Coşqun müəllimin şagirdləri “Trendyol” və “PAŞA Holding”in təşəbbüsü ilə Bakıda - Bu uşaqları tanıdınız?

cosqun-muellimin-sagirdleri-trendyol-ve-pasa-holdingin-tesebbusu-ile-bakida
Oxunma sayı: 398

Alaqaranlıqda Şabranın ucqar dağ kəndindən yola çıxan avtobus səhər tezdən Bakıya çatır. Rayonun Qazbabalı, Yenikənd, Əmirxanlı kəndlərindən olan 20-dən çox məktəbli “Trendyol”, “PAŞA Holding” və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Bakıda təşkil olunmuş əyləncəyə tələsirlər. 

“Qafqazinfo” xəbər verir ki, təşəbbüs çərçivəsində müəllim və valideynləri ilə paytaxta qonaq gələn uşaqların bir çoxu Bakını ilk dəfə idi görürdü. Onları gün ərzində maraqlı robotexnika və texnologiya master-klasları, şəhərin görməli yerlərinə səyahət və əyləncə mərkəzində yaddaqalan gün gözləyirdi. 

Əvvəlcə ondan başlayaq ki, bu uşaqları bizim oxucularımız 3 il əvvəl “Təhsildən 130 km uzaqda...” adlanan reportajımızdan yaxşı tanıyır. Aradan illər keçib, sözsüz ki, böyüyüb, xeyli bilik və təcrübə qazanıblar. Əksər dağ kəndləri kimi normal infrastrukturu - asfalt yolu, içməli suyu olmayan, cəmi 4 illik ibtidai məktəbi olan Qazbabalıya elm aparan Coşqun müəllim elə ondakı kimi indi də sevimli şagirdlərinin yanında idi. Hazırda ibtidai sinfi tamamlayanlara 5 km aralıda yerləşən qonşu kənd məktəbində təhsilini davam etdirmək üçün avtobus ayrılıb. O şagirdlərin bəziləri artıq öz təhsillərini məktəbdə davam edirlər, amma bununla belə həm də Coşqun Eldaroğlunun təmənnasız keçdiyi dərslərə qatılırlar. 

Artıq 5 illik zəhmət öz bəhrəsini verir, bu şagirdlər arasında eksternat imtahanı verərək attestat alanlar da var. Coşqun müəllim deyir ki, bərabər təhsil imkanları olmasa da, oxumağa, öyrənməyə, elmə qarşısı həvəsləri olan bu uşaqlar texnikum, kollecdə oxumaq yox, məhz ali təhsil almaq istəyirlər. Bugünkü səyahət də onların həyatında böyük motivasiya olacaq. Ən gözəl paltarlarını, ayaqqabılarını geyinib, bəzənib gələn uşaqların gözlərində elə məsum parıltı var idi ki, heyran olmamaq mümkün deyildi. Yaşadıqları kənddə normal təhsil imkanları olmadığından, bəlkə də, çoxu robotexnikadan məlumatlı deyildi. Ona görə də olmaq istədikləri daha çox klassik peşələr idi: müəllim, həkim, polis... 

Amma bununla belə çox həvəslə sxemlər qurur, master-klaslarda aktiv iştirak edirdilər. 

9 yaşlı Rüqəyya və 7 yaşlı bacısı Rahilə birgə düzəltdiyi tozsoran robotu bizə nümayiş etdirir: “Bacımla bir yerdə düzəltmişik. Çox maraqlıdır, xoşuma gəldi. Özüm bunu düzəltmək istəyirdim. ...Bakı çox xoşuma gəlir, bir dəfə də Coşqun müəllim bizi gətirmişdi, indi ikinci dəfədir gəlirəm. Burada parklar, binalar çox xoşuma gəlir. İndi 3-cü sinifdə oxuyuram, kəndimizdə məktəb 4 illikdir. Oranı qurtarandan sonra gələn il Əmirxanlı məktəbinə gedəcəyəm. Çox istəyirəm oxuyum, böyüyəndə diş həkimi olum”. 

Vaxtilə reportaj hazırladığımızda bizə polis olacağını deyən Hüseyn, bizimlə həmkar olmaq istəyən Fatimə ilə də burada yenidən qarşılaşırıq. Fikirlərinin dəyişib-dəyişmədiyini soruşuruq, məlum olur ki, yenə əvəlki kimi polis və jurnalist olmaq arzuları uğunda mübarizəyə davam edirlər. Amma bugünkü master-klaslar da onlara olduqca maraqlı və əyləncəli gəlir. 

Düzəltdiyi qurğunu həvəslə göstərən Məkan Quliyevi izləyirik. Sxemi kompüterə qoşur və işıqlar yanıb-sönməyə başlayır. Bu qədər həvəsli görünməsindən kodlaşdırmaya meyilli olduğunu düşünürük. Amma yanılmışıq, məlum olur ki, 13 yaşlı Məkan böyüyəndə həkim olmaq arzusundadır. Özü də göz həkimi. Quraşdırdığı sxemi təqdim etdiyi kimi seçdiyi sahəni də özünəməxsus şəkildə əsaslandırır. Deyir ki, istəyirəm insanlar kor olmasınlar. 

Ən çox həvəsli görünənlərdən biri də Dünyamalıdır. Təlimçilərin dəstəyi ilə özünün ilk robotunu hazırlayan məktəbli ona verilən tapşırıqları can-başla icra edir. 

Ucqar dağ kəndində yaşamaqlarına baxmayaraq, uşaqların hamısının texnologiya, yaradıcılıq təcrübəsinə əlləri yatır. Bunu təlimçilər də təsdiqləyirlər. Onlar da bugünkü master-klasdan elə uşaqlar qədər zövq alıblar. Sadə robotların hazırlanması, sensor texnologiyaları və kodlaşdırmanın əsasları ilə tanış olan uşaqlar çoxlu praktik bacarıqlar əldə ediblər. 

Təlimin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunur. 

Daha sonra Şabranın kiçik sakinləri İçərişəhər turunda Azərbaycanın tarixi-mədəni irsi ilə yaxından tanış olmaq imkanı qazanıblar. Gün müasir əyləncə mərkəzlərindən birində ən gözəl təəssüratlarla başa çatıb. Hava qaralanda isə gəldikləri avtobus onları yenidən dağların qoynuna geri qaytarır. Yəqin ki, bu gediş daha möhtəşəm dönüşlər üçün vəsilə, bu təşəbbüs onların həyatında yaxşı başlanğıcın əsası olacaq. Hansı sənəti seçmələrindən asılı olmayaraq, texnoloji imkanlar və robotexnika ilə tanışlıq onların həyatında dərin iz qoyacaq. 

Gülnar Əliyeva