Bibiheybətdə sürüşməyə görə bağlanan yolda təmirə başlanıldı - Video

bibiheybetde-surusmeye-gore-baglanan-yolda-temire-baslanildi
Oxunma sayı: 585

İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb.

Bu barədə “Qafqazinfo”ya Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, ərazidə əlavə risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin olunması üçün ərazidə bərpa işləri aparılır.

“İnşaat Norma və Qaydaları”na uyğun yeni torpaq yatağı və yol əsası inşa edilir. Ardınca həmin hissəyə yeni asfalt örtüyü döşənəcək.

Eyni zamanda, ərazi boyu səth sularının kənarlaşdırılması üçün müvafiq işlər də həyata keçiriləcək. Təmir-bərpa işləri qısa müddət ərzində yekunlaşdırılacaq.

Qeyd edək ki, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranmışdı. Aidiyyəti qurumların rəhbər şəxsləri əraziyə baş çəkmiş, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin yoldan keçən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılmışdı.