Bir paylaşıma görə milyonlar qazanırlar

bir-paylasima-gore-milyonlar-qazanirlar
Oxunma sayı: 4765

Dünyaca məşhur ulduzlar məşğul olduqları işlə yanaşı sosial şəbəkələrdən, xüsusilə, instaqramdan da pul qazanırlar. Hollivud ulduzları, müğənnilər və futbolçular instaqramdan bir yazı ilə milyonlarla dolları ciblərinə qoyurlar. Brendlər dünyanın hər yerindən məşhurlar üçün sıraya düzülür və izləyicilərin sayına görə onlara ödəyəcəkləri məbləği hesablayırlar. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən instaqramdakı paylaşıma görə milyonlar əldə edən həmin məşhurların siyahısını təqdim edir:

Məşhur futbolçu Kriştiano Ronaldo instaqramdan qazandığı qazancla birinci yerdədir. Belə ki, Səudiyyə Ərəbistanının “Əl Nassr” komandasında çıxış edən və instaqramda yeganə olaraq 600 milyon izləyici ilə rekord qıran portuqaliyalı futbolçu tək paylaşımdan 2 milyon 397 min dollar (4 074 900 manat) qazanır.

Argentina millisinin ulduzu Lionel Messi 482 milyon izləyicisi ilə hər paylaşımla 1 milyon 777 min dollar (3 020 900 manat) qazanır.

Amerikalı realiti-şou ulduzu və influencer Kayli Cenneri instaqramda 398 milyon insan izləyir. O, hər paylaşıma görə 1 milyon 835 min dollar (3 119 500 manat) qazanır.

Amerikalı müğənni və aktrisa Selena Qomez 427 milyon izləyici ilə instaqramda ən çox izləyicisi olan qadın ünvanına sahibdir. Qomez instaqramda etdiyi hər paylaşıma görə 1 milyon 735 min dollar (2 949 500 manat) qazanır.

Hollivudun ən çox qazanan aktyoru tituluna sahib olan Dueyn Consonun instaqramda 388 milyon izləyicisi var. O, paylaşdığı hər posta görə 1 milyon 713 min dollar (2 912 100 manat) qazanır.

ABŞ müğənnisi Ariana Qrande 378 milyon izləyicisi olan instaqram hesabından paylaşdığı hər posta görə 1 milyon 687 min dollar (2 867 900 manat) gəlir əldə edir. 

Səhnə geyimi ilə hər zaman diqqətləri çəkən amerikalı müğənni Beyonsun instaqramda 315 milyon izləyicisi var. Sənətçi hər paylaşımdan 1 milyon 393 min dollar (2 368 100 manat) qazanır.