Yeni süni intellekt modeli təqdim olundu - Baxdığımız görüntüləri də anlayır

yeni-suni-intellekt-modeli-teqdim-olundu
Oxunma sayı: 1019

“Meta” şirkəti “Superintelligence Labs” tərəfindən hazırlanmış yeni süni intellekt modeli “Muse Spark”ı təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu model sosial platformalarda istifadə olunan əvvəlki “Llama” seriyasını əvəz edəcək.

“Meta” “Muse Spark”ı “məqsədyönlü” və istifadəçi yönümlü sistem kimi xarakterizə edir. Yeni modelin daha yüngül, sürətli və istifadəsi asan olması üçün ilkin mərhələdə kiçikmiqyaslı dizayna üstünlük verildiyi qeyd olunur.

Model feysbuk və instaqramplatformalarında geniş istifadəyə veriləcək. İstifadəçilər “Düşünmə” və “Ani” rejimləri arasında seçim edərək ehtiyaclarına uyğun istifadə edə biləcəklər.

“Muse Spark”ın əsas yeniliklərindən biri eyni anda bir neçə agentlə işləmək qabiliyyətidir. Bu agentlər paralel şəkildə fəaliyyət göstərərək, istifadəçinin müxtəlif sorğularını daha effektiv şəkildə yerinə yetirə bilir.

Bununla yanaşı, modelin multimodal imkanları da genişləndirilib. Sistem təkcə mətnləri deyil, eyni zamanda, vizual məlumatları da analiz edərək, istifadəçinin baxdığı görüntüləri anlama qabiliyyətinə malikdir.

“Muse Spark” yaxın vaxtlarda “Ray-Ban” və “Oakley” ilə əməkdaşlıq çərçivəsində hazırlanmış süni intellekt dəstəkli ağıllı eynəklərə də inteqrasiya olunacaq.

Şirkət bu texnologiyanın istifadəçilərə ətraf mühiti daha yaxşı anlamağa kömək edəcəyini vurğulayır.