BNA Bəxtiyar Hacıyevə yazılan şərhə aydınlıq gətirdi

bna-bextiyar-haciyeve-yazilan-serhe-aydinliq-getirdi
Oxunma sayı: 6436

Bakı Nəqliyyat Agentliyi qurumun feysbuk sosial şəbəkəsindəki rəsmi hesabından ictimai fəal Bəxtiyar Hacıyevin paylaşımına qeyri-etik ifadələr yazılması ilə bağlı məsələləyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, məsələ nəzarətə götürülərək araşdırılıb: “Şərhin Agentliyin rəsmi hesabından yazılmadığı müəyyən edilib. Bu cür yazı tərzi heç bir halda qəbulolunan deyil və Bakı Nəqliyyat Agentliyinin mövqeyini ifadə edə bilməz”.

Onun sözlərinə görə, maraqlı qüvvələr dövlət qurumuna qarşı narazılıq yaratmağa cəhd edirlər: “Eyni zamanda şərhin saxta profil hesabından yazılmasına dair əsaslı şübhələr var və bu məsələ də ciddi şəkildə araşdırılır. Vətəndaşların müraciətləri hər zaman dolğun şəkildə cavablandırılır və qaldırılan məsələlərin həll edilməsi istiqamətində işlər görülür”.

Qeyd edək ki, Bəxtiyar Hacıyev daha öncə BNA-nın parkinq və kommunikasiya məsləhət tenderləri ilə bağlı paylaşım edib. Bu zaman qurumun rəsmi hesabından ona təhqiredici formada cavab verilib. B.Hacıyev iddia edib ki, şərhi BNA administratorlarından hansısa, bəlkə də Mais Ağayev şəxsən özü başqa hesabdan yazmaq əvəzinə, BNA-nın hesabından yaza bilər.