Qadının ən super intim etirafları...

qadinin-en-super-intim-etiraflari
Oxunma sayı: 5370

Birinci kitabda Ayselin son illərdə yazdığı onlarla yazı yer alıb, “Erkəklər” isə ədəbiyyatımızın gənc ledisinin ilk nəsr çabasıdır.

Aysel ilk novellasıyla doğrudanmı şedevr yaradıb? Şübhəsiz ki, yox! Bunu olsa-olsa nəsr sahəsində ilk qələm məşqi adlandırmaq olar! Amma onun bir üstünlüyü var – “...qadın ədəbiyyat üçün... ən dəyərli xammaldır” deyən Aysel gələcək nasir olaraq ilk addımını atıb, mövzu-problematikasını müəyyənləşdirib - qadın problemi!
İkincisi, Aysel özünün konfliktini tapıb. Romançı ya Allah (yaxud tale), ya cəmiyyət, ya da özüylə konfliktə girən adamdır. Məncə, ya birbaşa, ya da dolayısı ilə hər üç növ konflikti Ayselin həm publisistikası, həm də novellasında müşahidə etmək mümkündür.

Müqəddəs kitablara görə, Allah əvvəl kişini, sonra onun sol qabırğasından qadını yaradıb. Onların ailə və cəmiyyətdəki rolunun kökü də bu yaradılışdan gəlir. Din ehkamlar sistemidir və özüylə qeyd-şərtsiz razılaşmaq tələb edir. Aysel bununla razılaşmır və razılaşmadığına diplomatik bir üsulla “uşaqcasına”, “sadəlövh” (uşaqların səhvi bağışlanır!) yozum verir: “Bacılarım yaman həvəsliydi belə yerlərə (ziyarətgahlara – Ə.C.) getməyə. Onlar ovcunu açıb yuxarı baxırdı, mən də elə eləyirdim, ovcumu açıb yuxarı baxırdım. Ancaq bilmirdim ki, bunun mənası nə idi. Heç indi, bu yaşımda da bilmirəm” .

Bir nasir olaraq böyük “bacıları” – Avrora, Şarlotta, Emiliya, Virciniya, Afaqın ardınca əllərini klavişlərə açan Ayselə Fransua Moriakın bir sözünü xatırlatmaq istərdim: “Allah heç vaxt aldana bilməz. O heç vaxt bizi də aldatmaz... Və əgər Allah yoxdursa, heç nə olmayacaq!”

Ayselin novellasında konfliktin ikinci və əsas tipi – sosioloji xarakterlidir – kişi-qadın konflikti. O, qadının sosial hüquqlarının tapdalanmasına, onun mətbəxə, məişətə sıxışdırılamsına etiraz edir və bu işin əsas günahını bir neçə minillik maskulin, fallosentrik xarakterli sosial institutlarda görür. Onun fikrincə, sosial ştamplar kişini cəmiyyətdə hakimə, ailədə ağaya çevirir. Münasibətlərin optimal tənzimləyicisi kimi cəmiyyətdə ədalət, ailədə sevgi yoxdur. Bu işdə əsas günah kişilərin sadəcə fizioloji varlığa – “erkəyə” çevrilməsindədir. Novellanın “Kişilər” yox, məhz “Erkəklər” adlanması da onun bu başlıca ideyasını açır. Bu ideya əsərin ən ümumi ruhundan tutmuş, dil-üslub özəlliklərinə qədər sirayət edir. Təsadüfi deyil ki, novellanın qəhrəmanı olan qadın çoxsaylı erkəklərindən birini homersayağı bir təşbehlə “dana gözlü” adlandırır. Homer bu qəbil təşbehlə ilahələri mədh edərdi: “inəkgözlü Hera”, “bayquşgözlü Afina”... Azərbaycanlı xanım yazar antik kişi şairindən qadınların üç minillik “qisasını” belə alır.

Amma Aysel fərqində deyil ki, məhz Allah ideyasının ölümü ilahi eşqin ardınca insani sevginin də ölümünə gətirib. Əvvəl iman, sonra inam aradan qalxır. İnam olmayan yerdə isə sevgi ola bilməz. İmansızlıq – müasir bəndənin əsas sorunu budur! İnamsızlıq – çağdaş insanın əsas faciəsi bundadır. Üçüncüsü, Ayselin özü-özüylə konfliktidir. O bir tərəfdən kişilərin ailə və cəmiyyətdəki liderliyinə etiraz edir, digər tərəfdən isə onların liderlik qabiliyyətini etiraf edir. Novella başdan-başa güclü (istər fiziki, istərsə də mənəvi cəhətdən!) kişi sevgisi arzulayan bir qadının ən superintim etiraflarından ibarətdir: “Kişinin səsi qadını yatırmalıdır. Onunla danışanda şahzadəylə danışdığını sanmalısan. Elə səsindən ona təslim olmaq istəyin oyanmalıdır. ” Və yaxud: “Erkəklər qadının yanına yaraşıqdı. Təbiətin ən doğal, ən sayğıya layiq varlıqlarıdı erkəklər”.

Aysel nə istəyir? Onun bəy dediyi nədir, bəyənmədiyi nədir? Bu ziddiyyətdirmi? Bəli! Kitablardan əxz olunmuş solçu feminst ideyalarla (ağıl!) bir qadının içindən gələn təbii instintklər (hiss) döyüşür və finalda hiss ağıla, təbii olan süniyə, instinkt rasionala, ilkin olan törəməyə qalib gəlir. Müəllif öz qəhrəmanı ilə birlikdə özünü bir qadın kimi dərk edir. Qadın öz təbiətinə (və özü fərqinə varmasa da, təbiəti yaradan Allaha!) tabe olur. Nizami demişkən, bir qadın nə qədər qoçaq olsa da, yenə də qadındır adı dünyada! Novellanın birinci hissəsində kənardan sərt, kişixasiyyət, erkək kimi görünən bir qadının ikinci hissədə zərif, həssas, kövrək dişi dünyası açılır.

Hər hansı bir əsər insanın özünüdərkinə nə qədər xidmət edirsə, onun önəmi də oncadır. Özünü dərk isə Allahı dərkə doğru aparır. Çünki bizim hər birimizin içində Allahın bir zərrəsi – ruh var. Bədən kultundan, heyvani instinktlərdən, erkək-dişi ehtiraslarından təmizlənib qalxdıqca ruhumuza, ardınca da bütün ruhların cəmindən ibarət olan Allaha doğru ucalırıq. Ölümsüzlük qazanırıq. Özünü və Allahı tanıma prosesinin şüurlu dərk müstəvisinə gedib çıxmadığı halda isə bircə yol qalır – ölüm! Novellanın erkəklər arasında kişi tapa bilməyən, göydəki Kişiyə də inanmayan, ümidsizlikdən xərçəngə tutulub ölən dişi qəhrəmanı kimi. Bəli, dilemmanın cəmi iki tərəfi var – ya ölüm, ya Allah (ölümsüzlük!)
Bəlkə, öz uşaqlıq xatirələrini yada salıb (və unudub!) əllərini yenidən səmalara açasan, Aysel!