Ceffri Epşteynlə bağlı yeni açıqlanan sənədlərdə adı çəkilən “Microsoft”un qurucusu Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Frenç Qeyts məsələ ilə bağlı açıqlama verib.
“Qafqazinfo”nun xəbərinə görə, Melinda Frenç Qeyts NPR-in “Wild Card” podkastına verdiyi müsahibədə bildirib ki, yaranan suallar birbaşa adı hallanan şəxslərə, o cümlədən, keçmiş həyat yoldaşına ünvanlanmalıdır:
“Epşteynlə bağlı iddialar mənə evliliyimiz dövründə yaşadığım çox ağrılı mərhələləri yenidən xatırladır. Əgər cavabsız suallar qalırsa, bu suallar həmin insanlara, hətta keçmiş ərimə də verilməlidir. Bu məsələlərə görə məsuliyyət daşıyanlar onlardır, mən yox”.
Melinda Qeyts Epşteynin qurbanları üçün ədalətin bərpa olunacağına ümid etdiyini vurğulayıb. O qeyd edib ki, şəxsi ağrılarını bir kənara qoyaraq, zərərçəkmiş qadınların yaşadıqlarına diqqət yetirməyin vacib olduğunu düşünür.
Qeyd edək ki, Epşteyn sənədlərində adı çəkilən Bill Qeyts bir gün əvvəl vəkilləri vasitəsilə iddiaları təkzib etsə də, bu gün keçmiş həyat yoldaşı Melinda Frenç Qeytsin açıqlamalarından sonra yeni açıqlamaları ilə gündəmə gəlib.
Qeyts Epşteynlə görüşdüyünü etiraf edib və bu əlaqədən peşman olduğunu bildirib.
Bill Qeyts Ceffri Epşteynlə 2011-ci ildə tanış olduğunu və təxminən üç il ərzində onunla bir neçə şam yeməyində iştirak etdiyini deyib.
Bununla belə, əlaqənin yalnız peşəkar çərçivədə qaldığını vurğulayan Qeyts Epşteynin şəxsi adasına heç vaxt getmədiyini və onun vasitəsilə qadınlarla görüşmədiyini qeyd edib:
“Onunla vaxt keçirmək böyük bir səhv idi. Geri baxanda bunu çıxılmaz vəziyyət kimi görürəm. Onu tanıdığıma peşman olan tək mən deyiləm”.
Xatırladaq ki, Bill və Melinda Qeyts cütlüyü 2021-ci ildə boşandıqlarını açıqlamış və uzun illər davam edən evliliklərini sonlandırmışdı. Boşanma zamanı cütlük böyük sərvətin bölüşdürülməsi ilə gündəmə gəlmişdi.
Son xəbərlər
Son Xəbərlər