Ötən ilin may ayıdır. Yayın istisi Azərbaycanda yenicə özünü göstərməyə başlasa da, Qırğızıstan od tutub yanır. Sovet şəhərinə oxşayan Oşa - ədəbiyyat festivalına yollanmışıq.
Bu istidə də nədənsə zövq almağın mümkünlüyünü başa düşüb gənc qırğız, özbək, qazax qızları ilə deyib-gülməyi qət etmişik. Həmişəki kimi, bir də ayılıram ki, mənim deyib-güldüyüm xanım 77 yaşlı qırğız xalq şairi Təzəgül Zakirovadır. Özümdən 52 yaş böyük xanımla belə isti söhbətim isə çıxışımla bağlıdır.
Qırğızıstandakı tədbirlərin birində mənə şeir demək üçün söz verəndə kürsüyə ürəksiz addımlayıram. Fikirləşirəm, onsuz da türkiyəlilərdən və özümüzünkülərdən başqa, şeirimi kimsə çətin başa düşə. Bir də, bəlkə, özbəklər... Odlu-alovlu çıxışdan sonra saçı səliqə ilə rənglənmiş, şux qamətli, üz-gözünə yüngül bəzək verən yaşlı xanım mənə yaxınlaşır. Bir-iki kəlmə “salam-əleyk”dən sonra bir-birimizlə yalnız rusca danışa biləcəyimizi başa düşürük.
O mənə vaxtilə rus dilinin köməyi ilə azərbaycancadan qırğızcaya şeirlər tərcümə etdiyini və dediyim şeiri qismən başa düşdüyünü deyir. Minnətdarlığımı bildirməyə imkan verməmiş: “Как Чингиз Алиоглу?” (Çingiz Əlioğlu necədir?), – soruşur? Deyir, sən şeir dedin, həmvətənin Çingiz yadıma düşdü, o da sənin yaşında belə odlu-alovlu çıxış etmişdi.
Sualı eşidəndə tanınmış şair Çingiz Əlioğlunun siması gözümün önündə canlanır. Təzəgül Zakirova isə onun adını çəkəndə gözləri parıldayır, sevinclə, həyəcanla soruşur. Mənim: “Səhhəti yaxşı deyil, amma yaşayır, salamtdı”, – cavabımı eşidəndə gözündəki sevinc öləziyir və Çingiz Əlioğlu ilə bağlı xatirələrini danışır.
Çingiz Əlioğlu ilə 75-ci ildə Qırğızıstanda tanış olublarmış. Sonra Təzəgül xanım onun şeirlərini qırğız dilinə tərcümə edib bəzi jurnal, qəzetlərdə çap etdirir, əlaqələri isə bir müddət sonra kəsilir.
Mən bu kiçik xatirəni dinləyib onun sözünü kəsirəm: “Вы его любили?” (Onu sevirdiniz?) – gülümsəyərək soruşuram.
Gülür, gülür və: “O, çox yaxşı və... çox karizmatik şair idi”, – cavab verir. Təzəgül Zakirovanın telefon nömrəsini götürürəm.

***
İndi 2026-cı ildir. Bakıda dəhşət isti var, Qırğızıstanda necədir, bilmirəm. Bazara gəlmişəm. Hövsanda “Nar” bazarı deyirlər bura. Piştaxtalar boyu gəzişib ucuz və keyfiyyətli pomidor axtarıram. Kiloqramı 80 qəpik, 1 manat olanlardan gözüm su içmir. Bazarın lap axırında 1 manat 20 qəpiyə yaxşı pomidor tapıram, Türkan pomidorudur. Düzdür, o birilərdən bahadır, amma yaxşı pomidordur. Sellafona bir-bir pomidorları yığdıqca uzaqdan Sabir Mirzəyevin “Çahargah”ının səsi gəlir, avtomat kimi vurur zəngulələri. Əl saxlayıb qulaq asıram, satıcı da sənətkara qulaq verir. Elə bu vaxt telefonuma bir yoldaşdan zəng gəlir: “Çingiz Əlioğlu vəfat edib, Rəşad Məcid feysbukda paylaşıb...”
Əlidolu bazardan çıxıb bir taksiyə əyləşirəm. Telefonumda “Qırğız Xalq şairi Təzəgül Zakirova” yazılan nömrəni tapıb vatsapına mesaj göndərirəm: “Дорогая Тазагюль ханым, Чингиз Алиоглу скончался сегодня утром” (Əziz Təzəgül xanım, Çingiz Əlioğlu bu gün səhər vəfat etdi).
Çox keçmədi belə bir cavab göndərdi. Tərcüməsini qeyd edirəm:
“Onunla 1975-ci ilin yayında görüşmüşdük. Şeirləri mənim çox xoşuma gəldi. Mən onları qırğız dilinə tərcümə etdim, kitabda, respublika jurnalında və qəzetlərdə dərc etdirdim. Azərbaycanın böyük şairinə çox böyük hörmətim vardı. Bir-birimizlə şeirlərimizi paylaşırdıq. Gürcüstandan Qriqol Juluxidze də gəlmişdi. O mənim şeirlərimi gürcü dilinə tərcümə etdi. Moskvada televiziyada oxudu. Çingiz müəllim bizim şeirlərimizə çox böyük diqqət göstərirdi. Görüşlər keçirir, şeirlərimizi bir-birimizlə paylaşır, görüşlərdə şeirlər oxuyurduq. Onun Azərbaycan televiziyasında çalışan həyat yoldaşı da əri ilə birlikdə bu görüşlərdə yaxından iştirak edirdi. Onun vəfat etməsinə çox təəssüflənirəm. Həm də təəssüflənirəm ki, o vaxt vatsap yox idi və biz daim əlaqə saxlaya bilmirdik. 1977-ci ildə Estoniyada, 1982-1984-cü illərdə isə Moskvada olmuşam. Amma çox təəssüf edirəm ki, sonralar onu tapa bilmədim, onunla yenidən görüşə bilmədim. Hazırda evdə deyiləm, ona görə də sizə çox məlumat çatdıra bilmədim, əzizim! Mən 1985-1995-ci illərdə beş tarixi sənədli film çəkmişəm. Onlar üç dildə - qırğız, rus və ingilis dillərində hazırlanıb. İsveçdə, Niderlandda və Hindistanda filmlərə ingilis dilində baxıblar, gələn deputatlar da baxmaq üçün onları özləri ilə aparıblar. Həmin filmlərdə Çingiz Əlioğlunun fotosu da var idi.
Çingiz Əlioğlunun ruhu cənnətdə olsun! Nadir Yalçın, Çingiz Əlioğlu haqqında mənə məlumat verdiyin üçün sənə təşəkkür edirəm”.
Bu mesajdan sonra mənə 1975-ci ildə çəkdirdikləri şəkli və yeni şəklini göndərdi. Təşəkkür edib sağollaşdıq.

Bilmirəm, Qırğızıstanda onun nömrəsini niyə götürmüşdüm. Bu günə qədər nə zəng etmişdim, nə mesaj yazmışdım. Bəlkə də, nə vaxtsa Çingiz Əlioğlunun ölüm xəbərini verməkdən ötrü istəmişdim nömrəsini? Bilmək olmaz. Bəlkə, elə Çingiz Əlioğlu ilə qısa eşq hekayətləri də olub, Qırğızıstanda ona ünvanladığım “Onu sevirdiniz?” sualına “yox” cavabı verməməyi elə “hə” demək idi? Əslində, şairi elə şair kimi də sevmək olar, şərt deyil kişi kimi sevəsən...
Bəlkə, indi evdə olsaydı, mənə başqa şeylər danışacaqdı?
Bilmirəm, məşhur mahnıda deyildiyi kimi:
Gələrəm, qaranquş gələndə
Bəlkə, bəlkə, bəlkə də…
Yeri gəlmişkən, Təzəgül xanım vaxtilə Çingiz Əlioğludan tərcüməsinin çap olduğu kitabının şəklini də mənə yollamışdı. Kitabın adı belə idi: “Боз торгойдун ыры”. Yəni, “Boz torağayın nəğməsi”.
Ruhu şad olsun Çingiz Əlioğlunun...
Nadir Yalçın
Xüsusi olaraq “Qafqazinfo” üçün