“Azərbaycan çox gözəl nümunədir, digər üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə, halal iqtisadiyyatın artırılmasına böyük töhfələr verib”.
“Qafqazinfo” xəbər verir ki, bunu İslam İnkişaf Bankının (İİB) Malayziyanın Kuala Lumpur şəhərində yerləşən Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Yığıncağında çıxışı zamanı bildirib.
“Strateji mövqeyi, coğrafi ərazisi, verdiyi töhfələr, sadiqliyi xüsusi olaraq Azərbaycanı elə mövqeyə qoymaqdadır ki, bu ölkə halal dəyər zəncirinin daha da güclənməsinə imkan yaradacaq. Növbəti halal iqtisadiyyatın fazası təkcə ambisiyalar deyil, həm də birbaşa icradan asılı olacaq.
Nəzəriyyələri, sənədləri məhz reallığa, görünən iqtisadi əməkdaşlığa çevirmək lazımdır. Məqsədimiz ondan ibarətdir ki, bütün üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirək, davamlı şəkildə dəstək verək, halal iqtisadiyyatı gücləndirək. Bugünkü müzakirələr etik halal biznes modelinə, innovasiyaya, halal sənaye ekosisteminin inkişafına, ticarət bağlantılarına əsaslanacaq. Gəlin əmin edək ki, bugünkü söhbətlərimiz sabahkı həqiqi əməkdaşlığa və real sərmayələrə çevrilsin”, - S.Elesavi qeyd edib.
***
İslam Əməkdaşlıq Təşkilatının nəzdində fəaliyyət göstərən Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru, Türkiyənin keçmiş ailə, əmək və sosial xidmətlər naziri Zehra Selçuk əlavə edib ki, halal iqtisadiyyatın gələcək inkişafı maliyyə, ticarət, investisiya, əmək bazarları, standartlaşdırma və sertifikatlaşdırma sistemləri arasında əlaqələrin effektivliyindən asılı olacaq.
O qeyb edib ki, regional əməkdaşlıq institutları İƏT üzv dövlətləri arasında halal ekosisteminin inteqrasiyasının gücləndirilməsində strateji rol oynaya bilər:
“2023-cü ildə qlobal halal bazarının həcmi 7 trilyon ABŞ dollarını ötüb, 2028-ci ilə qədər isə bu rəqəmin 11 trilyon dollara çatacağı proqnozlaşdırılır. İƏT ölkələri dünya müsəlman əhalisinin təxminən 81 faizinə ev sahibliyi edir və qlobal halal bazarının təxminən 80 faizini təmsil edir. Bu, üzv ölkələr üçün sənaye inkişafı, dəyər zəncirlərinin inteqrasiyası və regional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm imkanlar yaradır”.
Selçuk üzv ölkələr arasında daha koordinasiyalı və inteqrasiya olunmuş əməkdaşlıq mexanizmlərinin qurulmalı olduğunu diqqətə çatdırıb.
***
“Biz yüz milyonlarla insan üçün daha yaxşı şərait yaratmalıyıq. Növbəti 5 ildə Asiya İnfrastruktur İnvestisiya Bankı kimi öz kredit portfelimizi ikiqat artırmalıyıq”.
Bunu Asiya İnfrastruktur İnvestisiya Bankının vitse-prezidenti Şerar Kouper-Kols İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində keçirilən tədbirdə bildirib.
“Bizim 111 üzvümüz var, həmçinin Afrikadan, Latın Amerikasından bir çöx ölkələr növbəyə düzülüb ki, bizə qoşulsunlar. Məqsədimiz Asiyanı bir-biri ilə və dünya ilə qovuşdurmaqdır. Bunu edərək əminik ki, biz innovasiyalar etməli, qarışıq maliyyə alətlərindən istifadə etməli, özəl kapitalı səfərbər etməliyik. İnfrastruktur sadəcə beton yollar, limanlar haqında deyil, eyni zamnada səhiyyə, təhsil infrastrukturu, rəqəmsal infrastruktur deməkdir.
Biz birimizlə bağlantı qururuq ki, öz uşaqlarımız, nəvələrimiz üçün daha yaxşı dünya yaradaq. İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya və Avropa Bankı kimi biz tərəfdaşlarımızla birgə bu işi öz üzərimizə götürməyə hazırıq. Gələcəkdə daha çox texniki yardım layihələri edəcəyik”, - Şerar Kouper-Kols əlavə edib.
***
“Azərbaycan uzunmüddətli investisiyalar üçün sabit və cəlbedici iqtisadi mühit təqdim edir”.
Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirədə deyib.
Nazir çıxışında bildirib ki, Azərbaycan güclü fiskal əsaslara və sınaqdan çıxmış iqtisadi siyasətə malikdir. Ölkənin valyuta ehtiyatları ilin əvvəlindən 3,4 faiz, illik müqayisədə isə 15 faiz artaraq 80 milyard dollara çatıb.
Onun sözlərinə görə, aşağı dövlət borcu səviyyəsi iqtisadi sabitlik, investisiya imkanları və uzunmüddətli artım üçün möhkəm zəmin yaradır. Bu göstəricilər beynəlxalq reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın iqtisadi uğurlarının əsasında müstəqil iqtisadi siyasət və inkişafı prioritetə çevirən strateji baxış dayanır. İqtisadiyyatın şaxələndirilməsi investisiya gündəliyinin əsas istiqamətlərindən biridir. Özəl sektorun inkişafı, neft-qaz sahəsinin genişləndirilməsi, yeni sənaye sahələrinin yaradılması və tərəfdaşlıqların gücləndirilməsi prioritet olaraq qalır. Son illərdə həyata keçirilən islahatlar nəticəsində investisiya mühiti yaxşılaşdırılıb, prosedurlar sadələşdirilib, dövlət dəstəyinə çıxış genişləndirilib və dövlət-özəl tərəfdaşlıqları təşviq olunub.
Xüsusilə kiçik və orta sahibkarlığın inkişafına, maliyyəyə çıxışın artırılmasına və ixracyönümlü iqtisadi artıma diqqət yetirilir. Bildirilib ki, qeyri-neft ixracının təşviqi məqsədilə logistika və ixrac xərcləri azaldılır, yerli məhsulların rəqabət qabiliyyəti artırılır və yeni bazarlara çıxış asanlaşdırılır. Eyni zamanda kredit zəmanəti və faiz subsidiyası mexanizmləri təkmilləşdirilir.
Nazir qeyd edib ki, istehsal, logistika, kənd təsərrüfatı, bərpa olunan enerji və rəqəmsal texnologiyalar sahələrində inkişaf müşahidə olunur. Çıxışda vurğulanıb ki, investorlar üçün yalnız imkanların deyil, həm də layihələrin sürətli və səmərəli həyata keçirilə biləcəyi platformaların mövcudluğu vacibdir. Bu baxımdan Azərbaycanın strateji coğrafi mövqeyi, inkişaf etmiş infrastrukturu və qonşu ölkələrlə geniş ticarət əlaqələri mühüm rol oynayır.
Nazir bildirib ki, Cənubi Qafqazda və regionda baş verən transformasiya prosesləri fonunda iqtisadi zonalar xüsusi əhəmiyyət kəsb edir. Bu zonalar müasir infrastruktur, rəqabətli təşviqlər və əlverişli biznes mühiti ilə seçilir. Diqqətə çatdırılıb ki, Qarabağ və ətraf azad edilmiş ərazilərin bərpası dövlətin əsas prioritetlərindəndir. Məcburi köçkünlərin geri qayıdışı və həmin ərazilərdə iqtisadi aktivliyin bərpası istiqamətində mühüm addımlar atılır. İslam İnkişaf Bankı uzun illərdir Azərbaycanla əməkdaşlıq edir və vaxtilə məcburi köçkünlərə dəstək göstərən ilk beynəlxalq maliyyə institutlarından biri olub.
Qeyd olunub ki, bank eyni zamanda Qarabağda suvarma infrastrukturunun bərpası üçün ilk kredit ayıran qurumdur. Çıxışda bildirilib ki, azad edilmiş ərazilərdə geniş vergi güzəştləri tətbiq olunur, müasir infrastruktur qurulur və investisiya təşviqi həyata keçirilir. Artıq bu ərazilərdə iki iri sənaye parkı fəaliyyət göstərir.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında da oxşar güzəştli rejim tətbiq olunur və regionun Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşməsi onun strateji əhəmiyyətini artırır. Sonda vurğulanıb ki, Azərbaycanın investisiya perspektivləri enerji səmərəliliyi, nəqliyyat bağlantıları, yaşıl enerji və rəqəmsallaşma ilə daha da güclənir. Ölkə Orta Dəhlizdə mühüm rol oynayaraq Mərkəzi Asiya ilə qlobal bazarlar arasında körpü funksiyasını yerinə yetirir.
Bildirilib ki, nəqliyyat və logistika infrastrukturuna yatırımlar davam etdirilir və Zəngəzur dəhlizi layihəsi Azərbaycanın regionda tranzit və logistika mərkəzi rolunu daha da gücləndirəcək. Nazir əlavə edib ki, bərpa olunan enerji sahəsi də əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır.
Gülnar Əliyeva