“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir” - KİV

bu-sertler-altinda-istenilen-gorus-vaxt-itkisidir
Oxunma sayı: 543

İranın ABŞ ilə birbaşa danışıqlarda iştirak etməməklə bağlı qəti mövqeyi dəyişməz olaraq qalır.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, rəsmi Tehran masaya oturmaq üçün Vaşinqtonun yerinə yetirməli olduğu konkret ön şərtlər irəli sürüb.

Mənbənin bildirdiyinə görə, İrana qarşı tətbiq edilmiş dəniz blokadası hazırda hər hansı diplomatik təmas üçün əsas maneə kimi qiymətləndirilir:

“Bu mövqe vasitəçi rolunda çıxış edən Pakistan tərəfinə bildirilib. Pakistan rəsmiləri isə öz növbəsində bu şərti artıq ABŞ Prezidenti Donald Trampa çatdırdıqlarını bəyan ediblər”.

Nəşr yazır ki, Tehranın narazılığı həm də ABŞ-nin irəli sürdüyü “həddən artıq tələblər”lə bağlıdır:

“İran tərəfi hesab edir ki, ABŞ-ın hazırkı tələbləri mövcud reallıqdan uzaqdır, Vaşinqton bölgədəki yanlış hesablamalarını düzəltməlidir və bu şərtlər altında istənilən görüş sadəcə vaxt itkisidir”.

Mənbə onu da qeyd edib ki, İran rəsmiləri ABŞ-nin danışıqlar təklifini səmimi qəbul etmir və bunu dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş “aldadıcı oyun” hesab edirlər. Məlumata görə, Tehran hər hansı diplomatik nəticə əldə olunmayacağı təqdirdə hərbi toqquşmaya tam hazır olduğunu və geri çəkilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, İslamabaddakı diplomatik gərginlik fonunda hər iki tərəf hərbi hazırlıq səviyyəsini artırıb və regionda böyük müharibə riski hələ də yüksək olaraq qalır.