“İl ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, hazırda istedadı olan idmançı 14-15 yaşına çatanda valideyn yol ayrıncında qalır: “Ali məktəbə qəbul üçün əlavə hazırlıq məsələsi gündəmə gəlir. Hesab edirəm ki, bu, ədalətli deyil. Nəzərə almaq lazımdır ki, bütün ölkələrdə idman peşəkar sahəyə çevrilib. İstedadlı idmançı artıq yeniyetmə yaşlarında intensiv məşqlərə hazırlaşmalıdır”.
O qeyd edib ki, ali təhsil müəssisələrində idman həyatı ilə bağlı müəyyən addımlar atılmalıdır: “Burada söhbət böyük rəqəmlərdən getmir. Artıq ali təhsil müəssisələrində qəbul sayı 50 mindən artıqdır. Bu sayın da 60 minə yaxınlaşması nəzərdə tutulur. İl ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. Bununla həm idmanın inkişafına, həm də Azərbaycan bayrağını yüksəklərə qaldırmağa töhfə vermiş olarıq”.
***
Məsələyə millət vəkili Ceyhun Məmmədov münasibət bildirib: “Elm və təhsil naziri Emin Əmrullayev idmançıların müsabiqədənkənar ali məktəblərə qəbul edilməsi ilə bağlı təklif irəli sürüb. Bildirim ki, Azərbaycan reallığında bunu etsəniz, neqativ halların qarşısını ala bilməyəcəksiniz”.
Deputat vurğulayıb ki, ölkə reallığında bunu etmək düzgün olmayacaq: “Hər il onlarla şəxs övladlarının ali məktəblərə qəbul olması ilə bağlı rektorlarla görüşməyimi istəyir. Amma mən bunu etməmişəm, etmərəm də. İndi sizin təklifinizlə həmin şəxslər üçün daha əlverişli şərait yaradılacaq”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər