Bu Rusiya vətəndaşları Estoniyaya buraxılmayacaq

bu-rusiya-vetendaslari-estoniyaya-buraxilmayacaq
Oxunma sayı: 1145

Gələn həftə, avqustun 15-dən etibarən Estoniya tərəfindən verilmiş Şengen vizası olan rusların bu ölkə ərazisinə girişi qadağan ediləcək.

“Qafqazinfo” “Delfi” nəşrinə istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reynsalu hökumətin iclasında məlumat verib.

Onun sözlərinə görə, vizalar qüvvədə qalacaq, lakin onların viza sahibləri ölkəyə giriş imkanını istisna edən sanksiyalara məruz qalacaqlar. İstisnalar aşağıdakı şəxslər üçün ediləcək:

 - diplomatik nümayəndəliyin əməkdaşları;

- beynəlxalq daşımalar sahəsində işçilər;

- səfərləri humanitar səbəblərlə bağlı olan şəxslər;

- Estoniyada yaşayan yaxın qohumlarını ziyarət edən şəxslər;

- Avropa İttifaqı daxilində sərbəst hərəkət etmək hüququ olan şəxslər.

Reynsalu vurğulayıb ki, Estoniyadan Şengen vizası almış Rusiya vətəndaşlarının böyük əksəriyyətinin ölkəyə girişi qadağan ediləcək, lakin bu tədbir digər Şengen ölkələri tərəfindən verilən vizalara şamil edilmir, çünki “bu aspekt gələn həftə daha ətraflı müzakirə olunacaq”.

XİN rəhbəri əlavə edib ki, hökumət də respublikada təhsil alan rusiyalı tələbələrlə bağlı qərara aydınlıq gətirib. Belə ki, təhsil müddətindən əvvəl vizası bitənlərin yaşama icazəsi daha bir il uzadılacaq: “Belə tələbələrin sayı təxminən 50 nəfərdir”.

Qeyd edək ki, Estoniya Latviya və Finlandiya ilə birlikdə rusların hava nəqliyyatı olmadığı halda quru sərhədi boyunca Aİ-yə daxil olduğu ölkələrdir.