Oktyabrın 17-də Füzuli Şəhəri Günü qeyd olunub.
Bu münasibətlə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzulidə təntənəli şəhər günü tədbiri keçirilib.
Tədbir çərçivəsində 8 guşədən ibarət “Füzuli Hücrələri” və “Ürəklər” adlı kompozisiyalar, həmçinin Məhəmməd Füzuliyə hərs olunmuş “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!”, “Ümummilli lider Heydər Əliyev və Füzuli”, “Yedditəpə kurqanlar” və s. sərgilər təşkil olunub.
Park ərazisində isə kulinariya pavilyonu salınıb, İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasından parça nümayiş etdirilib, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Pambıqçı qızlar” rəqsi təqdim olunub.
.jpeg)
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət naziri Adil Kərimli və s. rəsmi şəxslər sərgilərlə tanış olub, tamaşaları izləyib, sakinlərlə söhbətləşib.
Füzuli sakini Könül Məmmədova sevincinin həddi-hüdudu olmadığını deyib: “Şəhidlərimizə rəhmət, qazilərimizə və Prezidentimizə uzun ömür və cansağlığı diləyirəm. Biz hamımız Prezidentimizə borcluyuq, çünki bu gözəlliyi o yaradıb”.

Füzuli sakini Nizami Heydərov şəhərdən 42 yaşında çıxdığını deyib: “Bu gün 72 yaşımda həyat yoldaşım, oğlum və nəvələrimə yenidən şəhərə qayıtdım. Gözəl bərpa-quruculuq işləri gedir. Müzəffər Ali Baş Komandan İlham Əliyevlə də görüşdük, qarşımızda çıxış etdi. Çox gözəl hisslər keçiririk, çox sevincli günlər yaşayırıq. Bu günü bizə qismət edən bütün şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə Allah şəfa versin. Allah ordumuzu, millətimizi, dövlətimizi qorusun”.
Əslən Füzilidən olan Vətən müharibəsi qazisi İlkin Rüstəmli bildirib ki, indi şəhərdə gəzdiyimiz yerlərdə müharibə zamanı qanlar tökülüb: “Hər yerdə şəhidlərimizin qanı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Daha sonra qala-konsert proqramı təşkil olunub. Konsert proqramında Xalq aristləri Aygün Kazımova, Gülyanaq Məmmədova, Röya Ayxan, Əməkdar artistlər Aygün Bəylər, Nurlan Növrəsli, Arzu Əliyeva, Təyyar Bayramov, İlkin Əhmədov və s. ifaçılar çıxış ediblər.

Axşam isə müğənnilər Günay İbrahimli, Murad Arif və Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun iştirakı ilə ikinci qala-konsert və möhtəşəm atəşfəşanlıq baş tutub. Şəhər sakinləri dəqiqələrlə davam edən atəşfəşanlığı böyük heyrətlə izləyib.
Hüseyn Məmmədsalahov
Video: Xəyal Vəlizadə
Son xəbərlər
Son Xəbərlər