“Bu dünyada heç kimə inanmaq olmaz, ən gözəl qadına da…”

bu-dunyada-hec-kime-inanmaq-olmaz-en-gozel-qadina-da-
Oxunma sayı: 5016


“Qafqazinfo” bu münasibətlə publisisti təbrik edir, onun “Xain” adlı hekayəsini “Kitab evi”nin oxucularına təqdim edir:


“Xain”

Mən onlara baxıram: gör necə həyəcan keçirirlər! Gələn qonaqlardan üçü də mənə baxıb əsəbləşir. Yəqin başa düşürlər ki, onların qarşısında peyda olmağım səbəbsiz deyil. Gələnlərdən biri qatildir. Məhz ona bu qətl üçün üç milyon dollar pul veriblər. Bu ağlasığmaz məbləği təsəvvür edirsiz? Üç milyon dollar!.. Onlar az qala oğlum kimi sevdiyim, həmişə başının üstündə dayandığım Əhmədin həyatını belə dəyərləndirirlər.

Əhmədi hamı tanıyır. Biz artıq beş ildir Parisə köçmüşük, lakin indiyəcən də Əfqanıstan sərhədlərindən tutmuş ta Polşaya qədər hər bir narkotik alverçisi Kor Əhmədin adını eşidəndə… sarısını udur. Böyük sindikatın qəddar və cəsarətli rəhbəri. Avropadakı narkotik dövriyyəsinin dörddə birinə nəzarət edən adam. Yanında da həmişə mən — onun sağ əli, ən yaxın məsləhətçisi. Əhməd həm də mənim oğlumun kirvəsidi. Onun yolunda mən canımdan da keçərəm. Hamı da bilir ki, onun əsas məsləhətçisi və himayədarı mənəm – Ənvər Sirablı.

Bilirsiz, nəyə görə onu Kor Əhməd adlandırırlar? Bir dəfə səhvə yol verdik. Biz inanmazdıq ki, Parisdə də bizi belə tezliklə tapa bilərlər.

…Əhməd gözəl bir qadınla tanış oldu. Mənim də xoşum gəldi bu qadından, hərçənd yeni tanışlara həmişə şübhəylə yanaşıram. Çünki rəqiblər üçün Əhməd həmişə nişangah olub. Amma bu qadın çox gözəl idi. Hündür, ağıllı, aristokrat maneralarına sahib bir qadın… Sonra bu qadın Əhmədi qətlə yetirməyə cəhd göstərdi. Bıçağı Əhmədin üstünə qaldırmağa macal tapmamış mən onu güllələdim. Bədbəxt qadının heç ağlına da gəlməzdi ki, mən həmişə Əhmədin yanındayam. Hətta Əhməd qadınlarla olanda da. Mən tez özümü otağa atıb onun ürəyini nişan aldım. Qadının qaldırdığı bıçaq Əhmədin gözünün kənarında çapıq qoydu. O vaxtdan ona Kor Əhməd deyirlər.

Biz xain barədə xəbəri hələ keçən həftə almışıq. Qivi Tbilisskinin özü Əhmədin başına bu qiyməti qoyub. Üç milyon dollar. O bilir ki, Əhmədi aradan götürsə, Avropanın ən böyük narkotik ixracatçısı olacaq. Üç milyon dollar byöük puldur. Və mən bu üç nəfərə baxıb fikirləşirəm: görəsən, bunlardan hansıdı qatil? Görəsən, hansı Əhmədi öldürmək sifarişini götürməyə cəsarət edib?! Qivi heç bilmir ki, onun ətrafında da bizim yaxın adamıız var. Lakin onun başına biz yalnız bir milyon qiymət qoymuşuq. Artıq günü sabah Qivi o dünyada olacaq. Hər şey artıq həll olunub. İndi isə mən bu üç nəfərin arasında kimin qatil oludğunu müəyyənləşdirib Əhmədə deməliyəm. Görəsən hansıdı? Şimaldan gələn qonaq, yoxsa Cənubdan gələn qonaq? Bəlkə Şərqdən gələn?..

Onlar bir-birinə heç oxşamırlar. Biri arıq, uzun, şax yerişli adamdı. Yəqin keçmişdə zabit olub. O birilərinə nisbətən sakit görünür. İkincisi enlikürək, əzələli oğlandı. İdmaçıya oxşayır. Əldən itidi. O saat bilinir. Üçüncüsü alçaqboyludu. Mən tərəfə də heç baxmır. Belə adam daha uğurlu seçim hesab oluna bilər, çünki heç bir şübhə doğurmayacaq. Qatil başa düşməlidir ki, onun yalnız bir zərbə endirməyə imkanı olacaq. İkincisinə vaxt qalmayacaq. Silahları yoxdu. Biz cidd-cəhdlə yoxlamışıq. Lakin qatil Əhmədi yumruq zərbəsiylə, yaxud da mənə məlum olmayan hansısa başqa bir üsulla öldürə bilər. Ona görə də mənim riskə getməyə haqqım yoxdu. Yox, mənim seçimim yoxdu. Mən bu ağır qərarı qəbul eləməliyəm.

Onların heç birini Əhmədin yanına buraxmayacaqlar. Üçünü də qətlə yetirəcəklər. Qoy hamı bilsin ki, biz xainləri bağışlamırıq. Sabah artıq Qivi həyatda olmayacaq və Əhməd Qafqazda ən güclü adam olacaq. Artıq həll olunub, ona görə də mən sakitcə ayağa qalxıram, otaqdakılara işarə edirəm ki, burda qalsınlar, özüm isə çıxıram. Onlar bu otaqdan heç vaxt çıxmayacaqlar. Üç milyonu hansı birinin aldığını öyrənməkçün onlara işgəncə-filan verməyəcəklər. Mən bu sualın cavabını artıq bilirəm. Amma riskə gedə bilmərəm. Onunçün də onların üçü də ölməlidi!.. Mən pilləkənlərlə aşağı düşəndə yuxarıdan güllə səsləri eşidilir. Heyif ki, otağı bulaşdıracaqlar. Amma eybi yox, sonra təmizləyərik. O üç nəfərin şansı yoxdu. Otağa bir anda əlisilahlı beş nəfər daxil olmalıydı. Və qonaqlar yəqin ki, xilas ola bilməyəcəklər.

Mənsə Əhmədin otağına gedirəm. O pəncərənin qarşısında dayanıb küçəyə baxır.

-Hər şey bitdi. – Mən ona bildirirəm.

O başını tərpətsə də mənə tərəf çevrilmir. Əhməd bilir ki, əgər mən belə deyirəmsə, doğurdan da hər şey həll olunub. Mən həm ona, həm də özümə bir qədər qırmızı şərab süzürəm. Əhməd əmindir ki, sabah səhər biz onun ən güclü rəqibini aradan götürəcəyik. Mən şərab qədəhini ona uzadıram. Əhməd mənə tərəf çevrilir. Onün üzü sakitdi.

-Uğurlarıımzın şərəfinə? – O, qədəhi qaldırıb deiyr.

-Uğurun şərəfinə! – Mən onun gözlərinin içinə baxaraq deyirəm. – Mənim uğurumun şərəfinə…

O, mənim sözlərimin altında hansı mənanın gizləndiyini başa düşəndə artıq gec idi. Qədəhdəki zəhər öz işini görmüşdü. O, boğazını sıxaraq bərəlmiş gözlərlə mənə baxır … Bağışla, əzizim Əhməd. Sənin qırx beş yaşın var, hələ də subaysan. Mənimsə dörd uşağım var. Onların gələcəyini düşünməliyəm. Üç milyonu Qivi məhz mənə vermişdi. Bir milyon da sən vermişdin ki, mən Qivini aradan götürüm. Sizin hər ikiniz yox olandan sonra mən varlı və güclü adam olacam… 

Əhməd xırıldayaraq döşəməyə yıxılır. Mən həqiqətən də ona baxanda iztirab çəkirəm. Axı onu mən özüm illərlə qorumuşdum. Ona tərəf əyiləndə hiss edirəm ki, gözlərim dolur. Lakin biznesi şəxsi hisslərə qatmaq olmaz. Mən Əhmədi oğlum kimi sevirdim, oğlumun kirvəsiydi. Başqa neynəmək olar ki? Ürəyim sancır. Amma başqa yolum yox idi. O, mənim qarşımı kəsmişdi. Buna görə də bu ağır qərarı qəbul eləməli oldum. Əlbəttə, biz onu qəhrəman kimi dəfn edəcəyik. Onun qatillərinin meyidləri Qivi Tbilisskinin dəhşətli cinayətinin sübutu olacaq. Mənsə Əhmədin qəbri üstə ağlayacam. Çünki o ölənə qədər başa düşmədi ki, bu dünyada heç kimə tam inanmaq olmaz. Hətta ən gözəl qadına da, hətta ən yaxın dosta da…