Bu xidmətlərdən aylıq istifadə edənlərin sayı 1 milyonu keçib

bu-xidmetlerden-ayliq-istifade-edenlerin-sayi-1-milyonu-kecib
Oxunma sayı: 517

“Ötən dövr ərzində fəaliyyətimiz rəqəmsal inkişaf konsepsiyasının icrasına fokuslanıb. 25 dövlət qurumu ilə 17 yol xəritəsi hazırlanıb. Bir sıra layihələr artıq yekunlaşıb. TƏBİB, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər qurumlarla birgə xidmətlər artıq rəqəmsallaşdırılıb, digər qurumlarla da bu istiqamətdə iş gedir”.

“Qafqazinfo” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.

2025-ci il üzrə göstəricilərə nəzər salan F.Osmanov qeyd edib ki, “Mygov” platforması üzrə vətəndaşlara 400-dən çox xidmət təqdim olunur: “2025-ci ildə bu xidmətlərdən aylıq istifadə edənlərin sayı 1 milyonun üzərindədir. Ailə vəziyyəti haqqında, məhkumluq haqqında və digər arayışların verilməsi, işə götürülərkən elektron müqavilələrin imzalanması və s. bu xidmətlərə daxildir. Vətəndaş öz məlumatlarını öz razılığı əsasında üçüncü tərəfə ötürə bilir”.

Fərid Osmanov bu il sənəd dövriyyəsinin rəqəmsal formada aparıldığını, bununla da 5700 ağaca qənaət olunduğunu bildirib: “2025-ci il ərzində rəqəmsal hökumətə inteqrasiya edən qurumların sayı 1319 olub. Ümumilikdə 31 milyon sənədə qənaət edilib”.

F. Osmanov qeyd edib ki, rəqəmsal və kağızsız hökumət konsepsiyası çərçivəsində dövlət qurumları arasında kağızsız proseslərin tam rəqəmsal formada həyata keçirilir. Artıq dövlət qurumları arasında yazışmalar müvafiq sistem vasitəsilə təmin olunur və tam olaraq 100% elektron formada həyata keçirilir:

“Bu gün “mygov” platformasına inteqrasiya edilərək vətəndaşların dövlət qurumlarına rəsmi məktub göndərilməsi və müvafiq cavab məktublarının əldə edilməsi təmin edilib və eyni zamanda rəqəmsal sənəd dövriyyəsi sistemi vasitəsilə biznes subyektlərinin də inteqrasiyası prosesinə başlanılıb ki, ötən dövrdə artıq 17 universitet və təhsil ocağı, eyni zamanda 16 biznes subyekti artıq rəqəmsal sənəd dövriyyəsinə inteqrasiya edərək dövlət qurumları ilə yazışmaları tam kağızsız formata keçirib”.

Gülnar Əliyeva