“Bu yaşamaq deyil ki, sürünməkdir, əzizim”

bu-yasamaq-deyil-ki-surunmekdir-ezizim
Oxunma sayı: 3464




Mən xoşbəxt deyiləm ki...

Mən xoşbəxt deyiləm ki... 

Sadəcə xoşbəxt kimi, 

Görünürəm əzizim...


Yaşaya bilmirəm ki... 

Yaşamağa can atıb, 

Sürünürəm əzizim...


Bu yaşamaq deyil ki?!

 Sənsizlik elə bil ki, 

Qanadları qırılan,

 Zirvələrdən atılan, 

Quş olmaqdır əzizim...


İçin-için ağlayıb, 

Boşalmaqdır əzizim...


Bu yaşamaq deyil ki?!


Getməyinə səbəb var...

 Məndən uzaqlaşırsan,

 Sonuma cixmaq üçün...


Mənsə vaxt ayırmışam,

 Bir az səni düşünmək, 

Bir az darıxmaq üçün...


Səndən sonra dedilər, 

Ağlını yığ başına, 

Get özünə gün ağla... 

Mən də əməl edirəm...

İndi keçir hər günüm,

 Hər gecəm ağlamaqla...


Bu yaşamaq deyil ki... 

Yaşayan adam kimi, 

Görünməkdir əzizim...


Əslində bunun adı, 

Sürünməkdir əzizim..


Sənsizliklə bacarmıram...

Mən yaxşıyam... 

Yavaş-yavaş öyrəşirəm tənhalığa... 

Yavaş-yavaş barışıram qismət ilə...

 Kədər ilə, həsrət ilə... 

Bir az soyuq davranıram axan ilıq göz yaşımla. 

Axır-axır, silmirəm heç.. 

Hardan gəlir, hara gedir, bilmirəm heç... 

Doğrusunu desəm əgər, vaxtım yoxdur...

 Zaman azdır, fikir çoxdur... 

Əşşi nəysə... 

Bax beləcə yaşayıram... 

Amma təkcə, 

Amma təkcə... 

Sənsizliklə bacarmıram... 

Bacarmıram...


Yadındadır? 

Yaman tənbəl idim, yaman... 

Səhər tez oyanmağı da,

 Bacarmırdım heç o zaman...

 İndi saatı qururam, 

Bir kənarda otururam... 

Hey baxıram... 

Hey baxıram... 

Yuxum üçün darıxıram...

 Saniyələr qovha-qovda, Saat qaçaq... 

Başı qaçmağa qarışan saat məni, 

Görən necə oyadacaq? 

Nə qəribə sualdır bu? 

Axtardığım cavab budur...

 O cihazdır,o qurğudur... 

Saat insan deyil axı... 

O unutqan deyil axı...

Yenə boş-boş danışıram. 

Əşşi nəysə... 

Bax beləcə yaşayıram... 

Amma təkcə, 

Amma təkcə...

Sənsizliklə bacarmıram...

Bacarmıram...

Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.