Çovdarov məhkəməyə xərəkdə gətirildi - Yenilənib

covdarov-mehkemeye-xerekde-getirildi
Oxunma sayı: 10979

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırlıq iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Proses saat 11-ə təyin olunsa da, hələ də başlamayıb.

Səlim Məmmədovun vəkili Cavid Rzazadə bildirib ki, prosesdə fasilə elan olunub. Buna səbəb A.Çovdarovun məhkəməyə gətirilməməsi olub: "Akif Çovdarovun səhhəti ilə bağlı problemləri var. Hazırda təcridxanada bir neçə həkim onun müayinə və müalicəsi ilə məşğul olur. Mümkün olarsa, günortadan sonra Akif Çovdarov məhkəməyə gətiriləcək".

Prosesdə bu gün saat 12:30-a qədər fasilə elan olunub.

***

Akif Çovdarov məhkəməyə gətirilib, proses başlayıb. Məhkəmə prosesində Akif Çovdarov xərəkdə uzanıqlı vəziyyətdə olub, zalda həkim nəzarəti altında saxlanılır. Məhkəmə davam edir.

***

Vəkil Kamandar Nəsibov açıqlamasında deyib ki, prosesdə məhkəmə tərkibinə etiraz etmək istəsələr də, buna imkan verilməyib: "Biz vəsatəti təqdim edərkən hakimlər durub zaldan çıxdılar. Müşavirəyə getdiklərini dedilər. Məhkəmə birmənalı olaraq kiminsə sifarişini yerinə yetirir. Hakim özü də görür ki, Akif Çovdarovu 4-5 nəfər qoluna girib zorla zala gətirib. Etirazı təqdim etməyimizə imkan verilmədiyi üçün digər vəsatətləri də verə bilmədik".

Zərərçəkmiş Mübariz Məmmədovun mülki iddiadan imtina etməsi barədə ərizəsi qəbul edilib, lakin onun adının zərərçəkmişlərin siyahısından çıxarılması barədə ərizəsi qəbul edilməyib: "Məhkəmə onu zorla zərərçəkmiş şəxs kimi təqdim edir".

Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Məhkəmə prosesi noyabrın 14-də davam etdiriləcək.

Murad Əhməd