Cənubi Koreya prezidentinə qarşı impiçment proseduru başladıldı

cenubi-koreya-prezidentine-qarsi-impicment-proseduru-basladildi
Oxunma sayı: 1384

Cənubi Koreyada altı müxalif partiya Prezident Yun Sok Yola qarşı impiçment prosedurunu başladıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi yayıb. 

Qaydalara əsasən, impiçment ilə bağlı təklifə səsvermə məsələsinin plenar iclasda nəzərdə keçirilməsindən sonra 24-72 saat ərzində baş tutmalıdır. Sözügedən plenar iclas isə dekabrın 5-i axşam saaatlarında keçirilməlidir. Bu isə o deməkdir ki, impiçmentlə bağlı səsvermə dekabrın 6-da və yaxud 7-də baş tutacaq.

Prezidentə impiçment elan etməklə bağlı təklif sənədini 191 deputat dəstəkləyib. 

Qeyd edək ki, ümumilikdə ölkə parlamentində 300 yer mövcuddur, onlardan 108-nə prezidentin “Vətəndaş gücü” partiyası nəzarət edir. İmpiçment üçün deputatların üçdə ikisinin səsi tələb olunur. Təşəbbüs kifayət qədər səs toplayarsa, məsələ baxılması üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Bu zaman isə 9 hakimdən 6-sı Yun Sok Yolun hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləməlidir. Məsələ Konstitusiya Məhkəməsində baxılarkən prezidentin səlahiyyətləri dayandırılacaq və onun öhdəliklərini baş nazir icra edəcək. 

Onu da xatırladaq ki, dünən Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib. Hərbi vəziyyətin ləğv edilməsinə isə 190 deputat səs verib.