Bu ölkə də Hörmüzdə minatəmizləməyə qoşula bilər

bu-olke-de-hormuzde-minatemizlemeye-qosula-biler
Oxunma sayı: 755

Belçika Hörmüz boğazında təhlükəsiz gəmiçilik marşrutlarının bərpasını hədəfləyən beynəlxalq təşəbbüsə qatılmağa hazır olduğunu açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, ölkə mina təmizləmə və təhlükəsizlik tədbirlərində iştirak üçün müəyyən şərtlərin yerinə yetirilməsini vacib sayır.

Rəsmi mənbələr bildirir ki, Belçikanın bu prosesə qoşulması ilk növbədə bölgədə davamlı atəşkəsin təmin olunmasından və əməliyyatın aydın beynəlxalq mandat əsasında həyata keçirilməsindən asılı olacaq.

Hazırda Hörmüz boğazında gərginlik davam edir. İranla bağlı qarşıdurma səbəbindən regionda gəmiçilik əhəmiyyətli dərəcədə məhdudlaşıb ki, bu da qlobal enerji təchizatına təsir göstərir.

Bundan əvvəl Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və digər ölkələr də təhlükəsiz keçidin təmin olunmasına yönəlmiş oxşar təşəbbüslərdə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

Belçika hökuməti vurğulayır ki, mümkün iştirak hərbi əməliyyat kimi deyil, daha çox beynəlxalq təhlükəsizlik və logistika missiyası çərçivəsində qiymətləndirilir.

Məsələ ilə bağlı yekun qərarın yaxın günlərdə hökumətin əsas kabineti tərəfindən qəbul ediləcəyi gözlənilir.