“Hər kəs bilməlidir ki, onları cəzasız qoymayacağıq” - Xamenei

her-kes-bilmelidir-ki-onlari-cezasiz-qoymayacagiq
Oxunma sayı: 1070

İranın yeni Ali Lideri Müctəba Xamenei Tehranın Hörmüz boğazı üzərindəki nəzarət strategiyasında mühüm dəyişikliklərin olacağını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Liderin mətbuat xidməti məlumat yayıb.

Atasının (Əli Xamenei) vəfatından sonra ölkə rəhbərliyinə keçən Müctəba Xamenei İran xalqına müraciətində strateji dəniz yolu ilə bağlı sərt mövqe nümayiş etdirib:

“Biz Hörmüz boğazının idarə olunmasını mütləq yeni səviyyəyə qaldıracağıq. Bu strateji su yolu üzərində nəzarəti saxlamaq bizim ABŞ ilə danışıqları bərpa etmək üçün irəli sürdüyümüz 10 əsas tələbdən biridir”.

Ali Lider həmçinin vurğulayıb ki, İran müharibə tərəfdarı olmasa da, son münaqişə zamanı ölkəyə dəyən zərərə görə ABŞ və İsraildən təzminat tələb etmək niyyətindədir:

“Hər kəs bilməlidir ki, ölkəmizə hücum edən cinayətkar təcavüzkarları cəzasız qoymayacağıq. Mütləq təzminat tələb edəcəyik. Biz qanuni hüquqlarımızdan heç bir halda imtina etməyəcəyik”.

Aprelin 9-na olan məlumata görə, İran atəşkəs sazişinin şərtləri çərçivəsində Hörmüz boğazından gəmilərin keçidini gündəlik 15 gəmi ilə məhdudlaşdırıb. İran rəsmiləri müharibədən əvvəlki sərbəst gəmiçilik şərtlərinə qayıtmaq planlarının olmadığını bildiriblər.

Xatırladaq ki, NATO-nun baş katibi Mark Rutte bir qədər əvvəl alyansın boğazda naviqasiya təhlükəsizliyini təmin etmək üçün prosesə cəlb oluna biləcəyini istisna etməmişdi.