Dağ başında qalsalar - Xilas üçün pul ödəməli olacaqlar

dag-basinda-qalsalar
Oxunma sayı: 644

2027-ci ildən etibarən qeyri-mövsüm dövründə Yaponiyanın Fuci dağından helikopterlə xilas edilən turistlər bu xidmətə görə ödəniş etməli olacaqlar. 

“Qafqazinfo” “BBC News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Yamanasi prefekturasının rəhbərliyi qərar qəbul edib.   

Yeni qaydaların dağa riskli və zəif hazırlıqlı qalxma hallarının sayını azaltmağa yönəldiyi bildirilir. 

Helikopterlə xilas xidmətinin qiyməti hələlik müəyyən edilməsə də, bunun hər beş dəqiqə iş üçün 8000 yen (təxminən 87 AZN) olacağı təxmin edilir. 

Qeyd edək ki, hündürlüyü 3776 metr olan Fuci dağının zirvəsinə hər il təqribən 200 min nəfər qalxır. Dağa qalxma mövsümü iyuldan sentyabrın əvvəlinə qədər davam edir. Mövsümlərarası dövr isə sentyabrın əvvəlindən növbəti ilin iyuluna qədər davam edir. Bu müddətdə dağa qalxma qadağan edilməsə də, hakimiyyət turistlərə belə cəhdlər etməməyi tövsiyə edir. Mövsümlərarası dövrdə hava şəraiti və marşrutların vəziyyəti xeyli daha sərt olur, dağ sığınacaqlarının və tualet otaqlarının əksəriyyəti isə bağlanır.