Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi qaydası dəyişir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib olunan akt əsasında həyata keçiriləcək.
Malların müvəqqəti saxlanc anbarlarında qalma müddəti onların xüsusiyyətləri nəzərə alınmaqla gömrük orqanları tərəfindən 1 (bir) aydan çox olmayan müddətdə müəyyən ediləcək.
Fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən artıq gətirilən və təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan qida məhsullarının müvəqqəti saxlanc anbarında yerləşdirilməsinə yol verilmir. Bu halda mallar şəxsin seçimi əsasında gömrük ərazisindən geri qaytarılmalı, yaxud gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə məhv edilməlidir.
Gömrük ərazisinə gətirilməsi qadağan edilən malları gömrük ərazisindən dərhal çıxarmaq mümkün olmadıqda, həmin malların müvəqqəti saxlanc anbarında saxlanc müddətinin son həddi 3 (üç) sutkadır.
Malların müvəqqəti saxlanc anbarında qalma müddətində fiziki şəxslər aşağıdakı hüquqlara malikdirlər:
- Tələb olunan gömrük ödənişlərini ödəməklə, həmçinin “Lisenziyalar və icazələr haqqında” Qanunda nəzərdə tutulduqda müvafiq lisenziya və ya icazə sənədini təqdim etməklə malları götürmək;
- Malları gömrük ərazisindən geri qaytarmaq;
- Mallardan dövlətin xeyrinə imtina etmək.
- Malların müvəqqəti saxlanc anbarında saxlancına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə gömrük yığımı ödənilir.
- Bu Məcəllənin 306-1.2-ci və 306-1.4-cü maddələrində nəzərdə tutulmuş saxlanc müddətinin son həddi keçmiş mallar barəsində sərəncam verilməsi bu Məcəllənin 57-ci fəsli ilə tənzimlənir.
- Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi barədə aktın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər