“Bu, Qazaxıstanla dostluğun növbəti rəmzi olacaq” - Yenilənib

bu-qazaxistanla-dostlugun-novbeti-remzi-olacaq
Oxunma sayı: 561

“Bakı-Şımkent-Bakı reysi Azərbaycan və Qazaxıstan arasında dostluq və əməkdaşlığın növbəti rəmzi olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə Qazaxıstanın Şimkent şəhərində AZAL-ın Bakı-Şimkent birbaşa reysinə başlamasına dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Bakı-Şımkent-Bakı reysi Azərbaycan və Qazaxıstan arasındakı dostluq və əməkdaşlığın növbəti rəmzi olacaq: “Bu xüsusilə rəmzi məna daşıyır. Belə ki, yeni reys məhz Qazaxıstanın ən mühüm iqtisadi, mədəni və işgüzar mərkəzlərindən biri sayılan, dinamik inkişaf edən və ölkə həyatında əhəmiyyətli rol oynayan Şımkent şəhərinə açılır”.

C.Manizadə həmçinin bildirib ki, Şımkent AZAL-ın marşrut şəbəkəsində Qazaxıstanın dördüncü şəhəri olub: “Bu gün Bakıdan Astana, Almatı və Aktau şəhərlərinə müntəzəm birbaşa uçuşlar həyata keçiririk və artıq bu siyahıya Şımkent də əlavə olunur. Əminik ki, Bakı ilə Şımkent arasında birbaşa hava əlaqəsinin açılması ölkələrimiz arasında turizm, işgüzar və humanitar əlaqələrin daha da inkişafına töhfə verəcək. Bu, Azərbaycan vətəndaşları üçün Şımkentin və bütün Cənubi Qazaxıstanın zəngin tarixi, mədəniyyəti və turizm potensialı ilə yaxından tanış olmaq üçün gözəl fürsətdir”.

***

“Şımkent Beynəlxalq Terminalı” MMC-nin direktoru Vladimir İvanoviç Denisova isə bildirib ki, artıq 20-25 ildən çoxdur ki, AZAL, “Silk Way” aviaşirkətləri ilə əməkdaşlıq mövcuddur: “Bu uzunmüddətli əməkdaşlıq dövründə aramızda çox səmimi, dostluq münasibətləri qurulub.

Hamınız bilirsiniz ki, artıq uzun illərdir Azərbaycan, Heydər Əliyev Beynəlxalq Aeroportu Avropaya, Amerikaya açılan bir pəncərə rolunu oynayır. Və təbii ki, bütün yaxın ölkələr üçün də həmçinin.

Bu gün Şımkent şəhəri, Şımkent aeroportu həm Cənub-Şərqi Asiyaya, həm Rusiya regionlarına, həm də Yaxın Şərq ölkələrinə yeni qapılar açır. Və Şımkent ilə Bakı arasındakı bu körpü - Şımkent aeroportunun sərnişin terminalı ilə Heydər Əliyev adına aeroport arasındakı körpü - iki dövlətin fəaliyyətində və əməkdaşlığında çox mühüm bir halqadır”.

Günel İbrahimova