“Bu cür şikayətləriniz varsa, gec olmadan müayinə olunmalısınız” - Dr. Nərmin Musayeva

bu-cur-sikayetleriniz-varsa-gec-olmadan-muayine-olunmalisiniz
Oxunma sayı: 2483

Sağlam həyat üçün mədə və bağırsaq sağlamlığımızı diqqətə saxlamalıyıq. Son vaxtlar insanları narahat edən qastroenteroloji xəstəliklər geniş yayılıb.  

“Qafqazinfo” bu mövzu ilə bağlı Dr. Nərmin Musayevanın müsahibəsini təqdim edir:

- Sizi tanıyaq.

- Mən qastroenteroloq Dr. Nərmin Musayeva hazırda “Real Hospital”da çalışıram. Mədə-bağırsaq traktı, qaraciyər və öd kisəsi xəstəliklərinin diaqnostika, müalicə-profilaktikası ilə məşğulam.  

- Son dövrlər geniş yayılmış mədə-bağırsaq xəstəlikləri barədə nə deyə bilərsiniz?

- Son dövrlərdə yeyilən qidalar, həyat tərzi və s. təsirlərdən təəssüf ki, mədə bağırsaq xəstəlikləri geniş vüsət almışdır. Məhz bu xəstəliklər iş qabilliyyəti və keyfiyyyətli yaşama ciddi mənfi təsir göstərir. Bu xəstəliklərə reflu xəstəliyi, iltihabi bağırsaq xəstəliyi, mədə xorası və s. misal göstərmək olar. Xərçəng xəstəliyi isə mədə-bağırsaq traktının ən arzuolunmaz patologiyalarından biridir. Lakin müasir tibb bizə imkan verir ki, xərçəng xəstəliyini erkən mərhələdə aşkarlayaq və qarşını alaq.

- Xərçəngdən söz düşmüşkən, bəs, yoğun bağırsaq (kolon) xərçənginə nə səbəb olur?

- Yoğun bağırsaq xərçənginə səbəblər arasında genetik meyillilik, sağlam olmayan qidalar (“fast food”, konservləşdirilmiş məhsullar, GMO əlavəli məhsullar) və s. yer almışdır. Lakin siqaret, içki və digər zərərli vərdişləri də gözardı etmək olmaz. Elə buna görə də hazırda yoğun bağırsaq xərçəngi daha çox yayılıb. Hətta ön sıradadır.

- Bu xəstəliyə daha çox hansı yaş aralığında rast gəlmək olur?

- Yaş artdıqca xəstəliyin rastgəlmə tezliyi artır. Cinsiyyətə gəldikdə, kişilərdə daha çox rast gəlinir, 40-50 yaş üstü insanlar risk qrupudur, deyə bilərik.

 

- Yoğun bağırsaqda xərçəng riskini azaltmaq üçün məsləhətləriniz nələrdir?

- Xərçəng səbəblərindən biri polipdir. Hər bir polip gələcəkdə xərçəngolma riski daşıyır. Bunun üçün mütləq şəkildə, heç bir şikayət olmadığı halda belə, hər bir şəxs həm mədə, həm də bağırsaq yoxlanışından, yəni qastroskopiya və kolonoskopiya müayinəsindən keçməlidir. 

- Polip hər zaman səssiz olur?

- Xeyr, nadirən də olsa bəzən qan azlığı, mexaniki keçməzlik və s. kimi simptomlarla biruzə verir. Kolonoskopiya müayinəsi zamanı polip götürülür, bir növ xərçəng riski azalmış olur. Bundan başqa, yenə də bildirmək istəyirəm ki, sağlam həyat tərzi və düzgün qidalanma burada köməyimizə çatır. İstənilən xəstəliyin müalicəsinə nə qədər tez başlanılarsa, nəticə bir o qədər uğurlu alınır. Ağır fəsadlarla qarşılaşmamaq üçün ilkin əlamətlərlə üzləşdikdə vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

- Yuxarıda qeyd etdiyiniz kolonoskopiya müayinəsinin üstünlükləri nələrdir? Kimlər bu müayidən mütləq keçməlidirlər?

- Əgər ailə anamnezində mədə-bağırsaq traktının xərçənginə, polipinə rast gəlinibsə, ciddi şəkildə uzunmüddətli reflu şikayətiniz varsa, gec olmadan müayinə olunmalısınız. Bundan başqa, uzunmüddətli qəbizlik şikayəti varsa, diaqnoz üçün heç olmasa kolonoskopiya olunmalısınız. Həkim təyinatı olmadan qəbizlik əleyhinə olan hər bir preparat sizi xərçəngə bir addım daha yaxınlaşdıra bilər. 

- Sözügedən müayinə qorxuludurmu?

-Hər bir müayinə müasir standartlara cavab verən son texnologiyalardan olan endoskopiya aparatı ilə istər ayıq, istərsə də yüngül sedasiya altında aparılır. Hər bir müayinə bir neçə dəqiqə ərzində aparılır, heç bir ağrı hiss edilmir. Nəticə də isə pasiyentin sağlamlığı bərpa olunur. Çoxları üçün bu prosedur həyəcanlı olduğundan xəstəni tam rahat etmək üçün venadaxili anesteziya tətbiq oluna bilər, yəni 15 dəqiqəlik “tibbi yuxu” və s. Əgər bağırsaqda hər hansı patologiya aşkarlanarsa, o zaman bu manipulyasiyaları yerindəcə etmək imkanı var: Poliplər görünərsə, götürülür, ya yandırılır. Qanaxma varsa, saxlanılır. Yad cisim varsa, çıxarılır. Daralma, bitişmə varsa, bərpa olunur. Şiş varsa, biopsiya materialı götürülür.