Binəqədidə də Zəfər Günü qeyd olundu - Fotolar

bineqedide-de-zefer-gunu-qeyd-olundu
Oxunma sayı: 949

8 Noyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr- “Zəfər Günü”nə həsr olunmuş “Zəfərimiz qürurumuzdur!” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri- Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, şəhid ailələri və qazilər, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini və  Birinci Qarabağ, Aprel döyüşləri və Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad edib.

Tədbir ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra “Renesans” uşaq xorunun ifasında Dövlət Himninin səslənməsi ilə açıq elan olunub.

Tədbirdə təbrik nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev Şanlı Qələbə - 8 Noyabr – “Zəfər Günü” münasibətilə hər bir kəsi təbrik edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. 

Millət vəkili Kəmaləddin Qafarov çıxışında qeyd edib ki, artıq yeni tarixi reallıqlar içərisində yaşayırıq. Dəyişən hadisələr təkcə Azərbaycanın və xalqımızın taleyində baş verənlərlə bitmir. 30 illik münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azad edilməsi daha geniş coğrafiyanın reallıqlarının dəyişməsi ilə müşahidə olunub və olunmaqdadır.

Növbəti çıxış edən millət vəkili Azay Quliyev çıxışında qeyd edib ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcəkdir.

Yekun nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd edib ki, 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrilib.

Tədbirin bədii hissəsində Xalq artisti Mənsum İbrahimovun, əməkdar artist Nurlan Növrəslinin, gənc müğənnilər-Mərdan Kazımov, Günay İbrahimlinin, “Renesans” uşaq xorunun ifasında sevilən və vətənpərvər musiqilər səslənib.