İlk dəfə kamera görürlər... - Reaksiyaları gündəm oldu - Video

ilk-defe-kamera-gorurler
Oxunma sayı: 1728

Dünyanın ən böyük və ən təcrid olunmuş Amazon qəbilələrindən birinə aid, indiyədək gizli saxlanılan yüksək keyfiyyətli görüntülər ilk dəfə ictimaiyyətə təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, amerikalı təbiət mühafizəçisi və yazıçı Pol Rosoli tərəfindən paylaşılan kadrlarda ox və yayla silahlanmış qəbilə üzvlərinin meşədən sahilə doğru ehtiyatla irəlilədiyi görünür.

Kəpənəklərlə əhatə olunmuş qəbilə üzvləri uzaqdan gördükləri yad insanları diqqətlə müşahidə edir, bir-birlərinə mümkün təhlükə barədə işarələr verirlər. İlkin gərginlik hissi qısa müddət sonra gözlənilmədən azalır: qəbilə üzvləri silahlarını yerə qoyur, üz ifadələri yumşalır və bəziləri gülümsəməyə başlayır.

Bu nadir görüntülər Pol Rosolinin Leks Fridmanla podkastı zamanı paylaşılıb. Təxminən 20 ildir Amazon bölgəsində çalışan Rosoli bu anı həyatının ən təsirli təcrübələrindən biri kimi dəyərləndirib.

“Bu görüntüləri izləmədən baş verənləri tam anlamaq çətindir. Bu cür çəkilişlər indiyədək heç vaxt yayımlanmayıb və dünyada ilk dəfədir görülür”, – deyə o bildirib.

Rosoli qeyd edib ki, indiyədək təcrid olunmuş qəbilələrlə bağlı yayılan görüntülər, əsasən, uzaq məsafədən və aşağı keyfiyyətli kameralarla çəkilmişdi. Bu çəkilişlər isə müasir avadanlıqla və daha yaxından lentə alınıb.

Qarşılaşma zamanı qəbilə üzvlərinin bədən dilini diqqətlə izlədiyini deyən Rosoli əvvəlcə böyük narahatlıq hiss etdiyini etiraf edib:

“Onların hərəkətlərini izləyirdim və düşünürdüm ki, ox hansı tərəfdən gələ bilər. Lakin məsafə azaldıqca vəziyyət dəyişdi. Silahlarını yerə qoymaları həlledici an idi. Bu, bizi anladıqlarını göstərirdi”, – deyə o əlavə edib.

Amazon yağış meşələrində yaşayan Maşko Piro qəbiləsi son illərdə bölgədə ağac kəsmə fəaliyyətlərinin artması səbəbindən xarici aləmlə daha tez-tez üz-üə qalırlar. Meşələrin sənaye məqsədilə istismarı qəbilə torpaqlarına yaxınlaşmanı artırır və təsadüfi təmas riskini yüksəldir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür qarşılaşmalar təcrid olunmuş qəbilələr üçün son dərəcə təhlükəlidir. Xarici dünya ilə təmas onların immunitetinin olmadığı xəstəliklərin yayılmasına və hətta qəbilələrin tamamilə yox olmasına səbəb ola bilər.

Qonşu yerli icma Yinenin lideri Enrike Anez vəziyyəti “çox narahatedici” adlandırıb:

“Onlar ciddi risk altındadırlar. Ağackəsmə texnikası qəbilə torpaqlarına yaxın ərazilərdə meşədə yollar açır”.

Bildirilir ki, qəbilənin əcdadlarından qalma sıx meşəlik ərazilər daraldıqca, bu cür təhlükəli təmasların sayı da artacaq.