“Bəzən deyirlər ki, vergilərin yüksək olmasında maraqlıyıq”

bezen-deyirler-ki-vergilerin-yuksek-olmasinda-maraqliyiq
Oxunma sayı: 825

“Hazırda ölkədə 880 mindən çox aktiv vergiödəyicisi, 61 mindən çox aktiv ƏDV ödəyicisi və 242 mindən artıq aktiv təsərrüfat subyekti fəaliyyət göstərir”.

“Qafqazinfo” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli AZƏRTAC və “REAL TV”yə müsahibəsində bildirib.

Xidmət rəisinin sözlərinə görə, bu göstəricilər iqtisadiyyatın genişlənməsinin birbaşa nəticəsidir: “Son 7 ilin göstəricilərinə nəzər salsaq, ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 67 faizdən 80 faizə yüksəlib. Bu, kifayət qədər əhəmiyyətli artımdır.

Biz yalnız dövlət büdcəsindəki mütləq göstəricilərə deyil, həm də vergi daxilolmalarının ümumi daxili məhsuldakı payına diqqət yetiririk. Həmin dövrdə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 9,4 faizdən 12,7 faizə yüksəlib”.

Orxan Nəzərli qanunvericilik aktları içində ən çox Vergi Məcəlləsinə edilən dəyişikliklərdən də danışıb: “Biz həqiqətən də sahibkarlarla keçirdiyimiz görüşlərdə, eləcə də parlamentdə deputatlarla və digər həmkarlarımızla müzakirələr zamanı bu mövzunun qaldırıldığını görürük. Qeyd olunur ki, Vergi Məcəlləsinə hər il dəyişikliklər edilir. Lakin hesab edirəm ki, burada əsas diqqət dəyişikliklərin sayına deyil, onların mahiyyətinə yönəldilməlidir.

Vergi Məcəlləsində həyata keçirilən dəyişikliklər vergi dərəcələrinin yüksəldilməsi hesabına baş vermir. Dəyişikliklərin içərisində vergi dərəcələrinin artırılması ilə bağlı hallara nəzər yetirsək, əsasən yalnız aksiz vergiləri ilə bağlı dəyişiklikləri görə bilərik. Bu isə tütün məhsulları, alkoqollu içkilər və digər aksizli məhsullara tətbiq olunan dərəcələrlə əlaqədardır.

Bu dəyişikliklərin əsas hissəsi biznes mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi və sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması ilə bağlıdır. Məsələn, ötən il həyata keçirilən dəyişikliklərdən bir neçəsi vergi hədlərinin artırılması ilə bağlı olub. Sadələşdirilmiş vergiödəyiciləri üçün müəyyən edilmiş 200 min manatlıq limit nağdsız hesablaşmaların təşviqi məqsədilə fərqli güzəşt tətbiq edildi. Belə ki, nağdsız əməliyyatlar aparıldığı halda həmin hədd 400 min manatadək artırıldı.

Digər nümunə kimi kirayə gəlirləri ilə bağlı tətbiq olunan güzəştləri göstərmək olar. Bu kimi dəyişikliklərin sahibkarlar tərəfindən müsbət qarşılandığını düşünürəm.

Burada bir məqama da toxunmaq istəyirəm. Bəzən belə bir fikirlər səslənir ki, Dövlət Vergi Xidməti vergi dərəcələrinin yüksək olmasında maraqlıdır. Lakin bu, düzgün yanaşma deyil.

Biz öz strategiyamızı, gələcəyə baxışımızı və strateji hədəflərimizi açıq şəkildə müəyyən etmişik və ictimaiyyətə təqdim etmişik. Həmin strategiyaya uyğun olaraq illik hesabatlar hazırlanır. Ötən il ilk belə hesabat təqdim olunub və bu, cəmiyyət qarşısında hesabatlılığımızın göstəricisidir”.

Xidmət rəisi qeyri-neft sektorunda vergi güzəştlərinin ləğvi məsələsinə də toxunub. O bildirib ki, qeyri-neft sektorunun özəl bölməsində əmək gəlirlərinə tətbiq olunan güzəştlərin əsas məqsədi əmək münasibətlərinin leqallaşdırılması olub. Beləliklə, 2019-cu illə müqayisədə həmin sektorda əmək müqavilələrinin sayı 91 faiz artıb: “Güzəşt müddəti başa çatdıqdan sonra hökumət daxilində müzakirələr aparıldı və tam geri dönüş deyil, mərhələli keçid modeli seçildi. Bu modelə əsasən, 3 il ərzində vergi dərəcəsinin mərhələli şəkildə artırılması nəzərdə tutulur. Beləliklə, birinci ildə 3 faiz, ikinci ildə 5 faiz, üçüncü ildə isə 7 faiz dərəcəsinə keçid həyata keçiriləcək.

Hesab edirik ki, bu yanaşma həyata keçirilən islahatların nəticələrini qoruyub saxlamağa imkan verəcək. Çünki əsas risklərdən biri ondan ibarət idi ki, əmək münasibətləri leqallaşdıqdan sonra əvvəlki vəziyyətə qayıdış kölgə iqtisadiyyatının yenidən genişlənməsinə səbəb ola bilərdi. Aparılan müzakirələr nəticəsində formalaşdırılan bu model həmin riskləri minimuma endirməyə imkan verir”.

O.Nəzərli qeyd edib ki, gələcəyə baxışın əsas məqsədi vergi ödəyiciləri üçün daha proqnozlaşdırılan, rahat və əlçatan mühit formalaşdırmaqdır: “Bu istiqamətdə yeniliklərdən biri artıq 2027-ci ildən qüvvəyə minəcək. Söhbət qeyri-neft özəl sektorunda fəaliyyət göstərən biznes subyektləri üçün ƏDV depozit hesabındakı vəsaitlərin sosial ödənişlərə yönəldilməsi imkanından gedir. Bununla bağlı qanun artıq imzalanıb və mexanizm 2027-ci ildən etibarən dörd il müddətində tətbiq olunacaq.

Hesab edirik ki, bu dəyişiklik şəffaf fəaliyyət göstərən biznes subyektlərinin dövriyyə kapitalına olan ehtiyacının azalmasına və mövcud vəsaitlərdən daha səmərəli istifadə etməsinə imkan yaradacaq”.