Builki qəbul imtahanlarında Bakı şəhəri üzrə 306 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında məlumat verilib.
Qeyd olunub ki, respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakının 17, 95, 129, 159, 247, 283, 313 saylı tam orta məktəbləri, 62, 83, 220, 261, 264 saylı məktəb-liseyləri, 287 saylı “Zəkalar” liseyi, 291 saylı Ekologiya liseyi, Texniki humanitar lisey, 160 saylı klassik gimnaziya və 147 saylı texniki-humanitar təmayüllü lisey daxil olub.
Azərbaycan bölməsi üzrə ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 292.462-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 6.2% yuxarıdır.
Rus bölməsi üzrə paytaxtın abituriyentlərinin göstəriciləri I-IV qruplarda fizika, kimya, biologiya və tarix fənlər üzrə respublikanın orta göstəricilərindən aşağıdır. Fərq fizikadan - 1.94%, kimyadan - 0.65%, biologiyadan - 0.99%, tarixdən - 2.43% təşkil edir. Şəhərin ana dili, ədəbiyyat, riyaziyyat və coğrafiya fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Ana dili, biologiya və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə ən yüksək göstəriciyə bərabərdir. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 285.458-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 1.2% yuxarıdır.
***
152 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunub ki, 2021-2022-ci tədris ilindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 152 nömrəli tam orta məktəb fəaliyyətə başlayıb.
Belə ki, təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən, 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən “Xabad-Or-Avner” məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir. Məktəbdə digər fənlərlə yanaşı, "Yəhudi mədəniyyətinin əsasları", “Yəhudi xalqının tarixi” də öyrədilir və ikinci xarici dil kimi ivrit dili (ibri dili) tədris edilir.
2021-2022-ci tədris ilində 152 nömrəli tam orta məktəbi 5 şagirdin bitirməsi nəzərdə tutulub. DİM tərəfindən təsdiq olunmuş cədvələ uyğun olaraq məzunların 5-i də buraxılış imtahanlarında iştirak edib və müvafiq bal toplayıb. Ötən tədris ilində məktəbin 6 məzunu olub. Onlardan 2-si Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə (Qurbanov Raul 276.5 bal toplayaraq “Beynəlxalq ticarət və logistika” ixtisasına, Mirzəmədov Eldar 328.8 bal toplayaraq “Marketinq” ixtisasına) qəbul olub. Digər məzun Beydullayev Ömər ali təhsilini Moskva Yəhudi Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə davam edir. Daha bir məzun Məmmədov Şahin isə təhsilini kollecdə davam edir. Beləliklə məzunların 50 %-i ali təhsil alırlar.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər