“Bəzən tələbələrin özünün səhlənkarlığı ucbatından gecikmələr olur ki...”

bezen-telebelerin-ozunun-sehlenkarligi-ucbatindan-gecikmeler-olur-ki
Oxunma sayı: 654

Təhsil nazirinin müavini Qulu Novruzovun “Qafqazinfo”ya müsahibəsi


- 2007-ci ildə qəbul edilən Xaricdə Təhsil üzrə Dövlət Proqramı bu illər ərzində üzərinə götürdüyü vəzifələri yerinə yetirə bilibmi?
- Mən hesab edirəm ki, proqram qarşısına qoyduğu vəzifələri kifayət qədər uğurla yerinə yetirə bilib. Belə ki, biz proqramının icrasına 2007-cil dən 66 nəfərin göndərilməsi ilə başlamışdıqsa, növbəti illərdə bu say daha da artmış oldu. Say dinamikasına baxdıqda proqramın icrasının ikinci ilində 134, sonrakı illərdə 308 və.s tələbə göndərildiyinin şahidi olarıq. Ötən tədris ilin göndərilən tələbələrin sayı 421, bu il isə bu say 600-ü aşıb. Gördüyünüz kimi, sayda artım dinamikası mövcuddur. Dövlət Proqramı Azərbaycan iqtisadiyyatı üçün əmək bazarının tələblərinə və ehtiyaclarına uyğun olaraq yüksək səviyyəli kadrların hazırlanması ilə bağlıdır. Bu istiqamətdə Azərbaycan Republikası Prezidenti yanında Təhsil Komissiyası yeni prioritetlərə uyğun olaraq daha çox ehtiyac duyulan ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsinə başladı.

- Proqramın tələbinə uyğun olaraq 5000 nəfər tələbə göndərilməli idi.
- Bu günə qədər 1800-dən artıq azərbaycanlı gənc dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq üçün xaricə göndərilib. 1200 nəfərdən artıq tələbə hazırda təhsil almaqdadır. Dövlət Proqramı çərçivəsində artıq 500-dən artıq tələbə məzun olmuşdur. Say məsələsinə gəldikdə isə Təhsil Nazirliyi üçün əsas hədəf çoxlu sayda tələbələrin göndərilməsi deyil, daha çox ehtiyac duyulan ixtisas istiqamətləri üzrə tələbələrin göndərilməsidir.

- Ekspertlər iddia edir ki, nəzərdə tutulan bu proqram pərakəndə fəaliyyət göstərir. İcrasında müəyyən problemlər var. Siz necə düşünürsünüz?
- Biz də çox istərdik ki, bu Proqram haqqında rəy bildirənlər doğrudan da təhsil ekspertləri olsunlar. Təəssüflər olsun ki, bu belə deyildir. Çünki, bu “ekspertlər”in Proqramın icra mexanizmi, proseduru və ümumilikdə həyata keçirilməsi ilə bağlı məlumatları çox bəsitdir. Artıq ikinci ildir ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyənlərin sənədlərinin qəbulu elektron formada və ərizəçilər müvafiq sənədlərin əslini nazirliyə təqdim etmək üçün vaxtı da özləri elektron formada seçirlər. Nazirlikdə bu işlə məşğul olan mütəxəssislər ərizəçilərin sənədlərinin Proqramın qaydalarına və şərtlərinə uyğun olub-olmadığı yoxlayırlar. Sənəd qəbulu artıq 3 ildir ki, may ayının əvvələrindən avqust ayının sonuna kimi həyata keçirilir. Tələbələrin vaxtında təhsil yerinə getmələrini təmin etmək üçün proses zamanı ardıcıl olaraq nəticələr açıqlanır. Hər şey çox ciddi, mütəşəkkil və şəffaf şəkildə həyata keçirilir. Bu barədə rəyi elə proses iştirakçılarının (müsbət və mənfi cavab alan ərizəçilər) özlərinin söyləməsi daha obyektiv olardı. Bir sözlə ötən 5 il ərzində qazanılmış təcrübə əsasında bu prosedurlar daha təkmil, daha şəffaf və heç bir çətinlik olmadan həyata keçirilir.

- Göndərilən tələbələr geri qayıdıb?
- Proqram çərçivəsində məzun olanların böyük əksəriyyəti vətən qayıdıb. Bir hissəsi isə təhsili davam etdirir. Qayıdanlar içərisində təbii ki, hərbi xidmətdə olanlar da vardır. Amma, məzunların böyük əksəriyyəti Azərbaycanda əmək bazarında çalışmaqdadırlar. Təbii ki, Proqram çərçivəsində məzun olanlar uğurlu karyeraya başlayırlarsa, onların ölkəyə qayıtmalarına təkid etməyə ehtiyac yoxdur. Əksinə olaraq mən tam məsuliyyətimlə deyirəm ki, proqram üzrə qalanların sayı gözlənildiyindən azdır. Bəlkə də sizin “ekspert”adlandırdığınız adamlar xaricdə erməni diasporunun güclü olması, Azərbaycan diasporunun mövqelərinin zəif olması barədə də iddialar irəli sürürlər. Kimdir erməni lobbisi? Bu lobbini güclü edən kimlərdir? Bunlar yaşadıqları ölkələrdə təhsil almış və yüksək mövqe tutmuş erməni millətindən olan şəxslərdir. Azərbaycanlı bir gənc proqram məzunu orada bir akademik karyera qurursa, 5 ya 10 ildən sonra oranın professoru olacaqsa, bu çox vacib məqamdır. Yaxud proqram məzunu gənc orada qalıb inzibati bir vəzifə tuturaraq, özünün biznes bacarıqlarını reallaşdırıraq 10 ildən sonra o cəmiyyətdə yüksək mövqeyə malik olacaqsa, biz niyə onun qalmasına etiraz etməliyik?
- Yəni bilmək istəyirik ki, müqavilədə göstərildiyi kimi, qayıtmayanlar dövlətin onlara çəkdiyi xərci geri qaytarıblarmı?
- Proqram tələbələri ilə Nazirlik arasında imzalanmış müqavilənin öhdəliklərinə görə yalnız təhsilini müvəffəqiyyətlə başa vurmayanlar heç bir fors-major olmadığı təqdirdə dövlətin onların təhsilinə çəkdiyi xərci bir mənalı şəkildə geri qaytarmalıdırlar. Proqramdan xaric olunan belə tələbələr var və onların artıq həmin vəsaiti nazirliyin hesabına qaytarmışdır. Çox yaxşı ki, belə tələbələrin sayı bir neçə nəfərdən artıq deyildir.

- Proqramın icrası üçün ayrılan vəsait tam xərclənib?
- Proqramın icrasının ilk illərində bu vəsaiti tam xərcləyə bilmirdiksə, son iki ildə isə bu vəsaitin tam şəkildə xərclənməsinə nail olmuşuq. Cari ildə də proqnozlar vəsaitin tam şəkildə xərclənəcəyini göstərir, artıq il yekunlaşmaq üzrədir və proqnoz özünü doğruldur.

- Sizin fəaliyyətinizi subyektiv hesab edənlər var. Siz necə düşünürsünüz?
- Hər bir müsabiqədə uduzanlar və udanlar olur. Təbii ki, proqramda bilik bacarıqları aşağı olan, TQDK-nın imtahanlarından kifayət qədər bal qazanmayan, xarici ali məktəblərə qəbul şərtlərini tam şəkildə ödəməyən qəbul olunan, yaxud prioritet hesab olunmayan ixtisaslar üzrə qəbul olunanlar var ki, onların sənədləri qəbul olunmur, yaxud da müsabiqədə onlara müsbət cavab verilmir. Bu iddiaçılar onlar haqqında qəbul olunan qərarın səbəblərini bildikdə anlaşıqlı qəbul edirlər. Proqram iştirakçılarının kimliyi, hansı sosial təbəqəyə, ailələrə məxsus olduğu, o cümlədən Azərbaycanın regionları üzrə necə təmsil olunduqları ədalətli, peşəkar təhsil ekspertləri, o cümlədən, siz jurnalistlər tərəfindən araşdırılmasında biz çox maraqlıyıq. Təəssüflər olsun ki, hər dəfə belə iddialar irəli sürənləri açıq debata çağırsaq da, bunlar yalnız ümumi söz deməklə kifayətlənmişlər. Əvvəla, Proqramın öz prioritetləri və prinsipləri vardır. Təbii ki, bu prosesdə narazılar da qalır. Qrup şəklində ərizəçilərin iştirakı ilə həyata keçirilən bu prosesdə mənfi cavab alanlar qərarın ədalətliliyinə şübhə etmədiklərini və bununla razılaşdıqlarını bildirirlər. Bu isə prosesin tam şəffaf aparılması ilə bağlıdır. Ən maraqlısı isə odur ki, Proqram haqqında mənfi fikir söyləyənlər prosesə heç bir aidiyyatı olmayan “ekspert”lərdir. Proqramdan narazı olanlar vardır. Sosial-humanitar elmlər ixtisası üzrə təhsil almaq istəyən belə iddiaçılar Proqramda iştirak edə bilmədiklərindən təbii ki, narazıdırlar, lakin qeyd etməliyəm ki, proqram Dövlət Proqramıdır və müvafiq dövlət qurumlarının rəyi əsasında respublikanın inkişafı üçün daha zəruri olan ixtisas istiqamətləri müəyyən olunurş. Bunu tam məsuliyyətimlə deyirəm. Bəli. Hansısa hüquq, idarəetmə və bu kimi ixtisas istiqamətləri üzrə xaricdə təhsil almaq istəyənin biz sənədini qəbul etmirik. O bizdən narazı qalır. Proqram haqqında tənqidi fikirlər söyləyənlər xarici dövlətlərin qrantlarını alıb sifarişlə bu proqramın adına ləkə vurmaq istəyənlərdir. Biz onların hansı məqsədləri olduğunu sübut edə bildik, ifşa etdik. Onlar da bu barədə özlərinin qeyri-obyektiv olduğunu və hansı sifarişləri yerinə yetirdiklərini də yaxşı bilirlər. Təəsüflər olsun ki, bu günə qədər ümumi sözlərdən başqa, konkret fakt üzrə bu proqrama ittiham yağdıran olmayıb.

- Bəzən olur ki, 300 balı toplayan gənc xaricə oxumağa göndərilir, amma 600 balı toplayan yox. Bu necə olur?
- Xaricdə təhsil almaq istəyən ərizəçi 600 bal yox, hətta 700 bal yığsa belə, qeyri-prioritet ixtisas üzrə təhsil almaq istəyəcəksə, biz onun sənədini qəbul etməyəcəyik. Biz 500 bal göstəricisinə malik mühəndislik, biotexnologiya, nanotexnologiya sahələri üzrə təhsil almaq istəyən ərizəçiyə daha çox üstünlük veririk, nəinki 600 bal göstəricisinə malik qeyri-prioritet sahə üzrə təhsil almaq istəyənə. Dövlətin maraqları bu gün fundamental, texniki elmlər, mühəndislik, turizm, kənd təsərrüfatı, tibb elmləridir. Tibb elmləri, İKT, mühəndislik istisna olmaqla, digər prioritet sahələr üzrə rəqabət qabiliyyəti aşağı səviyyədədir və biz də vəziyyətə görə narahatıq. Məlumat üçün bildirirəm ki, prioritet ixtisas istiqamətləri Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müəyyən edilir.

- Şikayətlənən gənclər var ki, onların təhsil və yaşam xərcləri vaxtlı-vaxtında ödənilmir...
- Vaxtlı-vaxtında ödəyirik. Sadəcə olaraq tələbələr getdiyi ölkədə oxumağa başlayan kimi bunu etmək mümkün olmur. Ödənişlər Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilir və bu vəsaitlərin də öz xərclənmə mexanizmi var. Mövcud prosedur çərçivəsində tələbələrin yaşayış xərclərinin köçürülməsi (vəsaitin Təhsil Nazirliyi tərəfindən sifarişi, Dövlət Neft Fondu tərəfindən sifarişin açılması, Təhsil Nazirliyi tərəfindən köçürülməsi) üçün 1-2 aylıq vaxt tələb olunur. Proqram qalibi olmuş tələbələrə və onların valideynlərinə deyirik ki, onlar təhsil yerinə gedəndə müəyyən qədər yaşayış xərci tələbələrin yanında olsun. Tələbələrin yaşayış və təhsil xərclərinin ödənilməsində bəzən tələbələrin özünün səhlənkarlığı ucbatından gecikmələr olur ki, bu da tələbələrin sənədləri nazirliyə vaxtında təqdim etməməsi ilə bağlıdır. Amma sənədləri vaxtında təqdim edilən tələbənin yaşayış və təhsil xərclərinin ödənilməsində heç bir problem olmur. Mütəmadi olaraq nazirliyin saytında müvafiq bildirişlər yerləşdirilir, ayrı-ayrı ölkələr qrupuna məsul olan əməkdaşlar tərəfindən elektron şəkildə yazışmalar vasitəsi ilə tələbələrlə birbaşa əlaqə saxlanılır. Yəni kimin probleminin nə olduğunu və həmin problemin nədən qaynaqlandığını biz hər kəsdən yaxşı bilirik. Ona görə də, qətiyyətlə deyə bilərik ki, Dövlət Proqramının icrasında narahatçılığa səbəb olacaq bir amil yoxdur, əksinə biz Proqramın şəffaf, ədalətli və peşəkarcasına həyata keçirilməsinə nail oluruq. Bu Proqram Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərimizə göstərilən qayğının nümunələrindən biridir və buna görə də Proqramın tam uğurla həyata keçirilməsi üçün nazirliyin əməkdaşları böyük səy göstərirlər.

Günel Türksoy

Müsahibə “Qızılbaş” GMİB-nin QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “Gənclərin problemlərinin mediada müzakirəsi, ictimai debatlar” layihəsi çərçivəsində hazırlanıb.