Fars körfəzi regionunda artan hərbi gərginlik ciddi ekoloji risklər yaradıb. İranla ABŞ-İsrail ittifaqı arasında baş verən qarşıdurmalar nəticəsində böyük həcmdə neft sızmaları qeydə alınıb və bu çirklənmə artıq kosmosdan belə müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, Avropa Kosmik Agentliyinin “Sentinel-1” peyki tərəfindən çəkilən görüntülər xüsusilə Hörmüz boğazı ətrafında geniş neft ləkələrinin yayıldığını göstərir.
Aprelin əvvəlində əldə olunan məlumatlara görə, Qeşm adası yaxınlığında 8 kilometrdən çox sahəni əhatə edən sızma qeydə alınıb.
Eyni zamanda, “Greenpeace” Almaniya nümayəndələri bölgədə İran bayrağı altında üzən “Şahid Baqeri” gəmisindən də neft sızdığını bildiriblər.
Digər kritik nöqtə isə Lavan adası hesab olunur. Yerli mənbələr adadakı neft obyektinin hücuma məruz qaldığını, nəticədə böyük yanğının baş verdiyini qeyd edirlər. PAX təşkilatının eksperti Vim Zvicnenburq vəziyyəti “böyük ekoloji fövqəladə hal” kimi qiymətləndirib.
Bildirilir ki, sızmalar artıq Şidvar adası ətrafına qədər yayılıb. Mərcan rifləri ilə tanınan bu ərazi dəniz tısbağaları, quşlar və digər qorunan növlər üçün mühüm yaşayış mühitidir.
Ekoloqlar xəbərdarlıq edirlər ki, neft çirklənməsi balıqçılığa ciddi zərbə vura, dəniz canlılarının məhvinə səbəb ola və sahil ərazilərində yaşayan minlərlə insanın dolanışığını təhlükə altına qoya bilər. Bundan əlavə, Körfəz regionunda təxminən 100 milyon insanı içməli su ilə təmin edən duzsuzlaşdırma zavodlarının fəaliyyəti də risk altındadır.
Məlumatlara görə, hazırda bölgədə ümumilikdə milyardlarla litr xam neft daşıyan onlarla tanker mövcuddur. Mütəxəssislər yeni hücumların baş verəcəyi təqdirdə vəziyyətin daha da ağırlaşacağını bildirirlər.
Qeyd olunur ki, davam edən münaqişə səbəbindən neft sızmalarının təmizlənməsi də xeyli çətinləşib və genişmiqyaslı müdaxilə imkanları məhduddur.



Son xəbərlər
Son Xəbərlər