“Bizdə tibb fərdlər üzərində qurulub, inkişaf etmiş ölkələrdə isə sistem var” - Rauf Sadiqov

bizde-tibb-ferdler-uzerinde-qurulub-inkisaf-etmis-olkelerde-ise-sistem-var
Oxunma sayı: 4904

Beyin cərrahiyyəsi deyərkən hamının sözün yaxşı mənasında gözünün qorxduğu, çəkindiyi və çətin hesab olunan sahələrdən biri yada düşür. Axı o bizi idarə edən orqandır, hərəkətimiz və fikirlərimiz ordan idarə olunur. Buna görə də beynimizi hamıya etibar edə bilmirik. Neyrocərrah Rauf Sadiqov isə ölkəmizdə yetərincə ciddi və mürəkkəb baş beyin əməliyyatlarını icra edən həkimdir. Peşəsi çox məsuliyyətli və çətin olsa da, bu sahədə bir çox yeniliklər edib və ən ağır əməliyyatları uğurla icra edib.

-Rauf bəy, niyə beyin cərrahlığı? Daha ağır və iddialı olduğuna görə?

- İlk dəfə 9-cu sinifdə oxuyanda insan və cəmiyyət kitabında fikrin materiyası haqqında dərs vardı və mən ondan çox təsirləndim. Baş-beyin və onun funksiyalarına ciddi maraq oyandı. Həkimlik valideynlərimin də istəyi olduğuna və bu arzularımız üst-üstə düşdüyünə görə mən də beyin cərrahı olmağa qərar verdim. Şübhəsiz ki, bu seçimdə beyin cərrahlığının ən çətin sahə olmasının da öz payı var.

-Etdiyiniz ən riskli əməliyyat?

- Əslində riskli hesab olunan əməliyyatlarımızın sayı kifayət qədərdir. Onu qeyd etməliyəm ki, beyin cərrahiyyəsi ən riskli əməliyyat sahələrindən biridir. Bu əməliyyatlarda insanların ölməsi və hansısa qüsurun qalma ehtimalı vardır. Biz xəstəyə ömrünün uzadılması və keyfiyyətli həyat səviyyəsi yaşamağına görə həmişə əlimizdən gələni etməyə çalışırıq. Ən riskli əməliyyatlar kəllə əsası və baş-beyinlə bağlı olanlardır. Bunların içində ən riskli əməliyyatlardan biri baziliyar arteriyanın anevrizmasıdır. Bu, baş-beyini qidalandıran damar sisteminin arxa kəllə çüxurunda yerləşən və cərrahi yolla çatılması kifayət qədər çətin olan xəstəlikdir. Çox mürəkkəb və riskli qəbildən sayılan bu əməliyyatın sayı 5-dir.  Bununla yanaşı digər beyin damarlarında 500-dən çox anevrizma əməliyyatı icra etmişik.

"Bəzən uğurlu keçən əməliyyatlar tibb sistemindəki problemlərə görə uğursuzluqla nəticələnə bilir"

-Beyin cərrahiyyəsinin mərkəzi ABŞ hesab olunur. Orada işləmək istəyiniz var?

- Doğrudur, mərkəz ora hesab edilir. Biz təhsil və ixtisasartırma üçün ölkə xaricinə gedərkən həmkarlarımızla tanış oluruq, qarşılıqlı fikir mübadiləsi aparırıq. Amma deyim sizə ki, tək ABŞ yox, istənilən ölkədə baş-beyin və onurğa beyni cərrahiyyəsi üzrə fərdi həkimlər fərqlənirlər. ABŞ-da tək həkimin yox, sistemin çox əhəmiyyəti var. Bizlə onlar arasında ən böyük fərq hər halda təbabət sistemindədir.

Orada işləməyə gəlincə, belə bir fikrim var. Hər şeyi zaman göstərəcək.

-İşinizlə bağlı hədəfiniz nədir?

- Hər xəstəni əməliyyat edəndə adı dəyişməsə də yeni hədəf yaranır. Heç şübhəsiz, hər dəfəsində hədəfimiz xəstənin sağ-salamat əməliyyatdan çıxması və nə qədər mümkündürsə, normal həyatına qayıtmasıdır. Çünki əməliyyat etdiyimiz hər insan kiminsə övladı, yoldaşıdır. Bir çox hallarda ailənin maddiyyatını qarşılayan şəxslərdir. Bu səbəbdən əsas məqsəd onların normal həyata dönməsidir. Peşəkar cəhətdən isə hədəfim bizim ölkədə olmayan, daha inkişaf etmiş ölkələrdə tətbiq olunan metodları ölkəyə gətirmək və onları tətbiq etməkdir. Biz bu qəbildən olan bir neçə metodu icra etmişik. Misal üçün daxili əməliyyat olaraq ultrason naviqasiyanın istifadə olunması metodunu göstərmək olar. Yəni çox kiçik və dərində yerləşmiş törəmələrin nöqtə atışı ilə tək girişdən tapılıb xaric edilməsidir. Qeyd edim ki, bunları bizim ölkədə tətbiq edən çox azdır.

-Baş-beyin şişləri və kəllədaxili qan sızmaları ağır xəstəliklərdəndir. Ölkədə bunların müalicəsi və cərrahiyyəsi hansı səviyyədədir?

- Bunlar yüksək şikəstlik və ölüm faizləri olan xəstəliklərdəndir. Hətta çox peşəkar keçən cərrahi əməliyyat olmasına baxmayaraq bu xəstəliklərdə dediyim göstəricilər bütün dünya üzrə yüksək sayda olmaqda davam edir. Azərbaycanda bu xəstəliklərin müalicəsini xariclə müqayisə etdikdə çox böyük fərqlər olduğunu düşünmürəm. Sadəcə olaraq təkrar qeyd etmək istəyirəm ki, bizdə tibb fərdlər üzərində qurulub. Amma inkişaf etmiş ölkələrdə yalnız fərdlərdən söhbət getmir, orada bir sistem var. Bu sistem çox vacibdir. Çünki xəstələrin müalicəsi bir tək əməliyyata bağlı deyil axı. Ölkədə belə düşüncə var ki, xəstənin halı cərrahından soruşulmalıdır. Amma bu sistem səhvdir. Çünki xəstənin müalicə olunması komanda işidir. Bizdə xəstə yaxınları ancaq cərrahı tanıyır. Bəzən elə hadisələrin şahidi oluruq ki, çox ağır olan lakin, uğurlu keçən əməliyyat tibb sistemdəki problemlərə görə uğursuzluqla nəticələnə bilir. Ona görə də bizdə cərrahların qabiliyyəti və səriştəsi ilə bağlı ciddi problemlərin olduğunu düşünmürəm.

-Uğurla nəticələnəciyinə inandığınız amma əksi olan əməliyyatlarınız olub?

- Təəssüf ki, peşəkar adlandırılan bütün cərrahların uğursuz əməliyyatları olub. Ümumiyyətlə, tibbdə qayda belədir ki, əgər həkimin icra etdiyi əməliyyatların nəticəsi 95/100-i uğurludursa, o, peşəkar sayılır. Bu dünya statistikasıdır. Ən yaxşı cərrahın belə 5/100 mənfi nəticələri vardır. Ona görə də xəstə yaxınları bir həkimə qiymət verərkən bunları nəzərə almalıdır.