bilmirəm,
Qanadlarım qırıldı.


ÇƏPƏR

Hərə çəpər çəkir öz bağçasına
Biri sevincinə, biri yasına.
Biri dövlətinə, biri varına,
Biri öz bostanı, öz gülzarına.
Bir də görürsən ki, el seyrəngahı,
Çevrilib birinin bağçası olur.
Min illər torpraqda arxayın yatan,
Xəzinə
birinin boğçası olur.
Biri Buzovnanın qayalarını,
Sakitcə ötürür öz balasına.
Biri Qobustanı özəlləşdirir,
Biri sahiblənir Qız Qalasına.

Gözü dağdan doymur, arandan doymur,
Meşədən, qamışdan, şorandan doymur.
Önünə nə keçir salır çəpərə,
Heyvan xislətini, qul qayəsini,
Özünün olmayan sərmayəsini
Olmayan abrını salır çəpərə.

Yazıq dənizimiz tor-tor bölünüb,
Axır mənzilimiz gor-gor bölünüb.

Tanrıdan bir elə pay kimi gələn,
Bulaqlar bəndənin evinə axır.
Yollarda görmürsən yol kəsənləri
Çaylar da birinin nəfinə axır.

Sağkən anasına baş səkməyənlər
Qalaça tikdirir el möhnətindən.
Mərmər də qaralır haramlığına,
Heykəl də qızarır xəcalətindən.

Göylər də bölünüb, şırım-şırımdı
Hər qarış yer üstə bir təzə ocaq
İnsanın iştahı itilənəndə,
Tanrının özünə yer qalmayacaq.

SUAL

Bəkə də dünyada mən yoxam artıq,
Qarışıb payıza uçub getmişəm.
Sahibsiz adımdır ortada qalan,
Özümsə xəlvətcə köçüb getmişəm.

Sən adda adam da yaşamır bəlkə,
Özündən yadigar qoyub bu səsi,
Verdiyi əzabı unutdurmağa,
Beş-on söz eşidim sevgi əvəzi.

Bəlkə də bu özü də bir aldanışdır,
Bəlkə gördüyüm də yuxudur elə.
Çoxdan itirdiyim nəğmələrimi,
Tale başqasına oxudu elə.

Könlümdə əbədi gəncliyin odu,
Bəs həsrət deyərək çağlayan nədir?
Yoxsansa,yoxluğun sevgisi olmaz,
Varsansa, bəs yolu bağlayan nədir?

İNSAN

Ömrümüz andan qısa,
Uzun!- əbədiyyətdən.
Uzunluğu cəhənnəm, qısalığı cənnətdən.
Mənzilə nə aparır daşıdığı sərvətdən,
Həm quş kimi azaddır, həm də əsirdir insan...

Canlı bir kəhkəşandır, kəhkəşanlar içində
Təmiz ana südüdür, keçir qanın içindən.
Tanrının nəfəsidir- bir damlanın içində.
Həm sirrlərin açarı, həm özü sirdir insan.

Bir sehirli göz baxa çəmənin hər gülündən
Bir nağıl dinləyəsən təbiətin dilindən
Gündə bir xəbər gələ milyon işıq ilindən
Neçə dünyalar gəzsən, yenə də birdir insan.

Həm Tanrının övladı, həm Tanrının özüdür,
Gözünə mil də çəksən, yenə yerin gözüdür.
Dənizlər keçə-keçə özü sirr dənizidir
Yerdə göyün parçası, Göylərdə Yerdir İnsan...

“Payız yarpaqları” silsiləsindən

SƏNƏ ŞEİR YAZIRAM...

Sənə şeir yazıram dünyada təklənəndə,
Əzab, kədər, ayrılıq qəlbimə yüklənəndə...
Sənə şeir yazıram – Sözüm bahar yağışı,
Yusun ürəyimizi, qanımızda çağlasin.
Şerim nəfəsim kimi yandırsın yanağını,
Qollarım misra-misra belini qucaqlasın...

Üstümə yeriyəndə sevgisiz bir soyuqluq,
Dünya təkrar edəndə o köhnə vərdişləri
Sənə şeir yazıram-sözum dönsün zirehə
Qıcananda dörd yandan cəhalətin dişləri...

Sənə seir yaziram-korpü salsin yollara,
Səfərlər uzandıqca uzansin sətirlərim.
Həsrətim sözə dönsun, sənə dərd olmaqdansa
Qıfıllansın sehirli kəlmələrdə sirlərim...

Həm kədər salnaməsi, həm sevincin zirvəsi,
Gözümüzün yaşını sözlərim siləcəkdir.
Mənim alın yazimla Sənin də qədərini
Ən güclü baxıcıtək şerim söyləyəcəkdir...

Sənə şeir yazıram—min ilin həsrətini
Ruhumuzun diliylə çatdiracaq bu günə.
Üstümdə qəm bayrağı...
Bu sevdalı başımı
Ya dizinə qoyarsan, ya edam kötüyünə...

Söz rəngində solmazdir qaşin, gözün, əllərin
Orda mərmər heykəlin yonulur yavaş-yavaş.
Mənim sözlə çəkdiyim surətini görsəydi
Əlindəkə tişəni atardı heykəltəraş...

Şeir ruhun uçuşu, Allahin mərhəməti,
Həm Sənə usyanimdir, həm də ki itaətim...

Sənə şeir yaziram- azalır ağrılarım,
Misralarım yol salır-qaçmaq üçün zülümdən.
Əcəl döysə qapını sonuncu tapşırıqlıa
Şerim xilas yolunu göstərəcək olümdən...


GƏLİRSƏN

Ömrümə bir yeni Səhər açılır,
Sən də Günəş kimi çıxıb gəlirsən.
Tənhalıq, yorğunluq, payız qüssəsi...
Sən bu qaranlığı boğub gəlirsən!

Al, bütün nəyim var – səndən qorumam,
Kəs, doğra... yaramın birin sarımam,
Min arx bağlasalar, içib yarımam
Sən nur içirənsən – yağıb gəlirsən!

Sənin damarında dolaşır qanım,
Sənin varlığından ruh tapır canım,
Odumsan, həm də ki odqoruyanım
Ayimdan, Günümdən axıb gəlirsən!

Bəlkə söylədiyin Günah göndərib,
Bəlkə də çəkdiyim bir ah göndərib,
Məni yaşatmağa Allah göndərib
Alın yazımıza baxıb gəlirsən..!

O qönçə dodağın tamı mənimdi,
Ölüm şərbət isə - Camı mənimdi,
Pərvanəm yandıqca şamı mənimdi,
Şamı, pərvanəni yaxıb Gəlirsən!!!


ÜRƏK YERİNƏ

Səni Allahımın əlindən alıb
Asaram sinəmdən ürək yerinə.

Bu eşq soyumasın deyərəm heç vaxt
Yazsan günahımı mələk yerinə...

Mənim nəfəsinə ehtiyacım var,
Əssin dan yerindən külək yerinə

Dolsun gözlərimə Ay işığıtək
Qoxlayım sübhədək çiçək yerinə...

Yangimi soyudan sərin suyumsan,
Ya da bərəkətim-çörək yerinə,

Daha taleyindən danişma mənə,
Toxunma qəlbimin kovrək yerinə!


SƏADƏT

Sözümün nəfəsə, nəfəsin sözə,
Gözümün ürəyə, ürəyin gözə,
Zərif barmaqların ocağa, közə
Necə döndüyünü görmək – Səadət.

Qanadsa, uçmağa buludlar istər,
Çiçəksə - ətrini verib bar istər,
Hər sevgi sirrinə dörd divar istər,
Onu kərpic-kərpic hörmək – Səadət.

Cismi yox, varlığı atəşdi, səsdi,
Vulkandı, tufandı, eşqdi, həvəsdi,
Bütün sevgililər atəşpərəstdi
Bu qutsal ocağa girmək – Səadət.

Arzuydum, ümiddim, yoldum sonunda
Tapıb öz qabıma doldum sonunda
Min il gəzdiyimi buldum sonunda
Ürəyim bir borcdu, vermək – Səadət!


SƏNİN GÖZLƏRİNLƏ ...

Yanıram dünyanın dərdi-sərinə
Sevincə ikiqat qaynayır qanım.
İndi mən dünyaya Sənin yerinə,
Sənin gözlərinlə baxıram, canım!

Dörd gözlə baxıram gözəlliklərə,
Görürəm çəmənlər çiçək-çiçəkdir.
Sənin həvəsinlə gurlayır göylər,
Yağış da Səninçin töküləcəkdir.

Bezmişdim millətin çal-çağırından,
Uyusam – günüm yox, vərəq ağ keçir.
İndisə könlümdən bulağa, quşa,
Küləyə qoşulub oxumaq keçir.

Ax, necə gözəldir belə yaşamaq –
Yazın yaşılına qovuşan xəzan.
Sənin ilhamınla susmaz qələmim,
Sənin qanadınla kimdir uduzan...

Allah tapşırıqla göndərdi Səni,
İcazə sormadan qəlbimə girdin,
Şeytan ürəklərə pislik əkəndə
Dünyanı səssizcə gözəlləşdirdin.

Mənim təmənnasız yanan günəşim,
Ətriylə ömrümü dolduran çiçək,
Bir sevgi zirvəsi vermisən mənə,
Həm də o zirvəyə qalxmağa ürək!


ÖZÜN BİL...

Qaya dəftərlərin qələmi külüng,
Ha yaz karandaşla, izmi olacaq?
Yüz yerdən yabanı çiçəklər baxır-
Dərdimi oxuyan gözmü olacaq?

Hələ ki damarda çağlayır qanın,
Ömrün hakimidir sonsuz zamanın,
Ürək yazısıdır dağlar dünyanın,
Ölümə baş əyib, düzmü olacaq?

Tale oyununu oynasın yenə,
Bir ocaq yaşaya, bir ocaq sönə,
“Özün bil, özün bil!” söylədim Sənə -
Sənin bildiklərin pismi olacaq?!

NƏ QALDI Kİ...

Sözlər ləçək-ləçəkdi,
gülümə nə qaldı ki?!
Nə dərd gəldi mən çəkdim,
zülümə nə qaldı ki!

Min qəhər var, bir ürək,
Min zəhər var bir çörək,
Közü sovurdu külək,
külümə nə qaldı ki?!

Nə malım, nə dövlətim,
Təkcə son məhəbbətim,
Onu da qoydun yetim,
əlimə nə qaldi ki?!

Tac çürüyüb, baş qançır,
Kürsüdəki şər saçır,
Bir vətən, min talançı,
elimə nə qaldı ki?!

Bu da bir yoldu nəsə,
Özü sözündən kəsə,
Daha sevilmirəmsə,
ölümə nə qaldı ki?!


ÖLÜMÜM

Kainat boydadır hər qum dənəsi,
Suyun hər damlası okean kimi.
Tarix ölçüsündə bir andı ömrüm,
Tarixlər ömrümdən keçdi an kimi.

Minillər dalından gəlir sorağım,
Min ildən sonra da yanar ocağım.
Mənim bu dünyadan nə umacağım,
Sən varsan – gözümdə bir cahan kimi...

Gəl – sıxıl qoynuma, əzizlən bir də,
Zərif barmaqların sipərdi dərdə,
Saçın sevgimizi qoruyan pərdə,
Yaxud da zirvəmdə sıx duman kimi...

İnsansan, şeytansan, ruhsan, mələksən?
Kimsənsə - qırılmaz yolumsan, təksən,
Saralan bağçamda solmaz çiçəksən,
Sevgin damarımda yanır qan kimi...

Sənsiz yaşadımmı? Nə zaman, necə?
Sözümdən kəskinsən, qəbimdən incə...
Tanrım ömür verib mənə sevgimcə,
Ölümüm – Sən məni unudan kimi...


UZAQLIQ

Min-min kilometrlik
uzaqlığın üstündən
əlin mənə yetirsə,
Sarılırsa boynuma...
O ilahi gözəllik qor doldurub yerimə
yandırıb-yaxa bilirsə,
Səhərlər bal nəfəsinlə oyanıramsa yuxudan,
Gözün yarıb köksümü, ürəyimə baxa bilirsə,
Xatirənlə - adınla doludursa gecəm-gündüzüm,
Səndən başqa bir kimsəni görmürsə gözüm,
Yerdə Sən,
Havada Sən,
Udduğum hava da Sən...
Hətta keçdiyim yollar, hətta içdiyim sular,
Çəmənlərin yaşılı, çiçəyin alı da Sən...
Sözüm, yazım, ilhamım Səndən ibarət isə,
İnsan ulduza dönür, quşlar insan olursa,
Demək aldanmışıq biz,
Bir qum zərrəsi deyil dünyadan bildiyimiz...
Zaman, məkan, məsafə, yüz-yüz yer anlayışı –
Ayırmaq çox çətindir əyrini düzü ilə...
Sənə sevgim xətt çəkir üstündən köhnəliyin.
Səninlə bağlı hər şey sonsuzluğun gözüylə,
Allahın ölçüsüylə . . !

SƏS

Uzaqdan bir səs,
Telefon dəstəyini yandıran nəfəs...
Və beş-on kəlmə söz...
Hər biri qaya parçası kimi ağır.
Səs də, söz də, nəfəs də darıxır!
Bəlli ki, bu darıxmaqmış gözlədiyim,
Sevincim...
Təklikdən çəkdiklərim unudulur bir anda
Bu səsi eşidincə...
Dörd yanım adam... gözlər ehtiras dolu,
Qucaqlar çağırmaqda, alov püskürməsiylə,
Gözəllər şirnikdirir xəfif öcəşməsiylə...
Gözüm kordur bunlara,
Qulağım kar,
Dilim lal...
Bunlar quldur gözümdə, Vətəndəki İstiqlal...
Ulduz kimi, ay kimi, həm yaxındır, həm uzaq...
Sönür yer işıqları, göylər yaşayır ancaq...
Mən də Ay işığına ulayan bir Yalquzaq!
Yaşaya bilərəm min il də beləcə -
Hər gün qulağım eşitsə, qəlbim duysa o səsi...
Biz ayrı dünyadan gəlmiş qürbətçilərik –
Bir Mən,
Bir O,
Bir də ki, bu Sevgi əfsanəsi!


SUAL

Başımın üstündə Ay - ağappaq bir sual,
Qarşımda Yol – cavab istər hər dolanbacı,
Sualdır atdığım hər addım,
Haqqa qurulan dar ağacı...
Bir sual işarəsidir göy qurşağı,
Yer kürəsi nöqtə... altında...
Suallar dəvənin boynunda,
Qartalın bükülən qanadında !..
Bir cavabsız sualdır dünyaya gəlməyimiz....
Cavab vermir bu dünya… göylər… göydəki ilahilər...
Tək bir cavab tapmışdım Sənin ürək odunda,
Yüz-yüz əyri sorunu susduran inadında !..
Sən bütün acılara şirincə bir əlvida,
Ömür adlı cümləni tamamlayan bir nida!
Bu gün səsim qeyb oldu, gəlmədi əks-sədası,
Suala döndüm özüm, ölü doğuldu arzum...
Cavab ver!
Susmaq yaraşmır Sənə!
Adiləşmə!
Lal olma!
Tək cavabım sən ikən,
Sən də bir sual olma!

MİN İLLƏR...

Yağışlı-çiskinli çöllərlə gedirəm –
Ürəyimdə Sən!
Ürəyimdə sirr çiçəyi, sevgi adlı möcüzə,
Mənimlə min illər yol gələn...
Min illər öncə bir ildırım şarı kimi düşdün içimə...
Min illərdi zülməti qova-qova acıq verirsən
Ayrılığa... Təkliyə... Qəmə...
Tarix bu sevgiyə bağlıdır.
Onun nəfəsiylə dirçəlir zaman...
Min illərdir sənə sevgi nəğməsi oxuyuram
Heç usanmadan...
Bu sevgidir yağış olub yağan,
Qar olub əriyən...
Güllərin könül rüzgarı kimi
Bu dünyanı bürüyən...
İkimizin köksündə bir ruh, bir can...
Gedir əbədiyyət karvanı – başında sevgimiz.
Həm karvana son qoşulan,
Həm də dünya qədər Qoca Sarvan !..

SADİQ SEVGİLİN

Əgər günün birində görüşünə gəlməsəm,
Yəni dünyada olmasam,
Və məni düşünüb ruhumu sevindirmək istəsən,
Dan yeri qızaranda təbəssümlə qarşılarsan
doğan günəşi
Yaxud çıxarsan Xəzərin sahilinə...
Görüşər iki ənginlik – biri dənizdə, biri gözlərində...
Yay olsa, qızmar qumu sevindirərsən ayaqlarınla,
Qış olsa, dənizə bir hərarət bağışlarsan
toxundurduğun barmaqlarınla...
O dünyanın cənnətində olsam belə,
Unutmazsan həsrət qaldığımı qoynundakı cənnətə...
Və güzgü qabağında
mənim gözlərimlə də baxarsan
Allahın Şah əsərinə!
Əllərim üçün darıxsan,
Üz çevirərsən Bakı küləyinə...
İstər xəzri olsun, istər gilavar...
Doyunca qarışdırsın saçını mənim yerimə...
Abşeron küləyindən başqa kimsəyə etibar etmərəm bu işi...
Mən olmayanda dünyada
Dayanmaq istəsən mənimlə nəfəs-nəfəsə,
Dağlara gedərsən...
Vacib deyil uca olsun.
Önündə vətən çöllərini açan
Qobustan yüksəkliyi də yetər...
Ordan “Gəəəllll” deyib çağırsan, duyacaqsan
Dodağında alışan dodaqlarımı...
Məzarım üstünə gəlməzsən!
Baxmaq istəmirəm Sənə
cansız baxışlarla soyuq daşlardan!
Görüşümüz çox asan!
Harda olsan, mənə çatmasa əlin
Bir misramı pıçıldasan,
Dünya durduqca,
sözüm olacaq ən sadiq sevgilin!


VƏSİYYƏT

... Və günlərin birində...
Üzülmə!
Qəfil Bakı küləyinə bənzər soragım
Uçub keçsə, başının üstündən
Yüz-yüz yeni xəbərtək...

Tellərin qırmac-qırmac çırpılsa xatirələrimizə
Bir ulduz azalsa vətənin göylərindən,
Bir nəğmə sussa dodaqda…
Kimsə kimsənin ömrünə şərik deyil
Yorulma yaşamaqdan!
Tam tərsinə!
Dünyaya mənim gözümlə də bax!
Özəlliklə sübh çağı...
Günəşin Xəzərdə yuyunub çıxmasına...
Budaqların yaz ağzı,
Yarpaqdan öncə tut, əncir doğmasına.
Abşeron qara sevdamdı,
Bilirsən!
Qışda bağlarının kimsəsizliyində
Boy atan bahar həvəsiylə...
Dağıtdı bu dünyamı savaş,
Şəhid qəbiristanları
və “xlor var!” səsiylə...

Bir daha çək sinənə neft qoxuyan havanı
Sənin nəfəsin hər zaman sevgi qoxuyardı.
Bir salxım şanı dərdin,
Mənim yerimə də dər!
Üstümüzə çətir hörən meynələrə
Anamın barmaqları kimi toxunardım.

Mənim əllərimi də oxşasın mavi sular,
Səninlə bir qoynuna məni də alsın dəniz...
Adını yaz qumlara,
Göz yaşımla yuyulacaq şübhəsiz!

Vaxtın yetsə, hər mövsüm qalxa bilsən dağlara!
Salsan doğma rəsmini güzgülü bulaqlara.
Dodaqlarım səssizcə öpəcək dodağından.
Hər şeh damlasında görəcəksən gözümü
Çəhlimli çəmənlərə çıxan zaman...

Əziyyətin artacaq bilirəm...
İtki,
Yalnız mənim duya biləcəyim kədər!
Sevgisiz qalmaq çətindir,
Sevgini yaşatmaq qədər...


DÜNYANIN MƏNASI

Bəlkə bu dünyada son nəğməm Sənsən.
Bəlkə çəkəcəyim son ahım da Sən...
Yüzünə əl tutdum Sənin eşqinlə,
Eşqimiz bitəndə günahım da Sən...


Sən...
Yaz ağzı çəməndə otlardan zərif,
Çiçəklər sevinci gözündən daşan,
Həm məni dalınca çəkən yollara,
Həm mənim ardımca dünya dolaşan...

Göylərə uçuran qanadlarım ağ,
Yerə yapışdıran zindanım qara,
Həm mənim ruhumu qoparan yerdən
Həm ümid daşıyan ayrılıqlara –
Sən oldun!
səhərim, axşamım birgə,
işıqda zülmətim, zülmətdə nurum...
Həm məni önündə əsir eləyən,
Həm başı göylərdə gəzən qürurum!
Həm ilkim, həm sonum… işıq, qaranlıq,
İllərin payızı, yazı da belə!
O Səndin dilində şəkərə dönən,
Dünyanın ən acı sözü də belə!

Sənsən önümdəki bu ağ vərəq də,
Ona yazacağım hər yazı da Sən!
Hər anı uzadan sonsuzluq qədər,
Həm sonsuz zamanin mənası da Sən!..


TÖVBƏ

Şair tövbə edirdi, üzü yaşıl göylərə,
Köksünü söz yandırır, alnı puçur-puçur tər,

Deyir, Tanrım, bağışla, sənə şübhə etmişəm,
Dünya qanla dolanda qəlbimə yol tapdı şər.

Mən vaxtında bulardım həqiqətin yolunu...
Ancaq din bayquşları saldı bizi dərbədər.

Xaç qılınca çevrildi, ay-ulduz qanlı qalxan...
Doğan günəşdən duydum varlığını bir səhər.

İçim işıqla doldu, sirlər açıldı qat-qat
Bir vəhdətə səslədi səndən gələn kəlmələr.

Daha şəkkim qalmadı qüdrətinə, gücünə.
Ayın, günün, ulduzun ətrafımda dövr edər.

İlahi, bəxtəvərəm, mənim belə Tanrım var...
Allah da bəndəsinə bir bu qədər bənzəyər?!


YOL YOLDAŞI

Sadiq yol yoldaşımsan,
Gedirsən mənimlə bir
yaxın-uzaq bilmədən.
Bu tükənməz səfərdən zərrəcə incimədən.
Dənizlər, okeanlar,
susuz çöllər, yağış, qar...
Sevdiyin adamlarla uzanan ayrılıqlar...
Kədər – həsrətlə gələn,
Sevinc - əzabda itən...
Keçdi, mənimlə qoşa, Sənin də taleyindən.
Səni dəli eşqimlə ürəyimdə qorudum,
Özüm yorulmasam da,
Səni yollarda yordum.
Məni tək qoymamaqçın
Özündən uzaq oldun,
Məndən sevinc görməmiş
Dərdimə ortaq oldun...
Diqqətsizəm, kobudam...
Dözdün bir şey demədən,
Mənə bir dünya verdin,
Qarşılıq istəmədən.
İcazəsiz-vizasız gəzdin neçə ölkəni...
Ürəyimi görmədi ən həssas manitorlar,
Sərhədlərdən keçirdim Səni qaçaq mal kimi...
Ən güclü narkotika –
Ağlımı başdan edən,
Asanca keçib getdi yüz ölkə gömrüyündən.
Yordum Səni, yoruldum!
Yorulduqca duruldum...
Hər yolumun sonunda,
Hər günün doğuşunda
Yenə Sənə Vuruldum!...


YALQIZ ADAM

Hava dumanlıdır, fikrim dumanlı,
Günün duman didən dişimi yoxdur?!
Bunca əl açanı varkən Allahın
Məndən başqasıynan işimi yoxdur?!

Əl-əldən ayrılır, ürək-ürəkdən,
Göz ağızda donur, baxışlar gözdə,
Çaylar geri axır- öz mənbəyinə!
Sular küsüb gedir dənizimizdən...

Bu boyda şəhərdə nə üzü gülən,
Nə kəlmə kəsən var, nə söz eşidən,
Ya mən vəhşilərin arasındayam,
Ya qaçıb gediblər məntək vəhşidən!

Dərdlərim püskürüb, kül cıxır dizə,
Yanıb vulkan kimi sönübdü dünya.
Yaşaya-yaşaya ölən mənəmsə,
Niyə yasxanaya dönübdü dünya.

Yaza yaz deyilməz otu bitməsə,
Boş ümid, boş ürək, yanğı, susuzluq...
Mən hara gedirəm azğın yollarda,
Mənzili yoxdursa, yol da yolsuzluq...

Bir artıq adamam bu yer üzündə
Bakı qumlarında izim də artıq
Bircə anlayanım vardı dünyada
Onu itirəndə, sözüm də artıq...

Kimsənin yadına düşmək istəməm,
Kimsəsiz adadır hər yalqız adam
Daha bu dünyada nə işin Sənin?!
Əlvida, Şairim, artıq Əlvida!


VAY HALINA

Yağış da göz yaşıdı – töküldü yüngülləşdin,
Vay ağlaya bilməyənlərin halına...
Gülüşlər şimşək kimi zülmətdən işıq arar,
Vay gülə bilməyənlərin halına...
Hara səslədin gəldim,
Vay gələ bilməyənlərin halına...
Ayrılıqdan ölüm xoş!
Vay ölə bilməyənlərin halına...


HARDASAN

Bu necə yaz günüdür –
Nəğməsi susdurulmuş?
Bütün qanadlıların qanadları qırılmış...
Şəlalələr çağlamır, çaylar lal olub birdən
Buludlar üzü yerə
qaralıb sürünməkdən...
Ürəyimdə bir kəlmə söz qalmamış deməyə...
Nə baxmağa həvəs var, nə də ki dinləməyə...
Dağdan qopan daş kimi uçuruma gedirsən...
Birdən bir səs soruşur: Hardasan? Nə edirsən?


ÇƏTİNDİR

Bilirsən sənsizlik necə çətindir?
Yazmaq istəyirəm, sözümə sığmır.
Kişiyəm, ağlamaq ar gəlir mənə,
Di gəl göz yaşlarım gözümə sığmır!

Üzümə gülürdü dünən yer üzü,
Bu səhər baxışlar zəhərdir, zəhər.
Dünən tükənməyən xəzinə idim,
Soyuldü sonadək qəlbimdəkilər.

Əlim işə yatmır, otağim zindan,
Yollara çıxıram, yol üzü dönük.
Sənsiz bu dünyanın dənizi laldır,
Göyləri bulanıq, günəşi sönük...

Bəlkə heç bitmədi bu ezamiyyət...
Bilirsən sənsizlik necə çətinmiş?
Sən demə halalca yediyim çörək,
Udduğum hava da məhəbbətinmiş.

Dünya ki bu qədər haldan-haladır,
Yaşayım, qoruyum! Nə üçün, nəyi?
Sən dünən sevimli eşq mələyimdin,
Bu günsə güzəştsiz Ölüm Mələyi!..


BU NECƏ OCAQDIR

Bu necə ocaqdır – odu bilinməz,
Bu necə qismətdir – dadı bilinməz,
Bu necə nəğmədir – adı bilinməz?!
Dilimdən düşməyən duamdır mənim.

İstər ümidimin yollarını kəs,
İstər planetin o ucunda gəz,
Daha bu ağrıya sevgi deyilməz-
Yeməyim, içməyim, havamdır mənim.

Ölməzlik dilərsən? Bu badəni iç.
Sonsuzluq istərsən? Bu yolları keç.
Mən Tanrı payından yarımadım heç,
Hətta sevgisi də davamdır mənim.


ÇIXA BİLMƏZSƏN

O mənəm – çiçəklər gözüylə baxan,
O mənəm – şəklini qaçırıb axan.
Ayağın dəyəndə sevinən otlar,
Çöhrəndən rəng alıb yanan buludlar,
Halını min dillə soran meşələr,
Yolunu gözləyən son bənövşələr,
Ocağı sozalan o kimsəsiz yurd,
Zaman karvanından ayrılan Boz Qurd.
Mənəm!
Yollarını güdüb yaşayan,
Yeməlindən yeyib, suyundan içib,
Udduğun havadan udub yaşayan.
Təbiət dostumdur, yollar qardaşım,
Heç nəyə yad gözlə baxa bilməzsən.
Bağrıma basmışam yer kürəsini,
Mənim qucağımdan çıxa bilməzsən!


SÖZÜN ACİZLİYİ

Bu günə bir söz yazım?
Sözün imkanı azdı...
Bu okean sevgimin
yanında söz dayazdı.
İl boyu daşıdığım
yükü götürə bilmir,
Min-min gizli duyğumu
dilə gətirə bilmir.
Rəngsizdi, ürəksizdi...
Biz vulkanıq, o sərin...
Şəklini çəkə bilmir urək nəğmələrinin.
Allahın səxavəti, bu tutqu qasırğası...
Hansı söz hifz eyləyər, yaşadar hansı yazı?!
Söz yazıq necə desin başımızdan keçəni,
Öldürüb dirildərək, necə sevmişəm Səni.
O doyulmaz gözəllik, zülməti qovan səsin,
Min baharın ətrindən daha şirin nəfəsin!
Üzümün qırışını ütüləyən dodaqlar,
İçdikcə doymadığım can dərmanı bulaqlar.
Əllərinlə görüşə əlimin tələsməsi,
Saçını daraqlayan barmaqların əsməsi...
O istək yarışında zirvədə olmağımız,
Ədalətsiz taledən intiqam almağımız,
Bir həsrət səhrasından keçib getmək əl-ələ...
Hansı sözə sığışıb, yatacaq hansı dilə?!
Hətta bütün dinlərin duası da, andı da,
Dilimizin yüz mini aşan lüğət fondu da
Sənin gözəlliyini çəkib yaşada bilməz,
Qəlbimin eşq yükünü tamam boşalda bilməz.
Adın dilim ucunda alışırsa hər səhər,
Bu tükənməz atəşə necə dözsün nəğmələr?!..


KÜSMƏ

Küsmə!
Onsuz da dünyanın məndən küsən vaxtıdır.
Gəncliyim üz çevirib getdi,
Günüm ağarmamış ağardı saçlar...
Yarpaqlar qopur budaqlarımdan,
Yerlə bir olur bu bəhrə, bu bar...
Kitablarım üçüb gedir pərvaz quş kimi,
Min dodaqda yuva qurur sözüm,
Öz yuvasını unutmuş kimi...
Küsmə!
Sənsizlik bunlardan min qat ağır,
Sən əlini çəkən kimi, Əzrayıl bic-bic baxır.
Küsmə!
Sənsiz hər şey solğun, mənasız, soyuq...
Təkbaşına bu dərdlər çəkilməz artıq.
Neynirəm bu boyda sevgini,
Kimin üçün bəsləyəcəyəm?!
Sən küssən, sevişməyə ölümü səsləyəcəyəm!


TANRININ İSTƏYİ

Tanrının sevgisindən yaranıb hər şey...
Çöl, dəniz, dağ... torpaqdakı cücü, budaqdakı yarpaq,
Dilimizdəki şəkər, canımızdakı duz,
Yer, göy, ulduz...
Səmadakı günəş, damardakı qan,
Ən sonda insan –
Yəni BİZ.
Tanrı sevgisinə bənzər sevgimiz.
Bəlkə də neçə minillik dayanılmaz axın,
Karvan-karvan yük bir ünvanaymış,
Nəsil ağacları, sülalə silsiləsi sevgimizdən yanaymış...
Bu bir tarixdi, yazdıq.
Qısa... İnsanlığın cövhəri.
Zamanın son savaşı, ümidin ilk səhəri.
Bəlkə bu sevgidən yanaymış
Göz yaşıyla yoğrulmuş sevgi dastanları.
Cənnət deyilən yer gülüstanları...
Yaz-qış, Ay-gün...
Hər şey sevgimiz üçün.
İnan!
Bir sevgi bu qədər zəhmətə dəyər...
Bəhrəsi varsa əgər...
Yəni yürüməkdən dizimiz yorulmursa,
Allahın əmanəti bizə çatıb qırılmırsa...
Tanrı milyon illik zəhmətinin
Bəhrəsini gözləyir bizdən.
Bəlkə körpə kimi
yenidən doğulmaq istəyir sevgimizdən?!


KİM QALDI

Yay ortası, sısqa yağış,
Səs-səmirsiz göz yaşları –
Son baharı saldı yada...


Könlüm nəğmə təşnəsiykən
Niyə sazım susdu birdən? –
Şair demiş: Sirri xuda!

Sahibindən ayrı düşmüş bir at kimi,
Yazıq qəlbim
ortalıqda fırlanmada...

Sevgilimi qanad bilib
yandırdım öz qanadımı,
Yarı daşam, yarı adam,

Kimdən soru soracağam,
Kim qaldı ki cavab versin,
Kim qaldı ki Bu Dünyada?!


MƏNİM DEYİLSƏ

Saçım əllərinçün sızladığı an
Və ya telefonlar susduğu zaman
Birdən anladım ki, mənim deyilsən!
Necə ki, nəğmələr dodağın deyil,
Necə ki, yarpaqlar budağın deyil...
Ağaclar meşənin, otlar çəmənin,
Yaş gözün, damlalar bulağın deyil!..
Gözüm arayanda Səni bulmayıb,
Qulağım səsinin həsrətindəykən,
İldırım gurladı: MƏNİM DEYİLSƏN!
Necə ki, qar dağın, Günəş səmanın
Ay-Ulduz gecənin, qürub axşamın,
Qartal qayaların, pərvanə şamın,
Sahillər dənizin, qanadlar quşun,
Ayaqlar yolların, yollar yoxuşun,
Ovxarlı qılınclar əlin deyildir...
Anladım...Anladım...Mənim deyilsən.
Dilimdən ayrılan sözlərim kimi,
Cığırlar ağardan izlərim kimi,
Doğulan səhərim, axşamım kimi,
Kitabım, qələmim, ilhamım kimi,
Çılğın ruhum kimi, sorağım kimi,
Qəbrimin üstündə torpağım kimi!..
Mənim deyilsən!
Tanrının özü də Sənindir demək,
Mənim deyilsə...


SƏNİ SEVMƏK

Səni sevmək – bir könül rahatlığı,
Hər günü bayrama çevirən sevinc,
Yağış deyəndə yağış, qar deyəndə qar.
Ömrü ölümsüzlük limanına aparan rüzgar...
Çiçəklərlə çiçək dilində danışmaq,
Tumurcuq-tumurcuq oyanmaq budaqlardan.
Hər gün bir səadət yolçuluğu başlayıb
Hər gün fateh kimi qayıtmaq uzaqlardan...
İncəlmək-iynə ulduzundan keçmiş kimi,
Dincəlmək-ölüm şərbəti içmiş kimi,
Yaşamaq! Anın ilə dönsün, illərin ana...
Səni sevmək! Allahla qohum olmaq.
... Və ya cənnəti bu dünyada görmək...
Mələklərin acığına...
Səni sevmək –
ürəyini bir bülbül yuvasına çevirmək
ömür ağacında...
Kimsə bilməsin Səndən başqa!
Sənin dodağından yem almayınca ac olmaq,
Havadan suyadək – Sənə möhtac olmaq!
Səni sevmək – ilk arzu, son niyyət,
Əbədiyyətdə ölümsüzlük və ölümdə əbədiyyət...


YAVRUM

Axşamlar Sənin üçün darıxıram, Yavrum!
Bilmirəm nədəndi?
Bəlkə qaranlığın saçlarına bənzəməyindəndi?
Ruhum titrəyir əllərimin bu qaranlığa toxunmağından.
Ya dağlara enən səssizlikdə
Cavabsız suallarımın qəmini oxumağımdan.
İşığa möhtacam – altında xəyallarım ölsə belə...
Bu tənhalığın sirli bir dili var,
Sirli bir dastanı...
olmadı yazan.
Bu dillə ayrı bir dünyaya səsləyir
sükutu dərinləşdirən əzan...
Dağlar – təqdimata hazırlanan heykəllərin
Hələ qaldırılmamış qara pərdəsi...
Min illərin gizlinləridir – açılmağa tələsir...
Ulduzlar, ulduzlar, ulduzlar…
O qədər yaxın ki, əl atsan çatar.
Budaqdan meyvə üz, ya ulduz qopar...
Hər ulduzda bir həsrət var,
Hər ulduz doğmadırsa gözün kimi,
Sevgi yağırsa baxışlarından,
Dünya bizlik deyil!
Yol axtaraq bu qaranlıqdan...
Gözlərin burda da gözdən qoymursa məni,
Həm uzaq, həm yaxın...
Budurmu səbəbi darıxmağımın?!

ÖLÜM DƏ GƏLSƏ

Yenə ömrün axarı alıb aparır məni,
Yenə qayçı-təyyarə biçir bulud-kəfəni.
Yenə ruhum üsyankar qürbətdəki hər günə...
Otel qəfəslərinə, yol adlanan sürgünə...
Meşələrin sonu yox, dağlar buluddan uca,
Gözümdə dəyəri yox Abşeronun qumunca...
Gözlərin bu dünyanın sahilsiz dəniziykən
Bu özgə dənizlərə nə oldu məni çəkən?
Sanılı günlər qalır - hərəsi bir fürsətdi.
Onlar da Sənsiz keçsə, taleyə xəyanətdi.
Bütün gözəlliklərin zirvəsi Sevgim isə,
Dünya nəyimə gərək, lənət belə həvəsə...
Havam, suyum, çörəyim!..
Hər şeyim Sənsən, Gülüm!
Məni daha buraxma, hətta gəlsə də Ölüm!


MƏN DƏ HƏLƏ YOL GƏLƏM

Yenidən doğulasan bir eşqin budağından,
Yenidən alışasan bir evin çırağından.
Kəlmələr yeni-yeni cücərə dodağından.
Mən də hələ yol gələm!..

Yenicə qoşulasan sinifdəki qızlara,
Yenicə boylanasan göz çəkən ulduzlara...
Hələ dilin yatmaya kitabdakı sözlərə,
Mən də hələ yol gələm!

Nə ürəkdə xəyalın, nə dildə ahın ola!
Nə gül ləçəyi qədər sirrin, günahın ola...
Sinəndəki butadan utanan çağın ola!
Mən də hələ yol gələm!

Güllərin rəngi qaça görəndə yanağını,
Arılar çiçəklərlə səhv sala dodağını,
Nə sevgi tanıyasan, nə qızlar bulağını...
Mən də hələ yol gələm!

Ömrün tale adına yadlığa daşınmamış,
Zərif ruhun ruhsuza rast gəlib aşınmamış,
Qanadsızlar əlində qanadların sınmamış...
Mən də hələ yol gələm!

Sonra günün birində ürəyində coşa qan,
Fikrini alt-üst edə gözlənilməz burulğan,
Dağların arxasından gələ bir kəndçi oğlan,
Tale bizi çıxara bir küçədə üz-üzə,
Nə ilahi təsadüf, nə qəfləti möcüzə!
Başımda şimşək çaxa, sular kimi durulam!
Allaha şükr eyləyib ilk baxışdan Vurulam!


VARİSİM

Hər şeyin varisi var dünyada, bilirəm.
Malın, mülkün, qızılın...
Birisi dildən-dilə ötürür bölgüsünü,
Başqası yazılı.
Ən uzun davalar da mülk, torpaq davasıdı.
Yüz-yüz qardaş qanı töküb
padşahların kirlənmiş adı.
Ev-eşik, xəzinə,
karvan çəkməyən ad-san.
Bəzən də ölkələri tapşırıb gedir insan.
Ağlın da vərəsəsi varmı, görəsən?
Sevginin, düşüncənin...
İnsanın pulunun yox, yollar açan gücünün?!
Olsa belə bir seçim:
Qəlbinin istisini bağışlamaq imkanı.
Yalnız Sənə verərdim bütün ruhumu, Canım!
Bilərdim məndən sonra
susmayacaq sevgiylə
oxutduğum Sarı Sim,
Ruhum da yaşayacaq, yaşadıqca Varisim!


BİR AN KİMİ

Bir ah kimi keçdi bahar,
Qulağımda açılan çiçəklərin pıçıltısı,
Qoşuldum axarına kükrəyən çayların,
Yarımçıq qaldı masamda yazım.
Tələsdirdim yarpaq dilimlərini əllərimlə,
Güllərə gəl-gəl dedi nəfəsim.
Baharın bir nəğməsini şimşəklər oxudu,
Bir nəğməsini dağlara düşən səsim!
Leysanlar boşaltdı qışda yığılan qəzəbini,
Yaşıllıqlar örtdü dünyanın kirlənmiş sifətini!
Ötəri gözəlliklər aldı gözümü,
Doyunca duymadım məhəbbətini!
Yay da sona varmaqda,
Dünya bir rüzgar həsrətindədir – tərini soyutmağa.
Tələsik keçir zaman son bahara çatmağa.
Axır ki, baş-başayıq,
Yollar da yorğun düşüb
Sanki bu qaçhaqaçdan,
Ömür özü bir ansa,
Nəymiş geriyə qalan?!
Nəymiş görən, o nəymiş?
Soyuyan ehtiraslar?
Təmizlənən göy üzü?
Min cür bəhrə gətirsin nə xeyri,
Önündə gəlirsə “Son” sözü?!

SƏNSİZLİYİ YAŞAMAQ

Yaşamaq istəyirəm Sənsizliyi,
Sənsizliyin ömrün sonuna tələsən sürüşmələrini,
Axşamlarımın Sənin yerinə tənhalıqla görüşmələrini.
Sənsizliyin saçlarının qaranlığından yadigar son qoxusunu,
Qapımın ölümdən başqa kimsəyə açılmamaq qorxusunu.

Yaşamaq istəyirəm Sənsizliyi,
Gözlərimin son damla yaşına,
Qürurumun adını dilimə gətirməmək savaşına,
Ürəyimin qırxdan, ildən sonra da qaradan çıxmamağına,
Tək qalanda güzgünün də üzümə baxmamağına
Heyrət nəğməsi yazmaq üçün...

Yaşamaq istəyirəm Sənsizliyi,
Qanadı bərkiməmiş yuvadan atılan quş kimi,
Kölgəndə ola-ola Səni unutmuş kimi.
Bütün ümidlərimi içim
son damlayadək,
Umsunmayım görüşə
Təkcə bir yolum qalsın – o da yönü keçmişə.

Yaşamaq istəyirəm Sənsizliyi!
Əlimdən qurtulasan!
Ancaq bu Sənsizliyin sonunda Sən olasan!


NƏ OLSUN

Sənsiz qəmə əyildim,
Ya da şadam, nə olsun?
Gəlsin ziyarətimə
Min-min adam, nə olsun?

Şöhrətim dağdan uca,
Adım sirrə yol açan,
Hər şəhərdə gül bağçam,
Altun odam, nə olsun?

Ensə qızıl qanaddan,
O əbədi muraddan,
Bəxt əl çəkib inaddan,
Versə butam, nə olsun?

Layla, ağı, göz yaşı,
əbədiyyət sirdaşı,
ömrün boyu daş daşı
Sonu edam... Nə olsun?!

Həm sevgi var, həm kələk
Həm divanə bir ürək
Sonda gözləyir mələk
Əlində cam, nə olsun?!