“AzerGold” QSC fəaliyyətə başladığı dövrdən bu günədək (2016-2023-cü illərdə) mədən layihələrinin icrasına ümumilikdə 550 milyon manat investisiya yatırıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məbləğin cəmi 8%-i (45 milyon manat) dövlət büdcəsindən ayırmalar hesabına təmin edilib: “Bu, əsasən QSC fəaliyyətə başladığı ilk illərdə dövlət büdcəsindən ayrılmış vəsaitdir. İndiki məqamda dövlət büdcəsi hesabına maliyyələşmə əsasən yeni fəaliyyət sahəsi olan dəmir filizi layihələrinin icrası məqsədilə həyata keçirilir. Təkcə 2023-cü ildə mədən layihələrinə 157 milyon manat investisiya yönəldilib”.
***
Zakir İbrahimov bildirib ki, 2023-cü ildə “AzerGold” QSC-nin hasilat göstəriciləri 63,7 min unsiya qızıl təşkil edib: “Bu, fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir”.
Sədrin sözlərinə görə, eyni zamanda, ötən il 114,3 min unsiya gümüş hasilatı həyata keçirilib: “Beləliklə, qızıl hasilatı plandan 2 %, gümüş hasilatı isə 6 % artıq icra edilib. 2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatında 1,7 min unsiya və ya 3 % artım qeydə alınıb”.
O, həmçinin vurğulayıb ki, 2024-cü il üçün hasilat planı isə hesabat ilə müqayisədə 9 % daha artıq olmaqla 70 min unsiya qızıl, 27 % daha artıq olmaqla 156,8 min unsiya gümüş təşkil edir.
***
Z. İbrahimov 2023-cü ildə “AzerGold” QSC-nin əldə etdiyi iqtisadi gəlirlər fonunda dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənişlərin də davam etdirildiyini sözlərinə əlavə edib.
Onun sözlərinə görə, 2023-cü il ərzində “AzerGold” QSC və törəmə şirkətləri tərəfindən ümumilikdə 38,4 milyon manat vergi ödənilib: “Həmçinin hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 7,6 milyon manat ödəniş edilib”.
***
Zakir İbrahimov qeyd edib: “Biz fəaliyyətə başladığımız dövrdən Qarabağ və Şərqi Zəngəzurda qanunsuz istismar faktlarının araşdırılmasına da xüsusi diqqət ayırırıq”.
Onun sözlərinə görə, Ermənistan və bəzi Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə qurum fəaliyyətini bu gün də davam etdirir: “Vətən müharibəsindən daha əvvəl, 2018-ci ildə başlatdığımız bu proses torpaqlarımız düşmən işğalından azad edildikdən sonra daha geniş miqyas alıb. 2022-ci ildən “AzerGold” bu istiqamətdə fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə əməkdaşlıq şəraitində həyata keçirir. Həmçinin “AzerGold” QSC 2022-ci ildən Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli kəşfiyyat-axtarış işlərinə başlayıb. Axtarış işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır. Belə ki, biz “Tutxun” sahəsində 273 km2 ərazidə tədqiqat aparmağı planlaşdırsaq da, 2023-cü ilin sonuna qədər minalardan təmizlənmiş 57 km2 ərazidə geoloji axtarış işlərini icra etmişik. İlkin nəticələr kafidir, tədqiqatlar davam etdirilir. Cari il daha 32 km2 sahənin geoloji axtarış işləri üçün ayrılması nəzərdə tutulub”.
Z. İbrahimov əlavə edib ki, hazırda sözügedən ərazi ANAMA-nın mütəxəssisləri tərəfindən mina və digər partlamamış hərbi sursatlardan təmizlənir:
“Torpaqların minalardan təmizlənməsi ilə əlaqədar yaranan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə 2022-ci ildə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq tədqiqat ərazisində hiperspektral peyk çəkilişləri həyata keçirilib. Çəkilişlər Kəlbəcər rayonunu, eləcə də Laçın rayonunun bir hissəsini əhatə etməklə ümumilikdə 1624 km2 sahədə aparılıb. Bundan başqa, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq cəmiyyətimizin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub. 2022-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbii sərvətlərindən xalqımızın mənafeyi naminə istifadə edilməsi istiqamətində dövlətimizin yürütdüyü siyasətə “AzerGold” olaraq dəstəyimizi davam etdiririk”.
***
“AzerGold” QSC-nin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktoru Ceyhun Əliyev bildirib ki, dəmir filizi yataqlarının istismara verilməsi ilə 2047-ci ilədək ÜDM-ə 7.5 milyard manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır.
Onun sözlərinə görə, ölkənin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alınaraq minlərlə daimi iş yerinin açılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə əhəmiyyətli töhfənin verilməsi gözlənilir: “Müsbət iqtisadi və sosial təsirləri ilə yanaşı, burada hasil edilən filiz süxurlarında ortalama dəmir tərkibinin nisbətən aşağı olması, ölkəmizin okean sularına birbaşa çıxışının olmaması və digər faktorlar layihəni müəyyən qədər mürəkkəbləşdirsə də, layihəyə xarici investorlar tərəfindən kifayət qədər maraq göstərilir. Bu xüsusda layihənin yüksək investisiya dəyəri nəzərə alınaraq maliyyələşmədə dövlət büdcəsinə əlavə yük yaratmamaq üçün prosesə investorun cəlb edilməsi ilə bağlı hazırda bir sıra iri potensial partnyor şirkətlərlə danışıqlar davam etdirilir. Bütün maraqlı tərəflərin təklif və şərtləri qiymətləndirildikdən sonra layihənin ölkəmiz və xalqımız üçün ən əlverişli formada icrası təmin ediləcək”.
***
“AzerGold”a məxsus “Azerblast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev isə qeyd edib ki, Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunda fəaliyyətin ilkin mərhələsində yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14 min ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalı nəzərdə tutulub.
Onun sözlərinə görə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin ixrac potensialı nəzərə alınaraq növbəti mərhələdə zavodun illik istehsal həcminin maksimal həddə – 31.5 min tona çatdırılması planlaşdırılır:
“Müəssisənin təhlükə potensiallı istehsal sahəsi olduğu xüsusilə nəzərə alınaraq zavodda yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun texniki təhlükəsizlik tam təmin olunub. Layihəyə 15 milyon manat sərmayə qoyulub. İnşaat işlərinə 5.5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasıma 4 milyon manat vəsait sərf olunub. Layihə dövlət büdcəsinə əlavə yük yaradılmadan, təsisçilərin daxili imkanları hesabına icra edilib. Layihə üzrə nəzərdə tutulan digər vəsaitlər isə əməliyyat xərclərini təşkil edir”.
R.Baxşıyev, həmçinin əlavə edib ki, zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda yerləşməsi, həmçinin bölgədə iqtisadi aktivliyin, əhalinin məşğulluğunun artırılmasına əlavə töhfə verməkdir.
Gülnar Əliyeva