“Böyük təxribatların olacağına dair məlumatlar var”

boyuk-texribatlarin-olacagina-dair-melumatlar-var
Oxunma sayı: 676

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev “Media forum” saytının suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanunvericilikdə siyasi partiyalarla bağlı yeni qadağaları nəzərdə tutan layihəni qəbul edib. Siyasi partiyalarla bağlı qanunvericiliyə təklif olunan əlavə və dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Bunu mənfi qiymətləndirirəm. Məsələn, layihədə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə iri məbləğdə cərimə və ya azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hesab edirəm ki, bu düzəlişlər qəbul olunandan sonra hökumət ondan müxalifət partiyalarına qarşı basqı kimi istifadə edəcək, yeni müddəalardan yalnız bu məqsədlə istifadə olunacaq. Bəzi öyrədilmiş, qərəzli adamlar, yaxud da siyasi baxımdan yetkin olmayan insanlar məqsədyönlü şəkildə müxtəlif partiyalara daxil olacaqlar, sonra da guya onlara təzyiq edildiyi, partiyaya təzyiq altında üzv keçdikləri haqda bəyanat verəcəklər. Bu isə ayrı-ayrı siyasi partiyaların basqı altında saxlanmasına, cinayət qaydasında təqib olunmasına imkan verəcək.

Hazırda ictimai fikirdə belə bir mövqe hakimdir ki, iqtidar siyasi azadlıqları sıxışdırmaq, məhdudlaşdırmaq istəyir. Təklif olunan əlavə və dəyişikliklər də bu prosesin davamı kimi qəbul olunacaq. Hesab edirəm ki, hər hansı əməl yalnız o zaman kriminallaşdırıla, cinayət hüquqi qaydasında təqib oluna bilər ki, cəmiyyətdə bu tipli hüquqpozmaların baş verməsinə dair faktlar ortaya çıxsın, belə əməllər törədilsin. Kimsə bizə belə statistika təqdim edə bilərmi ki, indiyədək neçə nəfər partiyaya zorla üzv yazılması haqda hüquq mühafizə orqanlarına, məhkəməyə şikayət edib? Əgər cəmiyyətdə belə əməllər baş veribsə, onda bizə statistika təqdim olunsun görək bunlar nədən ibarətdir. Mən indiyədək belə bir hala rast gəlməmişəm.

Əgər həmin şəxslər hər hansı partiyaya üzv olmaq, siyasi təşkilatda qalmaq üçün təqib və təzyiqlə üzləşiblərsə, onda bu təzyiqlər nədən ibarətdir? Bu, həmin şəxslərin işdən çıxarılması, aşağı vəzifəyə keçirilməsi, mükafatlardan məhrum edilməsidirsə, onda məhkəmələr var və vətəndaş məhkəmələrə müraciət edə bilər. İnzibati məhkəmələr fəaliyyət göstərir və vətəndaş vəzifəli şəxsin hərəkət və hərəkətsizliyindən şikayət etmək hüququna malikdir. Hüququ pozulduğu halda məhkəməyə şikayət etməyən insan prokurorluğa üz tutub siyasi partiya üzvü olmaq, orada qalmaq üçün təqib və təzyiqlə üzləşdiyinə dair şikayət edəcəkmi?

İnsanlar pozulmuş hüquqlarının bərpası üçün son instansiya və ümid yeri kimi məhkəmələrə müraciət edirlər. Əgər məhkəmə ədalətli qərar qəbul etməyəcəksə, onda prokurorluğun düzgün, hərtərəfli və ədalətli araşdırma aparacağına, hüquqları pozanları məsuliyyətə cəlb edəcəyinə kim təminat verir? Əslində, bu müddəalar qəbul olunandan sonra onların tətbiqi normal aparılarsa və Azərbaycanda hüquq mühafizə orqanları tamamilə azad, müstəqil olarsa, onda bu yeni müddəaların təsiri altına daha çox iqtidar düşər, bundan iqtidar ziyan çəkər. Bir müddət əvvəl Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının toplantısı olmuşdu və mətbuat həmin iclasdan geniş reportajlar yaymışdı. İclasda Bakı Metropoliteninin rəhbərliyi ilə Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi arasında böyük mübahisə baş verib. Mübahisə Dövlət Sosial Müdafiə Fondunda neçə işçinin çalışması və onlardan neçəsinin YAP üzvü olması, yəni fondda YAP-çıların sayının az olması istiqamətində gedib. Real vəziyyət belə olduğu halda təklif olunan əlavə və dəyişikliklər nəyə lazımdır?

Əgər siyasi hakimiyyətlə bağlı hansısa narahatlıq varsa, bu qanunları qəbul etməklə, siyasi azadlıqları sıxışdırmaqla hakimiyyət hansısa qlobal prosesin qarşısını almağı düşünürsə, bu, kökündən yanlışdır. Çünki siyasi azadlıqlar tamamilə boğulanda iqtidarı dəyişmək iddiasında olan, hakimiyyətə gəlmək istəyən insanlar artıq başqa variantlar üzərində düşünürlər. Belə variantlar isə əksər halda çox qorxulu olur, dəhşətli faciələrlə nəticələnir. Biz başqa ölkələrin təcrübəsində bunu görmüşük. Ona görə də əks proses getməli, demokratik və siyasi azadlıqlar genişləndirilməli, hakimiyyət cəmiyyəti qorxutmaq, təzyiq altında saxlamaqdansa daha çox insanın dəstəyini qazanmaq barədə düşünməlidir.

- Ləğv edilmiş siyasi partiya adından çıxış edənlərin, tutaq ki, bir bəyanat səsləndirənlərin böyük məbləğdə cərimə olunması təklif olunur. Bunu doğru sayırsınızmı?

- Azərbaycanda partiyaların qadağan olunmasının əsasları var. Ekstremizmlə, dövlət əleyhinə fəaliyyətlə məşğul olan, dövlətin ərazi bütövlüyü və suverenliyinin pozulmasına yönəlmiş siyasət yürüdən partiya qadağan olunur. Qadağan olunmuş partiya yenə də əvvəlki ad altında fəaliyyət göstərəcəksə, bu, məsuliyyət yaradacaq. Hesab edirəm ki, düzgün yanaşmadır. Əgər dövlət bir partiyanı qadağan edibsə, amma həmin partiya yenə eyni ad altında fəaliyyət göstərirsə, bunu edənlər təqib olunmalıdır.

- Noyabrın 2-də Milli Məclis hökumətlə razılaşdırılmamış mitinqlərə görə cərimələrin hədsiz artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdi və prezident də bunu təsdiqlədi. Bu, böyük etiraza səbəb olsa da, ardınca siyasi fəaliyyətə görə yeni sanksiyalar layihəsi ortaya çıxıb və Milli Məclisin komitəsində qəbul olunub. Bu qadağaları zəruri edən amillər mövcuddurmu?

- Mən bu qadağalar üçün ciddi bir səbəb və amil görmürəm. Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hospitalının açılışında dedi ki, Azərbaycana qarşı təxribatlar artıb. Əgər təxribatlar çoxalıbsa, onda hüquq mühafizə orqanlarının sayıqlığını artırmaq lazımdır. Bu tipli qanunların qəbul olunması beynəlxalq birliyin Azərbaycana təzyiqi daha da artırmasına, ölkədə insan hüquq və azadlıqlarının pozulmasına dair yeni bəyanatlar verilməsinə səbəb olacaq. Hesab edirəm ki, belə vəziyyətin yaranmasına yol açılmamalıdır. İnsanlarda dövlət orqanlarına sevgi, hörmət yaratmaq lazımdır. Təxribatların qarşısını almaq üçün vətəndaşlar dövlət orqanları ilə sıx şəkildə əməkdaşlıq etməlidirlər. Hökumət insanlarla daha yaxından təmas qurmaqla onları dövlət, eyni zamanda öz hakimiyyətləri ətrafında sıx birləşdirməyə çalışmalıdır. Digər siyasi partiyalarla anlaşma şəraiti olmalıdır, dövlət maraqları birgə müzakirə olunmalı, eyni mövqedən çıxış edilməsinə şərait yaradılmalıdır. Rəqibləri sıxışdırmaq, təzyiq altında saxlamaq üçün yeni-yeni variantlar düşünmək yanlış yanaşmadır. İqtidarın bu yanaşması doğru deyil.

- Qadağaların davamı ola bilərmi, yoxsa nəyi qadağan etmək mümkündürsə, artıq hamısı reallaşıb?

- Doğrusu, aksiyalara görə cərimələr artırılandan dərhal sonra Milli Məclisə belə bir qadağalar layihəsinin daxil olacağını və müzakirəyə çıxarılacağını ağlıma gətirmirdim, bunu gözləmirdim. Görünür, iqtidarda bu işlərlə məşğul olan, bunun üzərində düşünən insanların fantaziyası həddən artıq genişdir. Bu fantaziya mənim düşünmək imkanlarımın çərçivəsindən də çox genişdir. Ona görə də yeni qadağalar layihəsinin ortaya çıxacağını istisna etmirəm. Amma tarix, başqa ölkələrin keçdiyi yol, təcrübə də sübut edir ki, belə metodlarla uğur qazanmaq mümkün deyil. Mən buna tam əminəm. YAP-ın da bundan müsbət nəsə əldə edəcəyini düşünmürəm. Bu, tamamilə əks effekt verəcək.

- Sizcə, qadağaların 2013-cü ildə keçiriləcək prezident seçkisi ilə bağlılığı varmı?

- Bunu da istisna etmək olmaz. Ola bilər ki, hakimiyyətdə seçki ilində Azərbaycanda sabitliyin pozulmasına yönəlmiş daha böyük təxribatların olacağına dair məlumatlar var. Qadağaların tətbiq olunmasında bu motivlər də rol oynaya bilər. Amma təhlükələri aradan qaldırmağın siyasi yolları var. İnzibati yollarla proseslərin qarşısını almaq olmaz. Siyasi böhranın yaranmaması üçün qanunların sərtləşdirilməsi, qadağaların tətbiq edilməsi doğru yanaşma deyil. Hansı ölkədə siyasi böhranın qarşısı qanunla alınıb? Bunun üçün siyasi opponetlərlə danışmaq, siyasi addımlar atmaq mümkündür. İplərin həddən artıq çəkilməsi hakimiyyətin özünü daha təhlükəsizlik hiss etməsinə səbəb olmayacaq, əksinə, gərginliyin daha da artması ilə nəticələnəcək.

Eyni zamanda Azərbaycanda marağı olan böyük dövlətlər var. Ola bilər ki, onlar Azərbaycanda siyasi sabitliyin pozulmasını istəyirlər. Həmin dövlətlərlə də intensiv danışıqlar aparılmalıdır. Biz həmin dövlətlərlə qarşıdurma vəziyyətinə gəlib çıxmamalıyıq ki, onlar durub burada təxribatlar törətmək, sabitliyi pozmaq haqda planlar qursunlar.

Deputat Rafael Cəbrayılov mitinqlərə görə cərimələrin artırılması layihəsini nə zaman ortaya atdı? Təhsil Nazirliyinin qarşısında keçirilən, ekstremist və zorakı aksiyadan sonra. Yenə belə hallar ola bilər. Çünki Rusiya etnik azlıqlar kartını işə salır, İranın Azərbaycanın cənub bölgəsində hansı fəaliyyətə can atdığı bəllidir, dini ekstremist qüvvələri qızışdırmaq istəyənlər var... Amma qanunları dəyişmədən də belə halların qarşısını almaq olar. Qadağaların artırılması çətin anlarda Azərbaycanı müdafiə edəcək, Azərbaycana dayaq duracaq demokratik qüvvələrin, beynəlxalq təşkilatların əl-qolunu bağlayır, özümüzü həmin dəstəkdən məhrum edirik, dostları də bizi müdafiə etməkdən çəkindiririk.