“Bizdə heç bir şəhvət hissi oyanmır”

bizde-hec-bir-sehvet-hissi-oyanmir
Oxunma sayı: 7112



“Toxuna da bilərəm.”

“onların valideynləri də bilir.”

Bu dəfəki müsahibim gənc olmasına baxmayaraq, istedadlı və bir çox sərgilərdə əl işləri ilə seçilən heykəltəraş Elvin Arifsoydur. Onun “Qafqazinfo” ya olan müsahibəsini oxuculara təqdim edirik.

-İlk öncə bundan başlayaq; niyə heykəltəraşlıq, niyə bu sahə?

-“Həyatda təsadüf yoxdur” cümləni belə başlayım. Və bunu qəbullanmağım Allahın varlığına inancımın sübutudur. Orta məktəbi bitirdiyim ilk il həkimlik sahəsinə sənəd vermişdim ATU-ə , atamın istəyi ilə. Daxil olmadım. O qədər də istəyim olmayıb. İncəsənətə xüsusi məhəbbətim olub və bu səbəbdən daima bu sahənin insanları ilə ünsiyyətdə olmuşam, məlumatlanmışam. Film sevgisi cox olduğundan özümü İncəsənətin rejissorluğunda sınamaq istəmişəm. Amma qismət belə gətirdi ki, alınmadı. Sonradan heykəltəraş dostların kollektivinə düşdüm və bu mənimçün bir dönüş oldu. Onu deyim ki, böyük qardaşım heykəltəraşdır. Sadəcə mən bunu o, bu sahədədir və səmimi desək eqoizm, yəni ailədə bir heykəltərəş var, mən fərqli sahə seçməliyəm deyə düşünürdüm. Amma vəziyyət elə gətirdi ki, ətraf mühitim, bu sahənin adamları, qardaşımla işləmək, ruhi azadlıq, sərbəst qrafika və s. bunlar qərarımda işıqlanma yaratdı. Üç ay qabiliyyət imtahanına hazırlaşmağım nəticəsində özümü Rəssamlıq Akademiyasında tapdım. Universitet illərim mənə həqiqi mənada çox şey öyrətdi. Biri var soyuq uşaq ağlıyla, orta məktəbi bitirən bir gənc kimi əhli-keflə ali məktəbə girib, gəlib dərsi önəmsəməyəsən, biri də var ki, artıq özünü tanıyıb, tapıb və nə istədiyini bilərək , sırf öyrənmək üçün ali məktəbə daxil olasan. Yəni mən Akademiyaya girib yüz faiz faydalanmaq istəyirdim.

-Dediniz ki, atanızın arzusu idi və buna görə ATU-ə sənəd vermişdiniz. Ailəcə mentalitet və bu kimi tabular varmı?

- Yox deməzdim. Mentalitet ümumi qavramdır, amma atamın sırf bizim ailəmiz üçün qoyduğu qanunlar var. Bu cəmiyyətin qadağaları deyil, atamın şəxsi istəkləridir. Ümumilikdə isə ailəmizdə demokratik rejim var. Yəni, o ATU-ə sənəd verən illərdə bu onun bir istəyi idi, hökmü yox və orta məktəb proqramını da pis mənimsəmirdim. O sahədə oxusaydım da inanıram ki, həkim də ola bilərdim. Ümumiyyətlə insan beyni elədir ki, nəyəsə yönləndirsənsə, istədiyini əldə edə bilərsən.

-Onda belə çıxır ki, sizin heykəltəraş olmanız istedad, incəsənət sevgisi və ilahi bir vergi deyil?! Sadəcə özünüzü bu sahəyə yönləndirmisiz və heykəltəraş olmusunuz?

- Yox, sözsüz ki, elə deyil. Bizim ailədə və nəslimizdə incəsənətə maraq olub. Bu genetik də keçə bilir. Amma tibb sahəsi oxumaqla öyrənilirsə, deməli istəsəydim oxuyub həkim ola bilərdim.

- Çılpaq xanım rəsimləri çəkir və heykəllər hazırlayırsınız. Bu xanımlara, yəni naturalara münasibət necədir? Və bu sizdə şəhvət hissi oyatmır ki?

- Bizim cəmiyyətlə, yəni akademiya mühitində olan insanlarla, toplumun onlara münasibəti tamam fərqlidir. Həmin xanımlara biz iş prosesində cansız əşya kimi baxırıq. Materialdan başqa heç nə. İş obyektidir sadəcə. Mühitdən çox şey asılıdır, toplum üçün böyük qəbahətli bir şey hesab oluna bilər, bizim üçünsə adi haldır. Bizim akademiyada natura olan xanımlar var ki, onların valideynləri də bilir. Sualın məğzinə dönsək, yox, bizdə heç bir şəhvət hissi oyanmır, hətta mən naturalara toxuna da bilərəm. Çünki rəssam sadəcə çəkir müstəvi üzərində forma yaradır, amma heykəltəraş həmin fiqurun anatomik quruluşunu hiss etməlidir bəzən. Əzələlərin hansı istiqamətdə yönlənməsi, dərinliyi və s. Fərqi yoxdur qadın və ya kişi. Yəni, orda başqa nədənsə söhbət gedə bilməz. Bilirsən, biri var göz qavrayışı, forma, biri də var , misalçün, gözünüzü yumub, bir daşı yerdən götürüb onun hansı fiqurda olmasını təsəvvür edə bilərik. Hər hansı bir fiquru əlimizə götürüb əlin içində gəzdirsək, onun oval, düz, kəskin olmasını dəqiq bilə bilərik. Gözümüzü açanda yalnız görməmiz gərəkən onun rəngi olur. Belə deyək də, praktiki yaddaş daha dəqiq olur. Çox insan bundan çəkinir, qaçır, amma məncə ehtiyac yoxdur çəkinməyə. Çünki bilirəm ki, bu daha dəqiqdir, faydası daha çoxdur. Toxunuş, qavramağa daha çox kömək edir.

- İncəsənət adamı olmayan ətrafınızın sizə, həyat tərzinizə, görkəminizə olan münasibəti sizi narahat etmir ki?

- Yox, əslində önəmsəmirəm deyə narahat etmir. Bir gülməli məqam olur ki, saqqal saxlayıram deyə ən çox verilən sual bu olur “Vəhabisən?”. Mən də gülürəm, deyirəm yox imicdir. Sadəcə belə cavab verib keçirəm. Bizim bədbəxtliyimiz odur ki, saqqallı adam görəndə hamı onu vəhabi hesab edir. (gülümsünür) Heç demirəm heykəltəraşam ya nəsə. Çünki ehtiyac da yoxdur. Mən heç bu sahədə olmayan vaxtlarımdan, orta məktəbi bitirəndə də artıq saqqal saxlamağa başlamışam. Mən bunu sadəcə sevirəm. Heç bu sahədə olmasaydım da saqqal saxlayacaqdım. Ümumiyyətlə uşaqlığımdan saqqallı kişilər diqqətimi çox çəkib, nədənsə mənə müdriklik təəssüratı bağışlayıb.

İnsan düşünə bilən olmalıdır. Yaradıcı insanların göstəricisi onların fərqliliyidir. Saç, saqqal, geyim hamısı daxil olmaqla. Bunları bilərəkdən eləmirlər, onların daxili dünyası buna vadar edir. Daxili aləmin güzgüsü deyərdim ki, xarici görkəmdir.

-Dünya miqyasında ən çox bəyəndiyiniz heykəltəraşlar kimlərdir?

-Klassiklərdən başlayım o zaman. Mikelancelo dahidi ,heykəltəraşlığın atası sayılır. Bizim akademizm kanonları ondan yararlanır. Ondan üzü bu tərəfə gəlsək çoxlarının adını çəkə bilərəm, məsələn Bernini. O, mərməri maksimum plastik hissiyatlı işləmişdi. Daha sonra Aqustin Roden, fransız heykəltəraşdır. Onu çox bəyənmişəm. Akademiya dövründə mənim və bir çox heykəltəraşların ən sevdiyi sənətkar sayılır.O, çox hissiyatlı və obrazlı işləyib. Heykəl var ki, heç bir hiss aşılamır, amma onun heykəlləri sanki insanla danışır. Rodeni fransız xalqı səhv etmirəmsə, 48 yaşında heykəltəraş kimi qəbul etmişdi. Dünyaya çıxanda çox ajiotaj doğurmuşdu. Onun bütün işləri dünyanın ən məşhur muzeylərində, həmçinin öz ev muzeyində qorunub saxlanılır.

3-4-cü kurs arası məndə müasir incəsənətə maraq daha çox oldu. Günümüzün müasir heykəltəraşlarından, məsələn, hindistanlı bir heykəltəraş var, Aniş Kapur. Onu çox bəyənirəm. Hətta o bir konseptual performans etdi. Hamımızın tanıdığımız “Gangam stayl” mahnısını incəsənətlə bağladı, kompozisiya etdi və özü də ifa edirdi. (gülümsünür) Bu əslində ağla gələcək bir şey deyildi. Bu cür yanaşma genişliyi, kreativlik belə rəssamlardan bəhrələnməyə əsas verir. Daha sonra ingilis heykəltəraş var, Antony Gormley. Onun da işlərini çox bəyənirəm.Çox zəngin fikirləri, statik fiqurlardan ibarət monument işləri var.

-Bu sahədə tanınmaqçün nə lazımdır, nə etməlisən ? Və ümumiyyətlə pul qazana bilirsiniz bu sahədən?

- Sükür qənaətbəxşdi. Burada həqiqətən də qabiliyyətin tələb olunur. Bu elə bir sahədir ki, “tapışla” iş keçmir. Sənin istedadın varsa, sənə müraciət edəcəklər, yoxdusa başqasına. Məsələn, rəssamlar ya lap yaxşı dolanır, ya da heç dolanmır. (gülür) Pullu sifariş belədir ki, sən özün üçün yenilik etmək və ya yaradıcılıqla məşğul olmana mane olur, imkan yaratmır. Məsələn, mən iki aya yaxın bir sifariş proyekt edirdim, yaradıcılığa vaxt qalmırdı. Orda yorulurdum, enerjim gedirdi və düşünürdüm. Sifarişçinin sifarişini əmələ gətirməkçün öz işlərim ləngiyirdi. İndi iki həftədi heç nə etmirəm. Çünki o auradan çıxıb özünə qayıtmaq zaman alır. Gərək o auranı unudasan, özünü toplayıb yeni bir iş edəsən. Amma dolanışıq pis deyil. Bunu hamıya aid edə bilmərəm. Çünki bu mühitmi, çevrəmi deyim, bunlardan aslıdır.

- Adətən sifarişlər nə olur? Kiminsə heykəlini düzəlt və s. kimi?

- Yox mən deyim ki, bu qəbirüstü heykəl düzəltmək və ya portret heykəl yaratmaq , bu kimi şeylərdən uzağam. Elə sifariş olsa, ehtiyacı təmin etmək üçün qəbul edərəm. Əsas məqsədim, düşüncələrim proyektlər və sərgilərdir.

- Bizim cəmiyyətdə nə dərəcədə dəyər, maraq var sizlərə qarşı?

- Demək olar ki, çox pis. Yox dərəcəsində. Əhalinin hardasa beş faizdən başqası başa düşmür və maraqlanmır. O, beş faiz də incəsənət adamlarıdır. Belə çıxır ki, biz özümüz özümüzlə maraqlanırıq.(gülür) Başqa heç kim. Bu da çox pisdir. Stimul yoxdur. Sıradan adamlar bir yana, elə incəsənət adamlarından lap rejissorunu, aktyorunu götürsək , sərgilərdə çox az, nadir hallarda görmək olur.

- Gələcək işlərinizlə bağlı planlarınız nədir?

- Proyekt hazırlamışam, planım həmin proyekt əsasında yeni sərgi etməkdir. Bu mənimçün debüt sərgi sayıla biler, inşallah. Sırf heykəllərdən ibarət konseptual sərgi.

- Bizim incəsənət adamları, işinin bacarıqlı mütəxəssisi olanlar, ziyalısı özünü Azərbaycan mühitində boğulmuş kimi hiss edir və bu səbəbdən ölkədən xaricə üz tuturlar. Gələcəkdə ölkəni tərk etmək kimi fikirlər yoxdur ki?

- Xeyr, yoxdur. Getməyi düşündüyüm bir çox ölkələr var, amma qayıtmaq şərtiylə. Əyani görmək, həmin ölkələrdəki mədəniyyət və incəsənətlə yaxından tanış olub, informasiya almaq üçün. Biri var internet vasitəsiylə informasiya, biri də var canlı hər hansı bir işin yaxınında, toxuna biləcək məsafədə olmaq. Bu cəhətdən fikirləşirəm ki, gedib gəzəcəm. Amma hardasa gedib yaşamağı, başqa ölkədə yaradıcılığımı davam etdirməyi düşünmürəm. İncəsənət elədir ki, uğurlu iş hər yerdə özünü göstərəcək. Əgər mən burda nəyisə bacarıramsa, onu dünya miqyasına da çıxara bilərəm. Şərt deyil ki, mən gedim hardasa başqa bir ölkədə yaşayım və yaxud təhsil alım. Hə, istəyərəm sərgilərimi xaricdə keçirim. Yoxsa deyim ki, burda yaradıcılıq yoxdur, yaradıcı insanlar yoxdur - bu yalnışdır. Oxuduğum təhsil ocağını və müəllimlərimi çox yüksək dəyərləndirib, bəyənirəm.

- Universitet illərində özünə örnək bildiyin müəllimin kim olub?

- Bizdə iki dahi - canlı tarix sayılan heykəltəraş var. Biri Ömər Eldarov, digəri də Tokay Məmmədovdur. Hərəsi bir emalatxana rəhbəridir. Mən Tokay Məmmədovun emalatxanasını bitirmişəm.

Azərbaycanda çox sevdiyim heykəltəraş-ressam Fuad Salayevdir. O mənim diplom rəhbərim olub. Onun yaradıcı düşüncəsini çox bəyənirəm və izləyirəm.

- Hansısa bir hekayə, filmdən təsirlənib hər hansı bir heykəl hazırlamısınızmı?

-Hə çox olub. Ümumiyyətlə film mənim həssas nöqtəmdir. Bayaq dediniz gələcək planlarım, bilmək olmaz, bəlkədə gələcək planımda rejissor olmaq da var. Çünki incəsənət özünə aid olan bütün sahələri bir yerə cəmləyə bilir. Filmdə heykəltəraşı da, rəssamı da, həkimi də, hüquqşünası da, sıradan insanı da yaşamaq olur. Amma düşünürəm ki, yaxşı heykəltəraş kimi özümü doğrultmalıyam və bununla paralel filmə sevgimi də tənzimləyirəm.

- 27 yaşınız var, subaysınız, ümumiyyətlə yaradıcı insanlar... (yarıda kəsir)

- Subayam hə (gülür)

- Sözsüz ki, bunu bütün incəsənət adamlarına şamil etmək olmaz, amma çox hallarda yaradıcı insanlar ya ümumiyyətlə ailə qurmurlar, ya da ailə qurduqda nigahları uğursuz alınır, ayrılırlar. Ailə qurmaq planınız varmı və sizcə yaradıcılıq və ailə, ikisi birgə uğurlu ola bilərmi?

-Bu çox aktual mövzudur mənimçün. (gülür) Çünki yaşım ötdükcə təzyiqlər gəlir mənə. Ailədən tutmuş dostlara kimi. Hətta kolleqalar, qızlar da müdaxilə edir. “Niyə evlənmirsən? Niyə boş-boş gəzirsən?” deyirlər. (gülümsünür) Əslində çox çətindir. Bəlkə də asandı. (gülür)Yaradıcı insanların bədbəxtçiliyi ondadır ki, iki eyni adlı yükü, sevdiyi yükü gücü çatmır daşımağa. Bu fraza artıq bütün rəssamların əlində bayraq olub. Mikelancelo çox gözəl bir fikir deyib: “İncəsənət çox qısqancdır. Hətta qadından da qısqancdır. Ona bir balaca biganə yanaşsan səni ömürlük atar.” Bu incəsənət sevgisi olan insanlarda çox çətindir. Eyni sevgini, diqqəti bölüb paylaşmaq. Qadın çox diqqət, sevgi tələb edir. Bunun üçün məni anlayan biri olsa, çox yaxşı olar. (gülümsünür)

- Bəlkə elə öz kolleqalarınızla bir-birinizi daha yaxşı duyub-anlaya bilərsiniz?

- Əlsində bu barədə həmişə düşünürəm.Yerində dediniz. Rəssam qadınla ailə . Qadın rəssam bilirsiniz onun daxili aləmi sıradan bir qadından çox fərqlidir. Bir sözlə qadın rəssamla həyatı dramatik yaşamırsan. Onunla sənəti bölüşmək bəlkə də ən gözəl dəqiqələrdir. Sanki münasibət həzin bir musiqidir. Bu əla, çox gözəl, amma məsələ ailəyə gəldikdə deməzdim uğurlu ola bilər. Mən heç də ailə qurub sınamış adamlar kimi belə əminliklə danışmıram. Mütailə edib rəy bildirirəm. Belə qənaətə gəlmişəm ki, bu qurulan ailənin öz çətinliyi olacaq. Burda çox incə məqam yaranır. Əslində iki tərəf də münasibətdə diqqət gözləyir, təleb edir, bəlkə də aşırı diqqəti sevmir. Mən deyərdim ki, yaradıcı kişilər daha çox həssas olurlar. Bunu bilirəm ki, hansısa rəssam qadın bunları eşitsə, bu qənaətlərimə görə məni sibirə kimi sürgün edər.(gülür) Kişi də həmişə diqqəti, sevgini, anlayışı qadınından gözləyir. Qadın da bu işlə məşğul olanda artıq sənət sevgisi transını, həyatını

yaşayırsa, heç bir halda uzlaşma yaranmır, uğursuzluq baş qaldırır. Belə halda heç bir Xoşbəxt ailədən söhbət gedə bilməz.(gülümsünür)

Aybəniz Alızadə